Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
Ali Baş Komandanımızın rəhbərliyi altında 2020-ci ilin noyabrındakı möhtəşəm qələbəmizdən sonra 2023-cü ilin sentyabrında erməni terrorizminin və talançılığının qarşısı tamamilə alındı, digər şəhərlərimiz kimi əziz və tarixi şəhərimiz olan Xankəndi 200 illik ədalətsizlikdən qurtuldu. Xankəndinin azadlığı Azərbaycanın suverenliyinin sərhədlərini bütövləşdirdi, coğrafi-siyasi baxımdan Azərbaycan bütöv, vahid orqanizmə çevrildi.
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2023-cü il oktyabrın 15-də tarixi gündə ‒ Prezident seçilməsinin 20-ci ilinin tamam olduğu gündə Xankəndidə, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Cənab Prezident İlham Əliyevin dövlət bayrağını dövlət başçısı seçilməsinin 20-ci ilində Xankəndidə ucaltması Azərbaycan tarixində nisbi-bərabəri olmayan bir hadisədir. Bu gün Azərbaycan xalqı üçün milli qürur, başıucalıq günüdür. Bu hadisə 100 illiklərdən bəri millətimizə qarşı qurulan planların, "dənizdən dənizə böyük Ermənistan" layihələrinin, Ermənistanı müdafiə edənlərin dəfn edilməsidir.
Xankəndinin əsas meydanında xalqa müraciət edən Prezident İlham Əliyev həm də 2003-cü il ali dövlət postuna seçilərkən Xalqa verdiyi vədi yerinə yetirərək dövlətimizin qarşısında duran əsas və tarixi missiyanı zəfərlə başa çatdırdı. Prezident İlham Əliyev iqtisadi güc faktorundan məharətlə istifadə edərək Azərbaycanın regional qüdrətini və Cənubi Qafqazda liderliyini tamamilə təmin etdi. Dünyada dərin kök salmış ədalətsizlik və ikili standartlar mühitində ölkəmizə qarşı haqsızlıqlara rəğmən beynəlxalq təzyiqlərə əzmkarlıqla sinə gərərək düşmən üzərində Parlaq Qələbə qazandı və bu zəfəri həm də diplomatik meydanda təmin etdi. Xalq qarşısında verdiyi bütün vədləri layiqincə yerinə yetirdi. Özünün də bəyan etdiyi kimi, “İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.
Zəfərimizin son akkordu olan Xankəndi əməliyyatlarının tariximizdə siyasi rəmzi mənası isə Ulu Öndərin müqəddəs arzularının, vəsiyyətlərinin məhz “Heydər Əliyev İli”ndə tamamlanmasıdır. Xankəndi Zəfəri “Heydər Əliyev İli”nə ən böyük töhfə olmaqla, Ulu Öndərin vəsiyyətini də bütövləşdirdi.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Xankəndi şəhərində təmir-bərpa və quruculuq işlərinin aparılması ilə bağlı tədbirlər planı hazırlanıb və icrasına başlanılıb. Vaxtilə Ulu Öndərin təsdiq etdiyi Baş plan əsasında qurulan Xankəndi hazırda cənab İlham Əliyevin yeni milli quruculuq fəlsəfəsi əsasında tamamilə müasir görkəmdə həyata keçirilir, Xankəndinin tarixi-milli siması özünə qaytarılır, yararsız hala salınmış küçə və prospektləri, inzibati binaları, o cümlədən məktəblər, uşaq bağçaları, mədəniyyət və idman obyektləri əsaslı şəkildə yenidən qurulmaqdadır.
Qarabağda təhsil ənənələrinin bərpası və yenidən təşkili məqsədilə ilk addım kimi Qarabağ Universiteti təsis edilib. 2024-cü il sentyabrın 19-da Xankəndinə səfəri çərçivəsində Prezident İlham Əliyevin Qarabağ Universitetinin və tələbə yataqxanasının təmirdən sonra açılışına qatılması, yeni təhsil müəssisəsinin müəllim və tələbə heyəti ilə görüşü, onların önündə çıxışı isə Xankəndinin həyatında əsl dönüş mərhələsinin başlanması kimi yadda qaldı. Qarabağ Universitetinin qapıları 36 ildən sonra azərbaycanlı tələbələrin üzünə açıldı. Bununla da Xankəndinə ilk köç başladı, şəhərin doğma sakinləri isə yaxın günlərdə öz evlərinə qovuşacaqlar.
Xankəndidə istehsal, emal, ticarət, xidmət, iaşə, sənaye və digər sektorların da fəaliyyətinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlərin görülməsi nəzərdə tutulur. Şəhərdə kiçik və orta biznes tərəfindən müxtəlif istiqamətli layihələr icra olunur, ictimai iaşə, istehsal, xidmət obyektləri istifadəyə verilib. Bu isə Xankəndinin iqtisadi imkanlarının səfərbər edilməsi və reinteqrasiyaya qoşulmasını tam mümkünləşdirəcək.
Məcburi köçkünlərin doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılıb. Artıq Xocalı şəhəri də daxil olmaqla işğaldan azad edilmiş ərazilərin bir çoxunda məcburi köçkünlərin qayıdışı təmin olunur, sakinlərin doğma yurd-yuvasına köçürülməsi davam edir. İndiyədək 2 min 117 ailə, o cümlədən Füzuli şəhərinə 822, Talış kəndinə 20, Ağalı kəndinə 175, Şuşa şəhərinə 210, Laçın şəhərinə 570, Sus kəndinə 59, Zabux kəndinə 217, Xocalı şəhərinə 44 ailə köçürülüb və bu istiqamətdə işlər davam etdirilir.
İşğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilib, mədəni irsimizə böyük zərbə vurulub, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalıb. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Əminliklə söyləmək olar ki, bu bölgələr Azərbaycanın dilbər guşələrinə çevriləcək.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti nəticəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri yenidən Azərbaycanın ictimai, iqtisadi, mədəni və siyasi həyatının ayrılmaz hissəsinə çevrilir. Bu ərazilərdə qurulan yeni həyat, qayıdan ailələr, fəaliyyətə başlayan müəssisələr, bərpa olunan tarixi-mədəni irs və yaradılan müasir infrastruktur Azərbaycanın Zəfərdən sonrakı inkişaf strategiyasının mühüm nəticələridir.
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü xalqımızın milli qürurunu və dövlətçilik əzmini ifadə etməklə yanaşı, gələcəyə yönəlmiş məsuliyyətli siyasətin rəmzidir. Bu əlamətdar tarix Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və milli iradəsinin təntənəsi kimi qeyd olunur və Qarabağın davamlı inkişafı, əhalinin təhlükəsiz və firavan yaşayışı naminə həyata keçirilən işlərin əhəmiyyətini bir daha nümayiş etdirir.
Abdulla Əliyev,
Sarvan kənd tam orta məktəbin hərbi rəhbəri,
Vətən müharibəsi iştirakçısı