İslam həmrəyliyi və mədəni irs birliyimizin mühüm dayaqlarıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etməsi Azərbaycanın Türk dünyası və İslam ölkələri ilə əlaqələrin inkişafına verdiyi önəmi bir daha nümayiş etdirib. Görüşdə Azərbaycanın zəngin tarixi-mədəni irsi, Türk dünyası və Qafqaz xalqları ilə əlaqələri, İslam həmrəyliyinin gücləndirilməsi, sülh və əməkdaşlığın təşviqi ilə bağlı mühüm fikirlər səsləndirilib.
Bakıda bu günlərdə iki mühüm beynəlxalq tədbirin – Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Hər iki tədbir mahiyyət etibarilə fərqli istiqamətləri əhatə etsə də, onları birləşdirən ümumi məqam mənəvi dəyərlərin, tarixi irsin və xalqlar arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsidir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “bu iki tədbirin eyni vaxtda Bakıda keçirilməsinin böyük mənası var”. Bu yanaşma Azərbaycanın öz tarixi-mədəni irsinə münasibətinin, eləcə də həmin irsi müasir beynəlxalq əməkdaşlığın mühüm tərkib hissəsi kimi təqdim etməsinin göstəricisidir.
Azərbaycanın belə zəngin irsə malik olmasının əsas səbəblərindən biri xalqımızın əsrlər boyu elmə, ədəbiyyata, fəlsəfi düşüncəyə və mənəvi dəyərlərə verdiyi yüksək qiymətdir. Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi böyük şəxsiyyətlərin yaradıcılığı bu mənəvi zənginliyin müxtəlif dövrlərdə formalaşmış parlaq nümunələridir. Onların irsi yalnız müəyyən bir tarixi mərhələ ilə məhdudlaşmır, əsrlər keçməsinə baxmayaraq, bu gün də Azərbaycan xalqının milli-mədəni yaddaşının mühüm hissəsini təşkil edir. Daha geniş mənada isə həmin irs İslam dünyasının ümumi mədəni xəzinəsinin dəyərli nümunələri sırasında yer alır.
Məhz bu böyük irsin davamlılığını göstərən şəxsiyyətlərdən biri də XV əsrdə yaşayıb-yaratmış Seyid Yəhya Bakuvridir. Onun adına beynəlxalq konfransın təşkil olunması mütəfəkkirin elmi-fəlsəfi irsinin öyrənilməsi ilə yanaşı, Azərbaycanın çoxəsrlik mənəvi irsinin beynəlxalq səviyyədə tanıdılması baxımından da əhəmiyyətlidir. Müxtəlif ölkələrdən alimlərin, dini xadimlərin və tədqiqatçıların Bakıda bir araya gəlməsi belə bir irsin ayrı-ayrı xalqları birləşdirən ortaq dəyərlər yaratmaq gücünü nümayiş etdirir. Belə tədbirlər tarixə yalnız keçmişin yadigarı kimi deyil, bu gün üçün də mühüm mənəvi resurs kimi yanaşılmasına imkan verir.
Tarixi-mədəni irs məsələsi ilə yanaşı, görüşdə Türk dünyası və Qafqaz arasındakı əlaqələrə xüsusi diqqət yetirilməsi də təsadüfi deyil. Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, sivilizasiyaların və xalqların qarşılıqlı əlaqədə olduğu bir coğrafiyanın mühüm hissəsini təşkil edib. Qədim Qafqaz Albaniyasının Azərbaycan ərazilərində mövcud olması, Qəbələnin bu dövlətin paytaxtı kimi tarixə düşməsi, Atabəylər dövlətinin paytaxtının Naxçıvan olması regionun qədim dövlətçilik və mədəniyyət tarixinin zənginliyini göstərən faktlardandır. Bu tarixi bağlılıqlar Azərbaycanı həm Türk dünyası, həm də Qafqaz məkanı ilə əlaqələndirən mühüm amillərdəndir.
Bu tarixi reallıqlar müasir dövrdə Azərbaycanın həyata keçirdiyi regional və beynəlxalq əməkdaşlıq siyasətində də öz əksini tapır. Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv olan yeganə Qafqaz ölkəsi kimi Türk dünyası ilə Qafqaz arasında əlaqələrin inkişafında mühüm mövqeyə malikdir. Ölkəmizin Türk dövlətləri ilə münasibətləri siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşmır, humanitar, mədəni və dini sahələri də əhatə edir. Qafqaz xalqları ilə tarixən formalaşmış dostluq və qarşılıqlı hörmət münasibətləri isə bu əməkdaşlıq imkanlarını daha da genişləndirir.
Elə buna görə də Bakıda keçirilən toplantıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə yanaşı, Gürcüstan, Suriya və Şimali Qafqazın müxtəlif respublikalarından dini liderlərin iştirak etməsi xüsusi məna daşıyır. Müxtəlif ölkələri və xalqları təmsil edən dini rəhbərlərin eyni məkanda bir araya gəlməsi dini dialoqun və qarşılıqlı anlaşmanın əhəmiyyətini önə çıxarır. Bu cür görüşlər yalnız fikir mübadiləsi aparmaq üçün deyil, ortaq dəyərlər ətrafında əməkdaşlıq imkanlarını genişləndirmək üçün də mühüm platforma rolunu oynayır.
Dini liderlərin bu prosesdəki rolu isə xüsusilə əhəmiyyətlidir. Çünki onların ictimaiyyətə ünvanladığı mesajlar geniş müsəlman icmalarına təsir göstərir və bu baxımdan sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və əməkdaşlıq çağırışları xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin görüşdə diqqətə çatdırdığı kimi, müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün dəyərlidir. Bu sözlərin sülhə və barışığa istiqamətlənməsi isə cəmiyyətlərdə qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, müxtəlif dini və etnik qruplar arasında etimad mühitinin formalaşmasına xidmət edə bilər.
Bu yanaşma Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi təşəbbüslərdə də özünü aydın göstərir. Azərbaycan uzun illərdir İslam Əməkdaşlıq Təşkilatı və ICESCO ilə əməkdaşlıq çərçivəsində müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu fəaliyyətin mühüm nümunələrindən biri 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarıdır. Azərbaycanın həmin tədbirə yanaşması da diqqətəlayiq idi: Oyunlar yalnız idman yarışlarının keçirildiyi tədbir kimi deyil, müsəlman ölkələri arasında həmrəyliyin və birliyin nümayiş olunduğu böyük platforma kimi qiymətləndirilirdi.
Bu istiqamətdə atılan addımların davamı olaraq gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün Bakıda keçirilməsi də xüsusi əhəmiyyət daşıyır. Dünyada mürəkkəb proseslərin getdiyi, müsəlman ölkələri arasında müxtəlif məsələlərlə bağlı fikir ayrılıqlarının və qarşıdurmaların mövcud olduğu bir vaxtda belə bir tədbirin Azərbaycanda keçirilməsi dialoq və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm platforma yaradacaq. Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarda birləşdirici və əməkdaşlığa yönəlmiş mövqe nümayiş etdirməsi bu tədbirin də gündəliyində qarşılıqlı anlaşma və həmrəyliyin ön plana çıxarılmasına imkan verir.
Bütün bunlar göstərir ki, Azərbaycanın İslam dünyası ilə münasibətlərində həm tarixi-mədəni irsə, həm də müasir əməkdaşlıq imkanlarına xüsusi əhəmiyyət verilir. Bir tərəfdən Seyid Yəhya Bakuvi kimi böyük mütəfəkkirlərin irsi beynəlxalq səviyyədə təbliğ olunur, digər tərəfdən dini liderlərin iştirakı ilə sülh və həmrəylik məsələləri müzakirə edilir. Bu iki istiqamətin Bakıda eyni vaxtda gündəmə gəlməsi Azərbaycanın mənəvi irslə müasir diplomatik və humanitar əməkdaşlığı bir-birini tamamlayan sahələr kimi gördüyünü göstərir.
Prezident İlham Əliyevin görüşdə vurğuladığı “İslam həmrəyliyini əməli-praktiki addımlarla” gücləndirmək yanaşması da məhz bu siyasətin mahiyyətini ifadə edir. İslam dünyasında birlik və həmrəyliyin möhkəmlənməsi yalnız siyasi qərarlardan deyil, xalqlar və cəmiyyətlər arasında qarşılıqlı etimadın, dini və mədəni dialoqun inkişafından da asılıdır. Azərbaycanın müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, dini liderləri və alimləri bir araya gətirməsi, ortaq tarixi-mədəni dəyərlərin təbliğinə şərait yaratması bu istiqamətdə həyata keçirilən ardıcıl fəaliyyətin nümunəsidir.
Ümumilikdə Bakıda keçirilən bu görüş və tədbirlər Azərbaycanın Türk dünyası, İslam aləmi və Qafqaz xalqları arasında əlaqələrin inkişafına verdiyi önəmi bir daha nümayiş etdirir. Azərbaycanın tarixi-mədəni irsinin dünyaya təqdim olunması ilə sülh, həmrəylik və əməkdaşlıq çağırışlarının eyni müstəvidə səsləndirilməsi ölkəmizin beynəlxalq təşəbbüslərinin əsas mahiyyətini əks etdirir. Bu baxımdan, Bakının müxtəlif ölkələrdən dini liderlərin, alimlərin və ictimai xadimlərin görüşdüyü məkana çevrilməsi Azərbaycanın qarşılıqlı anlaşmaya əsaslanan əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfənin göstəricisidir.
Vüqar Ağayev,
YAP Salyan rayon təşkilatının məsləhətçisi