Zəfərlə başlayan tarixi mərhələ
Azərbaycanın müasir tarixində dövlət suverenliyi anlayışının xüsusi məna kəsb etməsinin əsas səbəblərindən biri uzun illər ərzində ölkəmizin ərazi bütövlüyünün pozulması və işğal faktı ilə üzləşməsi idi. 30 ildən çox davam edən işğal Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində dövlət hakimiyyətinin həyata keçirilməsinə imkan verməmiş, yüzlərlə yaşayış məntəqəsinin dağıdılması, əhalinin öz doğma yurdlarından didərgin salınması ilə nəticələnmişdi. Bu dövr ərzində Azərbaycan öz ərazi bütövlüyünün bərpasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirdi və bunun üçün siyasi, iqtisadi və hərbi imkanlarını ardıcıl şəkildə gücləndirdi.
2020-ci ildə Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfər həmin uzunmüddətli mübarizənin mühüm nəticəsi oldu. Azərbaycan Ordusunun hərbi uğurları nəticəsində ərazilərimizin böyük hissəsi işğaldan azad edildi, üçtərəfli Bəyanatla Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin olundu. Bununla yanaşı, müharibədən sonra qarşıda yeni vəzifələr meydana çıxdı. Söhbət artıq yalnız işğaldan azad edilmiş ərazilərin bərpasından deyil, həmin ərazilərdə dövlət hakimiyyətinin və təhlükəsizlik sisteminin tam şəkildə təmin edilməsindən gedirdi.
Bu baxımdan 2020-ci ilin Zəfərindən sonra atılan addımlar Azərbaycanın öz ərazisi üzərində nəzarətinin mərhələli şəkildə möhkəmləndirilməsinə yönəldi. Dövlət sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi, qanunsuz fəaliyyətlərin qarşısının alınması və ərazilərdə dövlət qurumlarının fəaliyyətinin genişləndirilməsi bu prosesin mühüm istiqamətlərini təşkil edirdi. Bu mərhələdə Laçın istiqamətində baş verən hadisələr xüsusi əhəmiyyət daşıyırdı.
2023-cü il aprelin 23-də Azərbaycan–Ermənistan sərhədində, Laçın istiqamətində nəzarət-buraxılış məntəqəsinin yaradılması dövlət suverenliyinin təmin olunması yolunda mühüm addımlardan biri oldu. Azərbaycan bununla beynəlxalq səviyyədə tanınmış dövlət sərhədinin öz ərazisində nəzarətdə saxlanılması və sərhəddən keçid prosesinin tənzimlənməsi istiqamətində konkret mexanizm formalaşdırdı. Bu addım dövlətin öz sərhədində qanuni nəzarət həyata keçirməsinin təzahürü olmaqla yanaşı, regionda yaranmış yeni reallıqların mühüm göstəricisinə çevrildi.
Laçın nəzarət-buraxılış məntəqəsinin yaradılması həm də 2020-ci ildən sonra formalaşan proseslərin məntiqi davamı idi. Çünki ərazi bütövlüyünün bərpası dövlət suverenliyinin təmin olunması üçün əsas zəmin yaratsa da, suverenliyin tam həyata keçirilməsi dövlətin öz sərhədlərinə, ərazisinə və burada baş verən proseslərə faktiki nəzarət etməsini tələb edirdi. Bu baxımdan sərhəd üzərində nəzarətin təmin olunması mühüm dövlətçilik məsələsi kimi meydana çıxırdı.
Bununla belə, Qarabağ iqtisadi rayonunda Azərbaycan dövlətinin konstitusion quruluşuna qarşı fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin mövcudluğu aradan qaldırılmamışdı. 2023-cü ilin sentyabrında baş verən silahlı təxribatlar vəziyyətin yenidən gərginləşməsinə səbəb oldu. Sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələrinin lokal xarakterli antiterror tədbirlərinə başlaması ilə proses yeni mərhələyə keçdi. Tədbirlərin qarşıya qoyulan məqsədi Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi və qanunsuz silahlı birləşmələrin fəaliyyətinin dayandırılması idi.
Sentyabrın 20-də antiterror tədbirlərinin dayandırılması ilə Qarabağda dövlət hakimiyyətinin tam bərpası üçün yeni şərait yarandı. Bu hadisə göstərdi ki, 2020-ci ildə əldə olunan hərbi Zəfərdən sonra dövlət suverenliyinin təmin edilməsi istiqamətində ardıcıl şəkildə həyata keçirilən tədbirlər öz məntiqi nəticəsinə çatıb. Artıq Azərbaycanın dövlət sərhədlərinin müəyyən hissəsində nəzarətin gücləndirilməsi ilə başlayan proses ölkə ərazisində konstitusion quruluşun tam bərpası ilə tamamlanmışdı.
Bu baxımdan 2023-cü il sentyabrın 20-si yalnız müəyyən hərbi hadisənin başa çatdığı tarix kimi deyil, dövlətin öz ərazisində hüquqi və inzibati səlahiyyətlərini tam həyata keçirməsi baxımından mühüm mərhələ kimi qiymətləndirilir. Azərbaycan dövlətinin bayrağının ərazimizin bütün hissələrində dalğalanması, dövlət qurumlarının fəaliyyətinin təmin edilməsi və qanunların vahid qaydada tətbiqi suverenliyin konkret və görünən ifadələridir.
Dövlət Suverenliyi Gününün təsis edilməsi də məhz bu tarixi mərhələnin dövlət səviyyəsində əbədiləşdirilməsinə xidmət edir. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə sentyabrın 20-si Dövlət Suverenliyi Günü elan edildi. Sərəncamda 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində qanunun aliliyinin təmin olunması və dövlət suverenliyinin bərpa edilməsi bu tarixin təsis edilməsinin əsasını təşkil edir.
Otuz ildən artıq davam edən işğalın yaratdığı ağır nəticələrdən sonra Azərbaycanın keçdiyi yol dövlət suverenliyinin necə böyük tarixi və milli əhəmiyyət daşıdığını bir daha göstərir. 2020-ci ilin Zəfəri ilə başlayan yeni mərhələdə atılan ardıcıl addımlar 2023-cü ilin sentyabrında mühüm tarixi nəticə ilə tamamlandı. Bu gün Dövlət Suverenliyi Günü həmin yolun yaddaşda yaşadılması, dövlətçilik iradəsinin və ərazi bütövlüyümüzün qorunmasının əhəmiyyətinin vurğulanması baxımından xüsusi məna daşıyır. 20 Sentyabr Azərbaycan xalqının öz dövlətinə və dövlətçilik dəyərlərinə bağlılığını ifadə edən, milli yaddaşımızda mühüm yer tutan əlamətdar günlərdən biridir.
Zamiq Əsgərov,
Salyan şəhər 8 saylı tam orta ümumtəhsil məktəbin hərbi rəhbəri, Aprel döyüşləri iştirakçısı, qazi, YAP fəalı