XXI əsrin müəllimi necə olmalıdır?
Bu gün sinfə daxil olan uşaqlar əvvəlki nəsillərdən fərqli düşünür, informasiyanı fərqli qəbul edir və özlərini başqa cür ifadə edirlər. Onlar texnologiyanın içində böyüyür, məlumatı daha sürətlə əldə edir, vizual materiallara və interaktiv fəaliyyətlərə maraq göstərirlər.
Bu, müəllim qarşısında yeni sual qoyur: uşağı dəyişməyə məcbur etməliyik, yoxsa pedaqoji yanaşmamızı uşağın dəyişən dünyasına uyğunlaşdırmalıyıq? Məncə, cavab ikincisidir. Lakin bu, ənənəvi təhsilin bütün dəyərlərindən imtina etmək demək deyil. Əksinə, keçmişin ən yaxşı təcrübəsini müasir metodlarla birləşdirməliyik.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Salyan rayonu Qarabağlı kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi Cəmalə Həsənova söyləyib. O qeyd edib ki, X nəslinin nümayəndəsi olan müəllimlər kitab, dəftər, lövhə, təbaşir və müəllimin izahı ilə böyüyüblər. Səbir, intizam, zəhmət, məsuliyyət və əzmkarlıq onların əsas dəyərləri olub. Alfa nəslinin uşaqları isə məlumatın bir toxunuşla əlçatan olduğu informasiya mühitində böyüyürlər.
“Mənim üçün əsas məsələ uşağın diqqətini sadəcə saxlamaq deyil, onda öyrənməyə maraq yaratmaqdır. Bunun üçün dərsin formasını dəyişmək, uşağın suallarına, maraqlarına və fərdi xüsusiyyətlərinə uyğun yanaşmaq lazımdır. Hər uşağın öz öyrənmə yolu var. Biri dinləyərək, digəri görərək, başqa biri isə praktiki fəaliyyət zamanı daha yaxşı öyrənir. Müəllim bu fərqləri nəzərə almalıdır.
İbtidai sinifdə yalnız bilik ötürmək kifayət etmir. Uşaq özünü sinifdə təhlükəsiz və rahat hiss etməlidir. Səhv etməkdən qorxmayan, fikrini sərbəst ifadə edən şagird daha fəal olur. Buna görə müəllim həm də uşağın emosional təhlükəsizliyini təmin etməlidir”, – deyə C.Həsənova bildirib.
O, texnologiyadan düzgün istifadənin vacibliyini də vurğulayıb: “Mən texnologiyanı müəllimin rəqibi kimi görmürəm. Düzgün istifadə edildikdə dərsi daha maraqlı və anlaşıqlı edə bilər. Ancaq texnologiya məqsəd deyil, vasitədir. Ən mükəmməl animasiya proqramı belə müəllimin sinfə gətirdiyi enerji, sevgi və canlı ünsiyyəti əvəz edə bilməz. Uşaqları smartfonsuz və ekransız da öyrətmək mümkündür. Əsas məsələ onlarda öyrənmək həvəsi yaratmaqdır. Dərsi uşağın həyatı ilə əlaqələndirmək də çox vacibdir. Uşaq öyrəndiyi bilginin gündəlik həyatda hansı işə yaradığını görəndə mövzu onun üçün daha maraqlı olur. Riyaziyyatı alış-veriş, təbiət fənlərini ətraf mühit, oxu və yazını isə gündəlik ünsiyyətlə əlaqələndirmək mümkündür.
C.Həsənova əlavə edib ki, təhsil prosesində valideyn də məktəbdən kənarda qalmamalıdır. Müəllim, valideyn və şagird arasında sağlam əməkdaşlıq uşağın inkişafına müsbət təsir göstərir. Məktəbin vəzifəsi yalnız dərslikdəki bilikləri öyrətmək deyil. Uşaqlar burada ünsiyyət qurmağı, məsuliyyət daşımağı, komanda ilə işləməyi, problem həll etməyi və qərar verməyi də öyrənməlidirlər. Çünki gələcəkdə onların uğurunu yalnız akademik biliklər deyil, həyat bacarıqları da müəyyənləşdirəcək.
X nəsli müəllimlə Alfa nəsli şagird arasında uçurum yoxdur. Əksinə, bir-birini anlamağa çalışdıqca fərqlər imkanlara çevrilə bilər. Müəllim öz təcrübəsini qorumaqla yanaşı, yeni metodları öyrənməli, dəyişən uşağı qəbul etməli və daim inkişaf etməlidir.
“Artıq 20 ilə yaxındır müəllim işləyirəm və getdikcə bir məsələni daha yaxşı anlayıram: təhsildə dəyişən əsasən vasitələrdir, əsas dəyər isə müəllim-şagird münasibətidir. Biz sadəcə dərs keçən ötürücülər deyilik. Uşağın xarakterinin formalaşmasına, dünyagörüşünün genişlənməsinə və özünəinamının yaranmasına təsir edən insanlarıq.
Heç bir ağıllı ekran uşağın uğur qazandıqdan sonra müəlliminə baxıb onun gözlərində axtardığı qüruru əvəz edə bilməz. Mənim üçün ən böyük texnologiya yenə də müəllimin özüdür – onun biliyi, sevgisi və səbridir. Müasir təhsil ənənə ilə yeniliyin qarşı-qarşıya qoyulması deyil, onların düzgün şəkildə birləşdirilməsidir”, – deyə C.Həsənova bildirib.