Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
Son günlər Bakıda Türk Dövlətləri Təşkilatı çərçivəsində müxtəlif istiqamətləri əhatə edən yüksək səviyyəli tədbirlərin keçirilməsi təsadüfi diplomatik fəallıq deyil. Sentyabrın 17-də i TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının nümayəndələrini Prezident İlham Əliyevin qəbul etməsi Azərbaycanın Türk dünyası ilə münasibətlərinin artıq ayrı-ayrı sahələrlə məhdudlaşmadığını göstərir. Xüsusilə Təhlükəsizlik Şuraları katiblərinin toplantısının ilk dəfə Azərbaycanda keçirilməsi müstəsna əhəmiyyət kəsb edən hadisədir. Prezident İlham Əliyevin təhlükəsizlik üzrə rəhbər şəxslərə müraciətində Türk dünyasının yüksəliş mərhələsinə qədəm qoyduğunu vurğulaması bu prosesin siyasi mahiyyətini aydın ifadə edir. Dövlət başçımızın bildirdiyi kimi, təhlükəsizlik şuraları arasında əməkdaşlıq TDT inteqrasiyasının yalnız siyasi, iqtisadi və mədəni sahələrlə məhdudlaşmadığını, onun uzunmüddətli strateji xarakter daşıdığını nümayiş etdirir. Beynəlxalq terrorçuluq, transmilli cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, dini ekstremizm, hibrid təhdidlər və kritik infrastrukturun mühafizəsi kimi məsələlərin birgə müzakirəsi isə TDT daxilində təhlükəsizlik gündəliyinin institusional müstəviyə keçdiyini göstərir.
TDT-nin digər beynəlxalq təşkilatlardan fərqləndirən ən mühüm amil onun sadəcə iqtisadi və ya siyasi maraqlara deyil, həm də mənəvi birliyə, ortaq etnik köklərə, dil və mədəniyyət oxşarlığına söykənməsidir. İyirmi ilə yaxın bir dövrdə – 2009-cu il Naxçıvan Zirvə görüşündən başlayaraq qət edilən yol göstərir ki, təşkilat yalnız üzv ölkələr arasında qarşılıqlı inteqrasiyanı dərinləşdirmir, həm də qlobal miqyasda mühüm güc mərkəzinə çevrilir.
Azərbaycanın Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla imzaladığı müttəfiqlik haqqında bəyannamə və müqavilələr ikitərəfli əlaqələrin ən yüksək pilləsidir. Yaradılmış birgə investisiya fondları və fəal iqtisadi tərəfdaşlıq bu birliyi daha da möhkəmləndirir.Müasir dünyada təhlükəsizlik anlayışı yalnız hərbi sahə ilə məhdudlaşmır. Enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları olmadan ümumi təhlükəsizlikdən söhbət gedə bilməz. Türk dövlətləri Avropa və Asiyanın qovşağında yerləşərək həm zəngin təbii ehtiyatlara malikdir, həm də mühüm enerji və nəqliyyat koridorlarına nəzarət edir.
Azərbaycan burada həm dünya bazarlarına enerji resursları tədarük edən ölkə, həm də Mərkəzi Asiyadan gələn resursların Xəzər vasitəsilə tranzitini təmin edən vacib qovşaq rolunu oynayır. Qazaxıstanla həyata keçirilən optik lifli kabel layihəsi kimi təşəbbüslər isə TDT məkanında rəqəmsal bağlantının və infrastrukturun inkişafına böyük töhfə verir.
Dünyanın müxtəlif yerlərində durğunluq, iqtisadi geriləmə və mürəkkəb sosial problemlərin yaşandığı bir vaxtda TDT məkanında sabitliyin və sənaye artımının saxlanılması dövlət səviyyəsində həyata keçirilən düzgün siyasətin nəticəsidir. Sabitlik və təhlükəsizliyin hökm sürdüyü mühit xarici investisiyaların və innovasiyaların cəlb edilməsi üçün başlıca şərtdir.
Eyni zamanda, ölkələrimizin malik olduğu demoqrafik üstünlük, gənc və dinamik əhətiyyətə malik əhali TDT-nin gələcək potensialını şərtləndirir. Bu gənc nəslin milli-mənəvi dəyərlərə, vətənpərvərlik ruhuna sadiq tərbiyə olunması, xarici ideoloji təxribatlardan qorunması təşkilat çərçivəsində gənclər siyasətinin prioritet istiqaməti olmalıdır.
Prezident İlham Əliyevin nitqində diqqət çəkdiyi mühüm məqamlardan biri də günümüzün fiziki təhdidləri ilə yanaşı, həm də ideoloji təhdidlər daşımasıdır. Xaricdəki müəyyən mərkəzlərdən maliyyələşən media strukturları və yad təsirlər vasitəsilə ictimai həmrəyliyi pozmaq cəhdlərinə qarşı fəal və koordinasiyalı mübarizə aparmaq həyati vacibdir.
Müasir çağırışlar fonunda TDT-yə üzv ölkələrin təhlükəsizlik strukturlarının sıx əlaqələndirilməsi, operativ məlumat mübadiləsi və birgə fəaliyyəti regionumuzun dinc və təhlükəsiz gələcəyinin qarantıdır. Biz təkbaşına deyil, birlikdə daha güclüyük. Birlikdə çalışaraq Türk Dövlətləri Təşkilatını qlobal arenanın ən aparıcı və təsirli beynəlxalq institutlarından birinə çevirmək potensialına malikik.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik və milli maraqlar xəttinin Prezident İlham Əliyev tərəfindən müasir geosiyasi reallıqlara uyğun şəkildə davam etdirilməsi nəticəsində Azərbaycan türk dünyasında həm etibarlı tərəfdaş, həm təşəbbüskar dövlət, həm də müxtəlif istiqamətləri bir araya gətirən mühüm platforma kimi çıxış edir. Son günlər Bakının ardıcıl olaraq dini və təhlükəsizlik formatlarında TDT tədbirlərinə ev sahibliyi etməsi də bu siyasi etimadın konkret göstəricilərindəndir. Azərbaycan üçün əsas məsələ isə bu etimadı davamlı nəticələrə çevirməkdir. TDT daxilində təhlükəsizlik koordinasiyasının, ticarətin, investisiyaların, nəqliyyat bağlantılarının, enerji əməkdaşlığının və humanitar əlaqələrin daha da dərinləşdirilməsi həm təşkilatın beynəlxalq çəkisini artıracaq, həm də Azərbaycanın milli maraqlarına uyğun regional imkanları genişləndirəcək. Beləliklə də, Bakı yalnız Türk dünyasının görüş məkanı deyil, onun gələcək əməkdaşlıq modelinin formalaşdığı mühüm siyasi mərkəzlərdən biri kimi çıxış edir.
Günaydın Əhədova,
Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Salyan rayon Komitəsinin sədri