Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
20 Sentyabr Azərbaycanın müasir tarixində mühüm günlərdən biridir. Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur.
2020-ci il Vətən müharibəsindən sonra Qarabağın böyük hissəsi işğaldan azad edildi. Lakin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri həmin vaxt Azərbaycan Ordusunun nəzarətində deyildi. Vətən müharibəsindəki Zəfərin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz suverenliyini tam bərpa etdi.Cəmi bir sutkaya yaxın müddət ərzində 406 kvadratkilometr ərazi yad ünsürlərdən təmizlənərək Ordumuzun tam nəzarəti altına keçdi. Əməliyyat zamanı düşmən ölən 310 nəfər və yaralı 614 nəfər olmaqla xeyli canlı qüvvə itirdi. Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tankı, 22 artilleriya qurğusu, 14 minaatanı, 3 zenit kompleksi, 8 radioelektron mübarizə vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla çoxsaylı silah və texnikası məhv edildi.Bundan başqa, 1731 müxtəlif döyüş texnikası, eləcə də 18 min 664 atıcı silah ələ keçirildi.
Beləliklə, Azərbaycan ərazisində qurulmuş separatçı rejimin fəaliyyətinə son qoyuldu. Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələri tərk-silah edilərək ərazilərimizdən çıxarıldı, respublikamızın suverenliyi tam təmin edildi, bütün ölkə ərazisində Konstitusiya quruluşu bərpa olundu.
20 Sentyabrın xüsusi tarix kimi müəyyənləşdirilməsi də məhz bu reallığın siyasi və hüquqi ifadəsidir. Eyni zamanda həmin gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri ilə bağlı ayrıca əlamətdar günün qeyd edilməsi təsadüfi deyil. Çünki dövlət suverenliyinin bərpası bu şəhərlərin də Azərbaycanın vahid siyasi, hüquqi və inzibati məkanına tam şəkildə reinteqrasiyasına imkan yaratdı. 2023-cü il oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması bu tarixi prosesin ən mühüm rəmzlərindən birinə çevrildi. Xankəndinin mərkəzi meydanında üçrəngli bayrağımızın ucaldılması Azərbaycan dövlətçiliyinin və milli iradənin təntənəsi idi.
Vətən müharibəsindən sonra azad edilmiş torpaqlara davamlı səfərlər edən Prezident İlham Əliyev hər bir şəhər və kəndimizdə üçrəngli bayrağımızı ucaltmış, dövlətimizin sarsılmaz iradəsini bəyan etmişdir.
Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılan Qarabağ Universiteti işğaldan azad edilmiş ərazilərin yeni inkişaf modelinin mühüm institusional dayaqlarından birinə çevrilib. Universitetin fəaliyyəti Qarabağın intellektual və insan kapitalının formalaşdırılması, gənclərin regionun gələcək inkişafına cəlb edilməsi və burada müasir təhsil mühitinin yaradılması baxımından strateji əhəmiyyət daşıyır. Xankəndinin bərpası ilə yanaşı, şəhərin iqtisadi və sosial potensialının yenidən formalaşdırılması istiqamətində də mühüm layihələr həyata keçirilir. Zəfər parkı, Konqres Mərkəzi, biznes və istehsal müəssisələri, hotel infrastrukturu, Mədəniyyət Mərkəzi, yeni nəqliyyat infrastrukturu və digər layihələr şəhərin tədricən müasir və dinamik mərkəzə çevrildiyini göstərir.
Xankəndidə Azərbaycan və Özbəkistanın birgə müəssisəsinin fəaliyyətə başlaması, “Xankəndi” Biznes Mərkəzinin açılması, İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün burada keçirilməsi də şəhərin artıq yalnız tarixi rəmz deyil, həm də regional və beynəlxalq əməkdaşlıq məkanına çevrildiyini göstərir. Xankəndidə 30 illik fasilədən sonra futbol üzrə Azərbaycan Kubokunun oyununa ev sahibliyi edilməsi isə ictimai və mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Ağdamın “Qarabağ” komandası ilə Bakının MOİK komandası arasında keçirilən həmin görüş idmanın cəmiyyətləri birləşdirən gücünü, Qarabağın sosial həyata qayıdışını və normal həyatın bərpasını nümayiş etdirən simvolik hadisəyə çevrildi. Xocalının bərpası isə Azərbaycanın tarixi yaddaşı baxımından xüsusi məna daşıyır. Xocalı adı Azərbaycan xalqının yaddaşında ən ağır faciələrdən birinin simvoludur. Bu şəhərin azad olunması və burada həyatın yenidən qurulması həm tarixi ədalətin bərpası, həm də şəhidlərin və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiramın ifadəsidir.
Bu şəhərlərin qarşısında duran əsas vəzifələrdən biri isə onların yenidən qurulmasıdır. Hazırda Qarabağda genişmiqyaslı bərpa işləri aparılır, şəhər infrastrukturu yenilənir, yeni yaşayış məhəllələri və sosial obyektlər yaradılır. Uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların öz yurdlarına qayıtması üçün də mühüm addımlar atılır. Xüsusilə Xocalının tarixi baxımdan böyük əhəmiyyət daşıması bu şəhərin dirçəlişini daha mənalı edir. Vaxtilə faciə ilə yadda qalan Xocalıda bu gün yeni həyatın qurulması gələcəyə yönələn mühüm addımlardan biridir. Xankəndi, Xocavənd və Ağdərədə də bərpa və inkişaf işlərinin aparılması Qarabağın ümumi dirçəliş prosesinin tərkib hissəsidir.
20 Sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü sadəce təqvim günü deyil, milli ləyaqətimizin, ədalətin və hüququn tam bərpasının bayramıdır. Bu gün Qarabağda separatizmin kökünün kəsilməsi, dövlət sərhədlərimizin və daxili asayişimizin tam təmin edilməsi ilə tariximizə həkk olunmuşdur. Azad olunmuş bu şəhərlər bu gün sürətlə dirçəlir, yenidən qurulur və Azərbaycanın parlayan incilərinə çevrilir.
Sahil Əmrəlizadə,
Salyan rayon Yolüstü kənd İƏD üzrə nümayəndəliyində baş məsləhətçi,Vətən Müharibəsi iştirakçısı