Deputat:Heydər Əliyev İrsi və Zəfər Tariximiz: Babək Rayon YAP Təşkilatının Konfransı
Hörmətli konfrans iştirakçıları!
Əziz partiya veteranları, hörmətli YAP üzvləri, xanımlar və cənablar!
Hər birinizi səmimi-qəlbdən salamlayır, Yeni Azərbaycan Partiyası Babək rayon təşkilatının konfransının işinə uğurlar arzulayıram.
Bir qədər əvvəl rayon təşkilatının sədri İsa Məmmədovun çıxışını və gənc üzvümüzün hesabat məruzəsini dinlədik. Məruzədə ötən dövrdə görülən işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr ətraflı şəkildə təqdim edildi. Mən də görülmüş işləri müsbət qiymətləndirir, rayon təşkilatının rəhbərliyinə, ərazi partiya təşkilatlarına, partiya veteranlarına və bütün fəal üzvlərimizə təşəkkürümü bildirirəm.
Hörmətli konfrans iştirakçıları!
Yeni Azərbaycan Partiyasının keçdiyi yol müstəqil Azərbaycanın müasir siyasi tarixinin mühüm bir hissəsidir.
1990-cı illərin əvvəllərində Azərbaycan son dərəcə ağır və mürəkkəb vəziyyətlə üz-üzə idi. Dövlət müstəqilliyimiz təhlükə altında idi, ölkədə siyasi böhran hökm sürür, torpaqlarımız işğal olunurdu. Belə bir zamanda Azərbaycan xalqı öz gələcəyini, dövlətçiliyimizin xilasını böyük siyasi təcrübəyə və xalqın etimadına malik olan Heydər Əliyevdə görürdü.
21 noyabr 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu.
Biz naxçıvanlılar üçün xüsusilə qürurvericidir ki, bu böyük siyasi hərəkat məhz qədim Naxçıvan torpağında yaranmışdır. Burada əsası qoyulan siyasi yol sonrakı illərdə Azərbaycanın inkişaf və tərəqqi yoluna çevrildi.
1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini böyük təhlükələrdən xilas etdi. Ölkədə sabitlik təmin olundu, dövlət institutları möhkəmləndirildi, iqtisadi inkişafın əsasları yaradıldı və Azərbaycanın gələcək inkişaf strategiyası müəyyən edildi.
Ulu Öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də güclü və müstəqil Azərbaycan dövlətinin gələcək inkişaf konsepsiyasını yaratması idi.
Müstəqil dövlətçilik, azərbaycançılıq ideologiyası, milli birlik, güclü iqtisadiyyat, qüdrətli ordu və milli maraqların hər şeydən üstün tutulması bu siyasi irsin əsasını təşkil edir.
2003-cü ildən etibarən Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kurs uğurla davam etdirildi və Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu.
Ötən illər ərzində ölkəmiz iqtisadi, siyasi və hərbi baxımdan böyük inkişaf yolu keçdi. Azərbaycan beynəlxalq münasibətlər sistemində öz sözünü deyən, müstəqil siyasət yürüdən və milli maraqlarını qətiyyətlə müdafiə edən güclü dövlətə çevrildi.
Bu siyasətin ən böyük tarixi nəticəsi isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasıdır.
2020-ci ilin 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi Zəfərə imza atdı, torpaqlarımız işğaldan azad edildi. 2023-cü ildə isə ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam təmin olundu.
Prezident İlham Əliyev Ulu Öndərin ən böyük arzusunu gerçəkləşdirdi, ata vəsiyyətini yerinə yetirdi.
Bu gün üçrəngli bayrağımızın Şuşada, Xankəndidə, Xocalıda və bütün azad edilmiş torpaqlarımızda dalğalanması hər birimiz üçün sonsuz qürur mənbəyidir.
Bu tarixi Qələbəni bizə bəxş edən şəhidlərimizin, o cümlədən Babək rayonunun qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayıram.
Əziz dostlar!
Yeni Azərbaycan Partiyası bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafında aparıcı siyasi qüvvə kimi üzərinə düşən vəzifələri yerinə yetirir.
2021-ci ildə keçirilmiş VII Qurultay partiyamızın həyatında yeni mərhələnin başlanğıcı oldu. Yeni siyasi reallıqlar, cəmiyyətin inkişafı, gənclərin və qadınların ictimai-siyasi həyatda rolunun artırılması, insanlarla daha sıx ünsiyyət və müasir fəaliyyət metodlarının tətbiqi qarşımızda yeni vəzifələr müəyyənləşdirdi.
Partiyamızın gücü yalnız onun üzvlərinin sayında deyil. Əsas gücümüz xalqla birlikdə olmağımızda, dövlətçilik maraqlarına xidmət etməyimizdə və cəmiyyətin müxtəlif təbəqələrini vahid milli məqsədlər ətrafında birləşdirə bilməyimizdədir.
Bu baxımdan YAP Babək rayon təşkilatının da partiyamızın tarixində özünəməxsus yeri vardır.
30 yanvar 1993-cü ildə rayon təşkilatının təsis konfransının məhz ümummilli lider Heydər Əliyevin iştirakı ilə keçirilməsi böyük tarixi əhəmiyyət daşıyır. Bu fakt Babək rayon təşkilatının tarixini Yeni Azərbaycan Partiyasının yaranmasının ilk dövrü və Ulu Öndərin siyasi fəaliyyəti ilə birbaşa bağlayır.
Bu gün isə Babək rayon təşkilatı həmin siyasi ənənələri davam etdirərək rayonun ictimai-siyasi həyatında fəal iştirak edir, ərazi partiya təşkilatları vasitəsilə insanlarla əlaqələrin gücləndirilməsinə, dövlət siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılmasına, gənclərin və qadınların fəallığının artırılmasına diqqət yetirir.
Hesab edirəm ki, bundan sonrakı mərhələdə də əsas məqsədlərimizdən biri insanlarla birbaşa ünsiyyəti daha da gücləndirmək olmalıdır.
Partiya təşkilatlarımız insanların yanında olmalı, onların fikirlərini dinləməli, xüsusilə gənclərin təşəbbüslərinə dəstək verməli və yeni nəslin dövlətçilik ruhunda yetişməsinə töhfə verməlidir.
Hörmətli konfrans iştirakçıları!
Bu gün Naxçıvan Muxtar Respublikası da Prezident İlham Əliyevin diqqət və qayğısı ilə yeni inkişaf mərhələsinə qədəm qoyub.
Dövlət başçısının 11 avqust tarixində Naxçıvana səfəri zamanı verdiyi mesajlar bir daha göstərdi ki, Muxtar Respublikanın inkişafı Azərbaycanın ümumi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
Nəqliyyat və kommunikasiya imkanlarının genişləndirilməsi, enerji və kənd təsərrüfatının inkişafı, yeni infrastrukturun yaradılması və insanların rifahının yüksəldilməsi qarşıdakı dövrün əsas istiqamətləridir.
Babək rayonu da bu inkişaf prosesinin fəal iştirakçısıdır. Böyük kənd təsərrüfatı potensialı, geniş yaşayış məntəqələri, zəhmətkeş insanları və Naxçıvanın sosial-iqtisadi həyatında tutduğu mühüm mövqe rayonun gələcək inkişafı üçün geniş imkanlar yaradır.
Yeni Azərbaycan Partiyasının Babək rayon təşkilatı da bu inkişafın ictimai-siyasi dayaqlarından biri kimi üzərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirməlidir.
Əminəm ki, rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sədaqətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə dəstək göstərərək fəaliyyətini bundan sonra da uğurla davam etdirəcəkdir.
Bu gün biz qalib, bütöv və suveren Azərbaycanın vətəndaşlarıyıq.
Bizim əsas vəzifəmiz əldə etdiyimiz tarixi nailiyyətləri qorumaq, dövlətimizin daha da qüdrətlənməsinə xidmət etmək və gələcək nəsillərə daha güclü Azərbaycan ötürməkdir.
Bu yolda hər birinizə uğurlar arzulayıram.
YAP Babək rayon təşkilatına gələcək fəaliyyətində yeni nailiyyətlər diləyirəm.
Yaşasın Yeni Azərbaycan Partiyası!
Yaşasın Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev!
Diqqətinizə görə təşəkkür edirəm!