Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
Prezident cənab İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan-Vyetnam münasibətlərinin tarixi köklərini, müasir inkişaf dinamikasını, strateji tərəfdaşlığın prioritetlərini və gələcək əməkdaşlıq perspektivlərini əhatə edən mühüm siyasi-diplomatik mesajlarla zəngindir. Müsahibə Azərbaycanın xarici siyasətində tarixi dostluqlara sədaqət, qarşılıqlı hörmət, milli maraqların uzlaşdırılması və iqtisadi diplomatiyanın gücləndirilməsi prinsiplərinin ardıcıl şəkildə həyata keçirildiyini bir daha nümayiş etdirir.
Azərbaycan ilə Vyetnam arasında münasibətlər ötən əsrin ortalarından formalaşmağa başlayan, zamanın sınaqlarından keçərək bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksələn xüsusi bir əməkdaşlıq modelidir. Bu əlaqələrin təməlində xalqlarımızın qarşılıqlı rəğbəti, siyasi iradə, etibarlı tərəfdaşlıq və beynəlxalq münasibətlərdə ortaq yanaşmalar dayanır. Cənab Prezidentin müsahibəsində bu tarixi irsə xüsusi diqqət yetirməsi təsadüfi deyil. Dövlət başçısı iki ölkə arasında dostluğun əsasını qoymuş liderlərin tarixi rolunu xatırladaraq, bugünkü əməkdaşlığın möhkəm siyasi və mənəvi dayaqlara söykəndiyini vurğulayır.
Bu münasibətlərin əsas xüsusiyyəti ondan ibarətdir ki, onların təməlində yalnız cari siyasi və iqtisadi maraqlar deyil, həm də tarixi yaddaş, qarşılıqlı hörmət və xalqlar arasında formalaşmış səmimi dostluq dayanır. Məhz bu amillər Azərbaycan və Vyetnam arasında əməkdaşlığın davamlılığını təmin edən başlıca siyasi və mənəvi dayaqlardır. Ölkələrimiz arasında münasibətlərin inkişafında son illərdə müşahidə olunan dinamika dövlətlərarası siyasi dialoqun keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama ilk dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana cavab səfəri ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
Bu prosesin məntiqi davamı olaraq, 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri münasibətlər tarixində yeni mərhələnin əsasını qoyub. Səfər çərçivəsində aparılan danışıqlar və qəbul edilən Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkənin əməkdaşlıq gündəliyini daha geniş və sistemli müstəviyə çıxarıb.
Energetika sahəsi Azərbaycan-Vyetnam əməkdaşlığının tarixi və strateji əhəmiyyət daşıyan istiqamətlərindən biridir. Azərbaycanın zəngin enerji resursları, neft-qaz sektorunda formalaşmış təcrübəsi və beynəlxalq enerji bazarlarında mövqeyi Vyetnamla əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkanlar yaradır. SOCAR ilə PetroVietnam arasında əlaqələrin dərinləşdirilməsi, 2025-ci ildə imzalanmış Anlaşma Memorandumunun nəzərdə tutduğu yataqların kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər, mütəxəssis hazırlığı kimi istiqamətlər qarşılıqlı faydalı əməkdaşlığın konkret məzmununu formalaşdırır. Bu əməkdaşlıq Azərbaycanın enerji diplomatiyasının coğrafiyasının genişləndirilməsi, milli şirkətlərin beynəlxalq fəaliyyətinin gücləndirilməsi və yeni bazarlarda mövqelərinin möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir.
Azərbaycanın investisiya mühiti, iqtisadi islahatları və qeyri-neft sektorunun inkişafı Vyetnam biznes dairələri üçün yeni imkanlar açır. Vyetnam şirkətlərinin ölkəmizdə tikinti, infrastruktur, bərpa olunan enerji və digər sahələrdə layihələrin həyata keçirilməsinə maraq göstərməsi iqtisadi münasibətlərin şaxələndirilməsi baxımından müsbət tendensiyadır. “ROX Group” ilə 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər bu marağın praktiki əməkdaşlığa çevrilməsinin nümunəsidir. Belə təşəbbüslər Azərbaycanın investisiya cəlbediciliyini artırmaqla yanaşı, ölkəmizin regional iqtisadi və biznes mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə də töhfə verir.
Dövlət başçımızın müsahibəsi iki dövlət arasında əlaqələrin geniş şəbəkəsi haqqında ətraflı və gərəkli məlumatlar oldu. Müsahibə xatırlatdı ki, 1955-ci ildə bəstəkar Qara Qarayev ilk Sovet-Vyatnam sənədli filmi üçün “Vyetnam süitası” yazıb, rejissor Əjdər İbrahimov 1959-cu ildən 1962-ci ilə qədər Vyetnamda yaşayıb, işləyib, milli kino məktəbinin ön sıralarında olub, yerli rejissorların və aktyorların formalaşmasına kömək göstərib, Vyetnama bir neçə kitab həsr edib, “Vyetnamda gördüklərim” Vyetnam dilinə tərcümə edilib, bu kitabın təqdimatı bu il Hanoyda keçirilib.
Müsahibədə dövlətimizin başçısının diqqət yetirdiyi mühüm məqamlardan biri də nəqliyyat və logistika sahəsində əməkdaşlıq perspektivləridir. Müasir beynəlxalq münasibətlər sistemində nəqliyyat dəhlizləri yalnız iqtisadi əlaqələrin deyil, həm də dövlətlərin geosiyasi və geoiqtisadi mövqelərinin güclənməsinin mühüm vasitəsinə çevrilib.
Bu baxımdan, Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzərində yerləşməsi Vyetnamla əməkdaşlıq üçün əhəmiyyətli imkanlar yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan ərazisindən Vyetnamla əlaqəli tranzit daşımalarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olub.
Azərbaycan–Vyetnam münasibətlərinin mühüm xüsusiyyətlərindən biri də humanitar əməkdaşlığın genişliyi və davamlılığıdır. Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd edilməlidir. Fondun Vyetnamda həyata keçirdiyi humanitar və təhsil təşəbbüsləri Azərbaycan xalqının dost ölkəyə münasibətinin, həmçinin beynəlxalq humanitar əməkdaşlığa verdiyi önəmin təzahürüdür. Ha Giang əyalətində ibtidai məktəbin tikintisinə dəstək, təhsil proqramlarının təşviqi və digər sosial layihələr bu fəaliyyətin konkret nümunələridir.
Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri də humanitar əlaqələrin genişləndirilməsi baxımından əlamətdar hadisə olub. Səfər çərçivəsində keçirilən görüşlər, yaradıcı ziyalılarla və Azərbaycan universitetlərinin vyetnamlı məzunları ilə təmaslar, eləcə də Hanoy Ticarət və Turizm Kollecinə göstərilən maliyyə dəstəyi iki ölkə arasında humanitar əməkdaşlığın əhatə dairəsini daha da genişləndirib.
Prezident İlham Əliyevin müsahibədə ifadə etdiyi yanaşma bir daha təsdiqləyir ki, Azərbaycan xarici siyasətində ənənəvi dostluq münasibətlərinin qorunması ilə yanaşı, yeni geoiqtisadi reallıqlara uyğun tərəfdaşlıq əlaqələrinin qurulmasına da xüsusi önəm verir. Azərbaycan və Vyetnam arasında formalaşmış tarixi dostluğun strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi isə hər iki ölkənin siyasi, iqtisadi və humanitar maraqlarına xidmət edən perspektivli əməkdaşlıq modelidir.
Ülvi Qədirov ,
Salyan Regional Aqrar Təlim mərkəzində mütəxəssis