"Laçının azadlığa qovuşması tarixi ədalətin və dövlətimizin qüdrətinin təntənəsidir"
26 Avqust Azərbaycan xalqının müasir tarixində qürurla qeyd etdiyimiz əlamətdar günlərdən biridir. 26 Avqust Laçın şəhərinin azadlığına qovuşması, milli iradəmizin, tarixi ədalətin və dövlətimizin qüdrətinin təntənəsidir. Azərbaycanın ən füsunkar və mühüm strateji əhəmiyyətə malik bölgələrindən olan Laçın 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal dövründə rayonun yaşayış məntəqələri dağıdılmış, tarixi-mədəni irsimiz vandalizmə məruz qalmış, təbii sərvətlərimiz talan edilmiş, qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirilmişdi. Laçının işğalı həm də Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında birbaşa coğrafi əlaqənin yaradılmasına xidmət edən məkrli planın mühüm tərkib hissəsi idi.
Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.
O qeyd edib ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmadı: "Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs, dövlətimizin illər ərzində gücləndirilməsi və qüdrətli Azərbaycan Ordusunun formalaşdırılması tarixi Zəfərimizin möhkəm təməlini yaratdı. Möhtərəm Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər regionda tamamilə yeni reallıq yaratdı. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən həmin il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycan dövlətinin tam nəzarətinə keçdi. Bununla da tarixi ədalət bərpa olundu, Laçının həyatında yeni və şərəfli mərhələ başlandı.
Bu gün Laçına baxdıqda qalib Azərbaycanın quruculuq əzmini görürük. Cənab Prezident İlham Əliyevin “Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik” fikri Laçında real mənzərəyə çevrilib. Müasir yaşayış məhəllələrinin salınması, məktəblərin və sosial obyektlərin inşası, yol-körpü və enerji infrastrukturunun yenidən qurulması, istehsal müəssisələrinin yaradılması və turizm layihələrinin həyata keçirilməsi Laçının simasını köklü şəkildə dəyişərək müasir və abad şəhərə çevirir.
Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi inkişafın ən mühüm göstəricilərindən biridir. Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən hava limanı olan bu mühüm infrastruktur layihəsi Laçının strateji əhəmiyyətini daha da artırmaqla yanaşı, Qarabağ və Şərqi Zəngəzurun nəqliyyat-logistika və turizm imkanlarının genişlənməsinə xidmət edir.

Laçın eyni zamanda Azərbaycanın yaşıl enerji məkanlarından birinə çevrilir. Rayonun elektrik enerjisinə olan mövcud tələbatının tamamilə yaşıl enerji hesabına qarşılanması dövlətimizin işğaldan azad edilmiş ərazilərdə tətbiq etdiyi müasir inkişaf modelinin bariz nümunəsidir. Su elektrik stansiyalarının ardıcıl istifadəyə verilməsi, yeni enerji layihələrinin icrası Laçının gələcək inkişafına mühüm töhfə verir".
Deputat vurğulayıb ki, 2026-cı il iyulun 11-də Cənab Prezident İlham Əliyevin iştirakı ilə “Həkəriçay” su anbarının təməlinin qoyulması Qarabağ və Şərqi Zəngəzur üçün strateji əhəmiyyət daşıyan növbəti böyük layihədir: "Gələcəkdə bu infrastrukturun Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonlarında təqribən 700 min insanın keyfiyyətli içməli su təminatına xidmət etməsi nəzərdə tutulur.
Laçının iqtisadi həyatının bərpası da sürətlə davam edir. Aqro-Sənaye Parkının yaradılması, mebel, tikiş və ayaqqabı fabriklərinin, balıqçılıq və digər istehsal müəssisələrinin fəaliyyətə başlaması xüsusi əhəmiyyət daşıyır. Ən mühüm məqamlardan biri adıçəkilən müəssisələrdə laçınlıların işlə təmin olunmasıdır. Beləliklə, Böyük Qayıdış insanların doğma yurdlarına qayıdışı ilə yanaşı, onların dayanıqlı məşğulluğunun, sosial rifahının və firavan həyat şəraitinin təmin edilməsini özündə ehtiva edən dövlət siyasətinin təcəssümüdür.
Laçının gələcəyi böyük perspektivlər vəd edir. Şəhərin 2040-cı ilədək inkişafına dair Baş Planı müasir şəhərsalma prinsiplərinə əsaslanır. “15 dəqiqəlik şəhər” konsepsiyası, yeni yaşayış məhəllələri, sosial və mədəni obyektlər, çaykənarı bulvar, kanat yolu və turizm infrastrukturu Laçını yaşamaq, çalışmaq və istirahət etmək üçün müasir və cəlbedici şəhərə çevirəcək.
Bütün bunların fövqündə Böyük Qayıdış dayanır. 31 illik həsrətdən sonra laçınlıların doğma yurdlarına qayıtması Zəfərimizin ən təsirli və qürurverici nəticəsidir. Laçın şəhərində, Zabux, Sus və Bəylik kəndlərində yenidən həyat var, evlərdə işıqlar yanır, məktəblərdə uşaqların səsi eşidilir. Bir vaxtlar öz yurdlarından məcburi köçkün düşmüş soydaşlarımız bu gün qalib dövlətin vətəndaşları kimi doğma torpaqlarında yaşayırlar.
Möhtərəm Cənab Prezident İlham Əliyevin azad edilmiş Laçına mütəmadi səfərləri, hər səfərdə yeni obyektlərin açılışı və təməlinin qoyulması, sakinlərlə görüşləri göstərir ki, Laçının dirçəlişi dövlət siyasətinin əsas prioritetlərindəndir. Dövlət başçımızın siyasi iradəsi və rəhbərliyi ilə işğaldan azad etdiyimiz torpaqlarda yeni şəhərlər və kəndlər qurur, sabahın güclü Azərbaycanını yaradırıq".
Günay Ağamalı bildirib ki, Laçının 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan edilməsi mədəniyyətin və beynəlxalq əməkdaşlığın mühüm ünvanlarından birinə çevrildiyini nümayiş etdirdi:
"Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 26 avqustun Laçın Şəhəri Günü kimi təsis edilməsi tarixi Zəfərimizin əbədiləşdirilməsi baxımından xüsusi məna daşıyır. Laçın azaddır, qurulur, inkişaf edir və öz sakinləri ilə yenidən nəfəs alır. Azərbaycanın üçrəngli, əzəmətli Bayrağı Laçında əbədi dalğalanacaq! Bu əlamətdar gün münasibətilə bütün laçınlıları və xalqımızı ürəkdən təbrik edirəm. Laçının azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı diləyirəm! 26 Avqust Laçın Şəhəri Günümüz mübarək! Yaşasın qüdrətli Azərbaycan!".