Xocalı ağrısından Xocalı qüruruna
Xocalı Azərbaycan xalqının yaddaşında xüsusi yeri olan şəhərlərdən biridir. Bu ad uzun illər xalqımız üçün böyük bir faciənin, ağır itkilərin və yarımçıq qalmış ədalət hissinin ifadəsi olub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc əhaliyə qarşı törədilən qətliam Azərbaycanın yaxın tarixində ən ağır faciələrdən biri kimi yadda qaldı. Şəhərin işğalı ilə Xocalı sakinləri doğma yurdlarından didərgin düşdü, Xocalı adı isə illər boyu faciənin xatirəsi ilə yanaşı, ədalət çağırışının da simvoluna çevrildi.
Lakin Xocalı ilə bağlı tarix yalnız faciədən ibarət deyil. Xocalının azad edilməsi Azərbaycan xalqının illərlə gözlədiyi tarixi günün gerçəkləşməsi oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, Azərbaycan Ordusunun gücü və qəhrəmanlığı nəticəsində 2023-cü ilin sentyabrında dövlət suverenliyimiz tam bərpa edildi və Xocalı da azadlığına qovuşdu. 15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyevin Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması bu tarixi hadisənin rəmzinə çevrildi. Prezident həmin gün Xocalıda Bayrağın dalğalanmasını faciə qurbanlarının qanının yerdə qalmadığının göstəricisi kimi qiymətləndirmişdi.
Xocalının azadlığı bu baxımdan sadəcə ərazi üzərində nəzarətin bərpası deyildi. Bu, xalqımızın uzun illər daşıdığı ağrının, doğma yurda qayıtmaq arzusunun və ədalət gözləntisinin tarixi cavabı idi. Prezident İlham Əliyevin 2024-cü ildə Xocalı Soyqırımı Memorialının təməlqoyma mərasimində qeyd etdiyi kimi, Xocalı azad olunmadan Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu hesab etmək mümkün deyildi. Dövlət başçısı həmin çıxışında Xocalı qurbanlarının qisasının döyüş meydanında alındığını və tarixi ədalətin bərpa edildiyini vurğulamışdı.
Xocalının azad olunmasından sonra şəhərin qarşısında yeni vəzifələr yarandı. İndi əsas məqsəd uzun illər həyatın dayandırıldığı bu məkanda yenidən yaşayışın bərpası, insanların doğma yurdlarına qayıtması və şəhərin müasir tələblər əsasında yenidən qurulmasıdır. Qısa müddətdə həyata keçirilən işlərin miqyası Xocalının artıq yeni inkişaf mərhələsinə daxil olduğunu göstərir. 2024-cü il mayın 28-də Xocalı şəhərində 15 çoxmənzilli binadan ibarət yaşayış kompleksində təmir və yenidənqurmadan sonra yaradılmış şəraitlə tanışlıq keçirildi. Üçmərtəbəli binalarda 180 mənzil yaradılıb, ərazidə sakinlərin rahatlığı üçün uşaq oyun meydançaları, idman qurğuları və digər imkanlar formalaşdırılıb. Həmin gün Xocalıya köçən sakinlərlə görüş də keçirildi.
Xocalıda bərpa prosesi yalnız şəhərin özünü əhatə etmir. Rayonun kəndlərində də yaşayış məntəqələrinin yenidən qurulması, fərdi evlərin və infrastrukturun bərpası, insanların mərhələli şəkildə doğma yurdlarına qayıtması təmin olunur. Təzəbinə və Xanyurdu kəndlərində görülən işlər bunun konkret nümunələridir. 2025-ci ilin iyulunda Təzəbinə kəndində fərdi evlərin və infrastrukturun bərpası ilə bağlı işlərə baxılıb, Xanyurdu kəndində isə artıq sakinlərin qayıdışı başlayıb. Xanyurduda elektrik, qaz, su və rabitə infrastrukturu yenilənib, sosial şəraitin müasir tələblərə uyğunlaşdırılması istiqamətində işlər davam etdirilib.
Xocalının yenidən qurulmasının mühüm tərəflərindən biri də burada iqtisadi həyatın canlandırılmasıdır. Çünki şəhərin dirçəlişi yalnız yaşayış evlərinin tikilməsi ilə tamamlanmır. İnsanların burada işləməsi, istehsal sahələrinin yaradılması, iqtisadi fəallığın artırılması və yeni məşğulluq imkanlarının formalaşdırılması da Böyük Qayıdışın davamlılığını təmin edən əsas amillərdəndir. Bu baxımdan Prezident İlham Əliyevin səfərləri zamanı Xocalıda istifadəyə verilən və təməli qoyulan müxtəlif müəssisələr xüsusi əhəmiyyət daşıyır.
2025-ci il mayın 9-da “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin, Xanabad kəndində heyvandarlıq kompleksinin istifadəyə verilməsi, həmin ilin iyulunda Xocalı kərpic zavodunun açılması iqtisadi və infrastruktur quruculuğunun genişləndiyini göstərdi. Daşbulaq kəndində yaradılan kərpic zavodunda müasir texnologiyaların tətbiqi ilə istehsalın təşkili və yeni iş yerlərinin yaradılması Xocalının iqtisadi həyatının da bərpasına xidmət edir.
Bu proses 2026-cı ildə də yeni layihələrlə davam edib. Mayın 28-də Xocalıda “Qarabağ Tekstil Evi”nin açılışının keçirilməsi şəhərdə istehsal və məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində növbəti addım oldu. Müasir texnologiyalar əsasında fəaliyyət göstərəcək müəssisədə müxtəlif tekstil məhsullarının istehsalı nəzərdə tutulur. Eyni səfər çərçivəsində hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə də tanışlıq keçirilib.
Xocalının yenidən qurulması ilə bağlı diqqət çəkən digər məqam tarixi yaddaşın qorunmasıdır. Burada quruculuq yalnız yeni binaların, yolların və müəssisələrin yaradılması ilə məhdudlaşmır. Xocalının keçmişi, faciənin qurbanları və həmin hadisələrin gələcək nəsillərə çatdırılması da yeni Xocalının ayrılmaz hissəsi kimi formalaşdırılır. 2024-cü il fevralın 26-da Xocalı Soyqırımı Memorialının təməli qoyuldu, 2026-cı il fevralın 26-da isə Memorialın açılışı keçirildi. Memorialın yaradılması faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədi daşıyır.
Bütün bunlar Xocalının taleyində baş verən böyük dəyişiklikləri aydın şəkildə göstərir. Vaxtilə biz Xocalı faciəsinin ildönümünü ağır hüzn və dərin kədər hissi ilə qeyd edir, itirdiyimiz insanların xatirəsini anır, doğma şəhərin azad olunacağı günü gözləyirdik. Bu gün isə həmin şəhərin azadlığına qovuşmasının yaratdığı qürur hissi ilə yanaşı, Xocalı şəhəri Gününü də qeyd edirik. Bu tarixin təsis olunması Xocalı üçün xüsusilə böyük məna daşıyır. Çünki Xocalının adı artıq yalnız faciə ilə bağlı xatırlanmır. Xocalı bu gün azadlığın, dövlət suverenliyinin, tarixi ədalətin bərpasının və Böyük Qayıdışın ünvanlarından biridir. Faciənin ildönümündə xalqımız qurbanların xatirəsini ehtiramla yad edirsə, 20 Sentyabrda azad Xocalının qarşısında yeni həyatın qurulmasını, insanların doğma yurda dönüşünü və şəhərin gələcəyə doğru inkişafını qeyd edir.
Xocalıda bu gün ucalan yeni binalar, yenilənən küçələr, istifadəyə verilən müəssisələr, qayıdan sakinlər və qorunan tarixi yaddaş bir həqiqəti ortaya qoyur: Xocalı artıq yalnız keçmişin ağrısı ilə deyil, gələcəyin quruculuğu ilə də xatırlanır. Şəhərin azad edilməsi ilə Azərbaycanın dövlət bayrağı burada yenidən dalğalanmağa başladı, aparılan bərpa və quruculuq işləri ilə isə Xocalının həyat ritmi tədricən geri qayıdır. Bu mənzərə 20 Sentyabr – Xocalı şəhəri Gününün mahiyyətini də daha aydın ifadə edir: tariximizin ağrılı səhifələri unudulmur, lakin azad edilmiş torpaqlarda həyat və gələcək inamla yenidən qurulur.
Fəxrəddin Vəliyev,
Salyan rayon Kürqaraqaşlı bələdiyyəsinin sədri, Qarabağ Müharibəsi iştirakçısı, YAP fəalı