Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası
Dəyərli Anavətənçilər!
Bu gün Azərbaycanın ictimai-siyasi həyatında özünəməxsus yeri və dəst-xətti olan Ana Vətən Partiyasının yaranmasının 36-cı ildönümüdür.
Partiyamız yarandığı 24 noyabr 1990-cı ildən etibarən Azərbaycanın siyasi həyatında fəal iştirak edərək ölkəmizin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün və milli dövlətçilik maraqlarının müdafiəsini fəaliyyətinin başlıca prinsipləri olaraq müəyyən edib. Ana Vətən Partiyası 36 il ərzində bu prinsiplərə sadiq qalaraq fəaliyyətini bu gün də uğurla davam etdirməkdədir.
Azərbaycanın mürəkkəb ictimai-siyasi proseslərlə üzləşdiyi, dövlət müstəqilliyimizin ciddi təhlükələrə məruz qaldığı illərdə Ana Vətən Partiyası milli maraqlardan çıxış edərək açıq, prinsipial və qətiyyətli mövqe nümayiş etdirdi. Partiyamız 1992-ci il martın 9-da ölkənin düşdüyü ağır vəziyyətdən çıxış yolu kimi Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət edilməsi ilə bağlı ilk rəsmi bəyanatını verdi, 1993-cü ildə Ümummilli Liderin siyasi hakimiyyətə qayıdışı uğrunda başlanmış ümumxalq hərəkatında fəal iştirak etdi. Sonrakı illərdə də Ulu Öndərin həyata keçirdiyi dövlət quruculuğu prosesinə birmənalı dəstək göstərdi.
Möhtərəm cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasının prezidenti seçilməsilə bağlı təşəbbüsü ilk olaraq Ana Vətən Partiyası irəli sürdü. Partiyamız 2003-cü ildən etibarən cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun ən fəal müdafiəçilərindən və təbliğatçılarından biri kimi fəaliyyətini davam etdirməkdədir.
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin, dövlətimizin və qəhrəman Silahlı Qüvvələrimizin yanında olan anavətənçilər də xalqımızla birlikdə tarixi Zəfərimizin sevincini yaşadılar. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatları nəticəsində dövlət suverenliyimizin tam bərpa olunması hər bir Azərbaycanlı kimi anavətənçilərin də qürur mənbəyidir.
Ana Vətən Partiyası 1996-cı ildən Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmaqla, həmçinin ölkəmizin qanunvericilik fəaliyyətində yaxından iştirak etməkdədir.
Bu il partiyamızın yaranmasının ildönümünü fərqli duyğularla qeyd edirik. Ana Vətən Partiyasının banisi, görkəmli ictimai-siyasi xadim Fəzail Ağamalının dünyadan köçməsi hər bir anavətənçi üçün ağır itkidir. Fəzail Ağamalının Ana Vətənə tükənməz sevgisi, dövlətçilik ideyalarına sədaqəti və siyasi əqidəsinə dönməz bağlılığı bizə qoyduğu əbədi mirasdır. Sözügedən irsi qorumaq, Fəzail Ağamalının böyük zəhmət və fədakarlıqla qurub – yaratdığı, qoruyub - saxlaya bildiyi partiyanı daha da gücləndirmək hər bir anavətənçinin qarşısında duran mənəvi borc, şərəfli və məsuliyyətli vəzifədir.
Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı dövlətçilik konsepsiyasına sadiqlik və Möhtərəm cənab Prezident İlham Əliyevin qətiyyətli siyasi xəttinə dəstək Ana Vətən Partiyasının fəaliyyətinin ideoloji əsasını təşkil edir. Əminəm ki, birliyimizi, əqidəmizə sədaqəti qoruyaraq dövlətçilik maraqları, milli dəyərlərimizin yaşadılması və bütövlükdə Azərbaycan naminə fəaliyyətimizi uğurla davam etdirəcəyik.
Anavətənçiləri partiyamızın yaranmasının 36-cı ildönümü münasibətilə ürəkdən təbrik edir, fəaliyyətlərində uğurlar diləyirəm.
Taleyin bizə bəxş etdiyi Müqəddəs yolumuza davam!
Günümüz mübarək, əziz Anavətənçilər!
Günay Ağamalı,
Milli Məclisin deputatı,
Ana Vətən Partiyasının sədri.
24 noyabr 2026-cı il