Kəlbəcərdə yeni həyat başlayır
25 noyabr Kəlbəcər Şəhəri Günüdür. Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də ərazilərimizi müxtəlif istiqamətlərdən raket atəşinə tutmasına cavab olaraq rəşadətli Ordumuzun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da hərbi-siyasi Qələbəmizin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan üçtərəfli Bəyanatın imzalanması ilə nəticələndi. Beləliklə, 30 illik torpaq həsrətinə son qoyuldu, tarixi ədalət bərpa edildi.
İmzalanan birgə Bəyanata əsasən, Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi əhalinin rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Azərbaycan dövləti öz humanist siyasətini bir daha nümayiş etdirməklə müddəti noyabrın 25-dək uzatdı və həmin gün Kəlbəcər rayonu işğaldan azad edildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi azadlığa qovuşdu. BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan 4 qətnaməsi Azərbaycan Ordusu tərəfindən cəmi 44 gündə icra olundu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti və hərbi zəfəri siyasi qələbəyə çevirən uzaqgörən diplomatik siyasəti nəticəsində Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə belə atılmadan, şəhid verilmədən geri qaytarıldı.
2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu bu medalla təltif olundu.
İşğal dövründə digər torpaqlarımız kimi, Kəlbəcər rayonunun da infrastrukturu Ermənistan tərəfindən vəhşicəsinə dağıdılmış, təbii ehtiyatları qeyri-qanuni istismar edilmişdir. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə nəqliyyat vasitəsi və texnika talan edilərək dağıdılmış, rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.
Bu gün isə Kəlbəcər sürətlə dirçəlir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı ilə “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilmişdir. Şəhərin işğala qədərki (1969-cu ildə tərtib edilən) son Baş Planında ərazisi 130 hektar, əhalisinin sayı isə 7500 nəfər təşkil etdiyi halda, 2040-cı ilədək inkişaf konsepsiyasına uyğun olaraq bu göstəricilər iki dəfədən çox artaraq 290 hektara yaxın ərazini və 17000 nəfər əhalini əhatə edəcək.
Baş Plana əsasən, şəhərin mərkəzi ortamərtəbəli çoxmənzilli və inzibati binalardan ibarət olacaq, ətraf hissələrdə isə fərdi yaşayış evləri inşa ediləcək. Şəhərin ümumi yaşayış fondu 488 min m² təşkil edəcək ki, bunun 421 min m²-i fərdi yaşayış evlərinin, 46 min m²-i isə ortamərtəbəli yaşayış binalarının payına düşəcək. Ümumilikdə 2040-cı ilədək əhalinin 4250 mənzillə (adambaşına 25 m²) təmin olunması nəzərdə tutulub. Şəhərdə həmçinin 4 məktəb (960 şagird yerlik), 4 uşaq bağçası (520 yerlik), 2 xəstəxana (160 çarpayılıq), 1 reabilitasiya mərkəzi (150 çarpayılıq), İşğal və Zəfər muzeyləri, mehmanxanalar, müxtəlif ictimai-iaşə obyektləri və idman meydançaları tikiləcək. Şəhər ərazisinin 22 faizi - təxminən 60 hektar sahə yaşıllıq zolaqlarından ibarət olacaq. Ölkənin digər şəhərlərində ümumi istifadədə olan yaşıllıq sahəsinin adambaşına düşən norması 7-10 m² olduğu halda, Kəlbəcər şəhərində bu göstərici 33 m² təşkil edəcək. Eyni zamanda, müasir standartlara uyğun yol infrastrukturu qurulacaq, sakinlərin istifadəsinə 27 km-dən artıq avtomobil və 22 km velosiped yolu veriləcək.
Hazırda Kəlbəcər şəhərində 19,5 hektar ərazidə 524 ailəlik müasir yaşayış məhəlləsi inşa edilir. Birinci mərhələdə buraya 201 ailənin köçürülməsi üçün dördmərtəbəli 6 bina (hər birində 27 mənzil olmaqla 54-ü ikiotaqlı, 72-si üçotaqlı və 36-sı dördotaqlı) və 39 ədəd üçotaqlı ikimərtəbəli “townhouse” tipli ev tikilib. İkinci mərhələdə isə 323 ailənin məskunlaşması məqsədilə müxtəlif tipli dördmərtəbəli 16 çoxmənzilli yaşayış binası və 57 ədəd ikimərtəbəli “townhouse” tipli ev inşa olunacaq. Kompleksdə park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları yaradılacaq.
Böyük Qayıdış proqramı çərçivəsində Kəlbəcərdə məskunlaşma uğurla davam edir. Prezident İlham Əliyev 2025-ci il avqustun 21-də Kəlbəcərə səfəri zamanı doğma yurduna qayıdan ilk 20 ailəyə mənzillərin açarlarını təqdim edib. 2026-cı il noyabrın 6-na olan məlumata görə, Kəlbəcərdə artıq 162 ailə (681 nəfər) daimi məskunlaşıb.
Göründüyü kimi, Kəlbəcər özünün yeni intibah dövrünü yaşayır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rayona hər bir səfəri tarixi hadisəyə çevrilməklə yanaşı, Böyük Qayıdışın tam reallığa çevrildiyinin bariz göstəricisidir. Bu gün doğma sakinlərinə qovuşan 10 şəhərdən biri olan Kəlbəcər tarixi sahiblərinin gəlişi ilə yenidən canlanır və qürurla dirçəlir.
Elmar Əhmədov,
YAP Salyan rayon təşkilatının sədri