Dövlətçiliyimizin qürur tarixi
Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər ilin sentyabr ayının 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Sərəncamda deyilir: “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”.
Məlum olduğu kimi, Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. 44 gün davam edən müharibə nəticəsində işğal altındakı ərazilərinin bir hissəsini azad edən Azərbaycan digər ərazilərindən - Kəlbəcər, Ağdam və Laçın rayonlarından erməni qoşunlarının çıxarılmasını təmin etdi. Bununla da öz torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycan ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail oldu. Bu, dünya praktikasında ədalətin bərqərar olduğu nadir hadisələrdən, bir ölkənin öz suverenliyini bərqərar etmək üçün böyük qəhrəmanlıq salnamələrindən biridir.
Digər baxımdan, Beynəlxalq hüquqa əsasən, Cənubi Qafqazda dənizə çıxışı olmayan Ermənistanın və erməni diasporunun hərbi, siyasi və maliyyə dəstəyi ilə qurulmuş, BMT-yə üzv olan heç bir dövlət tərəfindən müstəqilliyi tanınmayan qondarma rejimin Qarabağda fəaliyyətini davam etdirməsi qeyri-qanuni və suveren dövlət daxilində qəbuledilməz bir vəziyyət idi. Bu vəziyyət Azərbaycanın beynəlxalq hüquqi suverenliyini sual altına qoymadan onun suveren ali hakimiyyətini və suverenliyin nəzarət funksiyasını məhdudlaşdırırdı. Azərbaycan qətiyyətli addım ataraq, peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində Laçın-Xankəndi yolunun başlanğıcında, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdı. Həmin nəzarət-buraxılış məntəqəsinin yaradılması hakimiyyətin aliliyinin və nəzarət funksiyasının yerinə yetirilməsinin təmin edilməsi demək idi. Bu, Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra əldə etdiyi növbəti tarixi nailiyyət hesab olunur. Həkəri çayının üzərində “Laçın” dövlət sərhədində buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan bütün beynəlxalq sərhədləri boyunca suveren hakimiyyətini və nəzarətini, başqa cür desək, ərazi bütövlüyünü təmin etdi.
Azərbaycan 2023-cü ilin sentyabrında beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində öz suverenliyini tam bərpa etmiş oldu. Bununla da ölkəmiz sübut etdi ki, qüdrətli dövlətdir və onun sarsılmaz, qətiyyətli mövqeyə, dəmir iradəyə malik Ali Baş Komandanı var. Məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşmən üzərində qəti qələbə qazanaraq yüz ildən bəri bizə «miras» qalan bu irinli yaranı birdəfəlik kəsib atdı.
Artıq ölkəmiz hər il 20 sentyabr tarixini Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü kimi qeyd edəcəkdir. Bu barədə Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 oktyabr tarixli Sərəncamında bildirilir: «2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
Unutmayaq ki, suverenlik dövlətin mövcudluğunun və müstəqilliyinin əsas elementidir: Çünki dövlət suverenliyi dövlətin öz ərazisində vahid və şəriksiz üstünlüyü və beynəlxalq münasibətlərdə müstəqilliyi deməkdir. Bu gün Azərbaycan öz torpaqlarını tamamilə işğaldan azad edib. Artıq Azərbaycan torpaqlarının heç bir qarışında separatçılar mövcud deyil. Təbii ki, Azərbaycan işğaldan azad etdiyi torpaqlarda həyatı dirçəltməyə davam edir.
Eyni zamanda 20 sentyabr artıq Dövlət Suverenliyi Günü kimi simvolik anlamda da kifayət qədər mühüm önəm daşıyır. Xüsusilə Dövlət Suverenliyi Gününün təsis edilməsi həm dosta, həm də düşmənə bir mesajdır. Müasir beynəlxalq hüququn fəlsəfəsinə görə, dövlət ərazisinin böyüklüyündən, əhalisinin sayından, konstitusiya quruluşundan asılı olmayaraq suverenliyə malikdir. Suverenlik dövlətin və dövlətçiliyin əsas əlamətidir və onu siyasi münasibətlərin xüsusi subyekti, cəmiyyətin siyasi sisteminin əsas tərkib hissəsi kimi səciyyələndirir. Dövlət suverenliyi anlayışına beynəlxalq hüququn müstəqil subyektinin ərazisinin bütövlüyü və bölünməzliyi, sərhədlərinin toxunulmazlığı və onun daxili işlərinə kənar müdaxilənin yolverilməzliyi kimi fundamental prinsiplər daxildir.
Biz əzəli torpaqlarımızı yenidən dirçəldirik. Yağı düşmən də, onlara havadarlıq edənlər də bilsinlər ki, Azərbaycan xalqı vahid yumruq kimi Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Bu gün Ermənistanı qızışdırıb revanşizmə sürükləyənlər də yaxşı eşitsinlər - DƏMİR YUMRUQ yerindədir!
Samin Əziz,
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, Vətən Müharibəsi iştirakçısı