Salyanda “Sülh-Sabaha aparan yol” adlı tədbir keçirilmişdir.
16.09.2026-cı il tarixdə "Sülh Aylığı " çərçivəsində Sübhan Cəbrayılov adına Salyan Peşə Liseyində Salyan Rayon İcra Hakimiyyəti və Salyan Peşə Liseyinin birgə təşkilatçılığı ilə “Sülh - sabaha aparan yol” mövzusunda tədbir keçirilmişdir.
Əvvəlcə Azərbaycan Respublikası Dövlət Himni səslənmiş və ardıyca tədbir iştirakçıları tərəfindən Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Salyan Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Emin Ağayev, Salyan Peşə Liseyinin direktoru Arzu Əliyeva, liseyin müəllimləri Ağamirzə Əbilov və Yeganə Mirzəliyeva çıxış ediblər.
Tədbirdə çıxış edənlər Sülh Aylığının əhəmiyyətindən bəhs edərək sülhün və əmin-amanlığın cəmiyyətin davamlı inkişafında mühüm rol oynadığını bildiriblər. Çıxışlarda ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması, humanizm prinsiplərinin qorunması, qarşılıqlı hörmət və tolerantlıq mühitinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyəti diqqətə çatdırılıb.
Bildirilib ki, sülhün qorunması və sülh mədəniyyətinin təşviqi cəmiyyətin bütün üzvlərinin üzərinə düşən mühüm vəzifələrdəndir. Bu baxımdan, gənc nəslin sülh, humanizm, qarşılıqlı anlaşma və həmrəylik kimi ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması xüsusi əhəmiyyət daşıyır.
Tədbir zamanı gənclərin cəmiyyətin ictimai həyatında fəal iştirakı, onların hüquq və azadlıqlarının qorunması, eləcə də sülh və həmrəylik ideyalarının təbliğində təhsil müəssisələrinin rolu barədə fikir mübadiləsi aparılıb.
Sonda mövzu ətrafında müzakirələr keçirilib və iştirakçıların fikirləri dinlənilib.
