TARİXİ SAXTALAŞDIRMAQLA HƏQİQƏTİ DƏYİŞMƏK MÜMKÜN DEYİL ŞƏRH
2026-cı il sentyabrın 11–12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda yaranmış yeni reallıqların beynəlxalq ictimaiyyət tərəfindən yerində müşahidə olunması baxımından mühüm hadisədir. 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150-yə yaxın nümayəndənin Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərə səfəri, aparılan bərpa-quruculuq işləri və tarixi-mədəni irs nümunələri ilə tanışlığı xüsusilə diqqət çəkir.
Lakin bu səfərin Ermənistanın bəzi siyasi, ictimai və diaspor dairələrində narazılıqla qarşılanması bir daha göstərdi ki, regionda sülhün qarşısında dayanan problemlər yalnız siyasi məsələlərlə məhdudlaşmır. Tarixə münasibət, tarixi yaddaş və mədəni irsin təqdimatı da bu mübarizənin mühüm istiqamətlərindən birinə çevrilib.
Ən ciddi problem isə tarixin seçmə üsulla təqdim edilməsidir.
Azərbaycan ərazisində yerləşən ayrı-ayrı tarixi və dini abidələrin yalnız bir etnosun müstəsna irsi kimi təqdim edilməsi, həmin məkanların çoxqatlı tarixi kontekstinin və müxtəlif icmaların bölgədəki mövcudluğunun nəzərə alınmaması elmi obyektivliklə uzlaşmır.
Eyni zamanda ortaya belə bir ziddiyyətli yanaşma çıxır: Azərbaycan ərazisindəki tarixi irs müəyyən etnik çərçivəyə salınaraq təqdim edilir, lakin indiki Ermənistan ərazisində Azərbaycan xalqının tarixi-mədəni mövcudluğuna dair faktların görünməz hala gətirilməsi və ya inkar edilməsi ilə qarşılaşırıq.
Tarix bir xalqın adına yazılan siyasi sənəd deyil. Tarix sənədlərlə, arxivlərlə, maddi-mədəni irslə və elmi araşdırmalarla müəyyənləşir.
Heç bir siyasi maraq əsrlərlə formalaşmış tarixi yaddaşı dəyişdirmək gücündə deyil. Abidənin adını dəyişdirmək onun tarixini dəyişmir. Bir xalqın mədəni izlərini inkar etmək həmin izləri yox etmir. Tarixi faktları susdurmaq isə onları həqiqət olmaqdan çıxarmır.
Bu baxımdan etnik və milli mənsubiyyət üzərindən qurulan ayrı-seçkilik ritorikasına da yol verilməməlidir. Çünki tarix xalqları bir-birinə qarşı qoymaq üçün deyil, gələcək nəsillərə həqiqəti çatdırmaq üçün öyrənilməlidir.
Azərbaycan sülh tərəfdarı olduğunu dəfələrlə nümayiş etdirib. Lakin sülh tarixin saxtalaşdırılması üzərində qurula bilməz. Davamlı sülh üçün qarşılıqlı hörmət, ərazi bütövlüyünə və suverenliyə hörmətlə yanaşı, tarixi həqiqətlərə də obyektiv münasibət lazımdır.
Bu gün Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri aparmaqla yanaşı, öz tarixi-mədəni irsinin də beynəlxalq səviyyədə tanıdılması istiqamətində fəaliyyət göstərir. Diplomatik nümayəndələrin bu ərazilərə səfərləri də reallıqların yerində görülməsi baxımından əhəmiyyətlidir.
Bizim mövqeyimiz aydındır:
Tarix siyasiləşdirilməməli, saxtalaşdırılmamalı və etnik qarşıdurma vasitəsinə çevrilməməlidir.
Həqiqətə söykənən tarix xalqları düşmənləşdirmir. Əksinə, keçmişin bütün mürəkkəbliyi ilə qəbul edilməsi gələcəkdə daha sağlam münasibətlərin qurulmasına xidmət edir.
Tarixdən qorxanlar onu dəyişdirməyə çalışar.
Tarixə güvənənlər isə həqiqətin özünün danışmasına imkan verər.
Fəridə Səfiyeva
Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü