Bu gün unudulmaz Atam, Fəzail Ağamalının doğum günüdür...
İlk dəfədir ki, bu tarix onun yoxluğunda qarşılanır. İllər boyu sevinc, təbrik və xoş arzularla gələn bu gün indi həsrət dolu sükut, kövrək xatirələr və dualarla yaşanır...
Fəzail Ağamalı mənim müəllimim, yol göstərənim, siyasi düşüncə və dövlətçilik məktəbim idi. Onun Vətənə sonsuz sədaqəti, dövlətçiliyə bağlılığı, xalqına sevgisi, ədaləti, prinsipiallığı və əqidəsindən heç zaman dönməməsi bütün həyat və fəaliyyətinin əsas qayəsini təşkil edirdi.
Fəzail Ağamalı ömrünü inandığı ideallara, Azərbaycanın dövlət müstəqilliyinin əldə olunmasına, milli maraqlarımızın qorunmasına və dövlətçiliyimizin inkişafına həsr etmiş şəxsiyyət idi. Tutduğu mövqedən, qarşılaşdığı çətinliklərdən asılı olmayaraq, öz prinsiplərinə və əqidəsinə sadiq qaldı. Fəzail Ağamalı adı Azərbaycan siyasi tarixində öz sözü, mövqeyi və dəst-xətti olan siyasətçi kimi yaşayacaq.
Dürüstlüyü, ədaləti, insanlara sevgini, Vətənə və dövlətə sədaqəti Atamdan öyrəndim. Hər zaman böyük fəxr və qürurla demişəm və ömrüm boyu da deyəcəyəm: Mən Fəzail Ağamalının qızıyam.
Bu gün onun səsini eşitmək, əllərindən öpmək, doğum gününü təbrik etmək mümkün deyil... İndi bütün sözlərin yerini dualar, bütün diləklərin yerini Uca Tanrıdan ruhuna rəhmət diləmək tutur.
İnsan dünyadan köçür, amma onun qoyduğu iz, yaşatdığı dəyərlər, yetişdirdiyi insanlar və xatirəsi yaşayır. Fəzail Ağamalı ailəsinin qəlbində, onu tanıyanların yaddaşında, silahdaşlarının xatirələrində və Azərbaycan siyasi həyatında qoyduğu izlə daim yaşayacaq.
Atamı böyük ehtiram, sonsuz sevgi və bitməyən həsrətlə xatırlayıram...
Allah rəhmət eləsin. Ruhu şad, məkanı cənnət olsun.