Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
20 Sentyabr Azərbaycan tarixində yalnız Dövlət Suverenliyi Günü kimi deyil, həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən, hər il sentyabrın 20-si bu şəhərlərin günü kimi qeyd olunur. Bu əlamətdar günün təsis olunması uzun və məşəqqəti 30 il, minlərlə azərbaycanlı igidin canları və qanları bahasına başa gəlmişdir. Bu günün təsis edilməsi həmçinin Ermənistanın və qondarma Dağlıq Qarabağın terrorçu silahlı dəstələrinin tör-töküntülərinin tərk-silah edilərək ərazilərimizdən birdəfəlik çıxarılması ilə bağlıdır.
2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın konstitusiya quruluşu bütün ərazidə tam bərpa olundu, qanunsuz silahlı birləşmələr tərksilah edildi və dövlət suverenliyi tam təmin edildi.
2023-cü il oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu hadisə tariximizin ən qürurverici səhifələrindən biri kimi yadda qaldı və dövlət suverenliyimizin bərpasının rəmzinə çevrildi.
İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarmışdır. Bu məqsədlə Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradıldı.2023-cü il dekabrın 5-də qəbul edilmiş qanuna əsasən Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradıldı.
2023-cü il dekabrın 21-də Ağdamın “Qarabağ” komandası Azərbaycan kubokunun 1/8 final mərhələsindəki oyununu adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə keçirdi. Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun idi.
Prezident İlham Əliyevin Xocalıya ardıcıl səfərləri şəhərin bərpasına dövlət səviyyəsində göstərilən diqqətin mühüm göstəricisidir. Xocalı Soyqırımı Memorialının təməlqoyma mərasimindən onun açılışına qədər görülən işlər tarixi yaddaşın qorunması ilə müasir şəhərsalma siyasətinin vəhdətini nümayiş etdirir. Xocalıda yaşayış binalarının yenidən qurulması, kəndlərin bərpası, enerji və rəqəmsal infrastrukturun yaradılması, istehsal müəssisələrinin fəaliyyətə başlaması və insanların doğma yurdlarına qayıdışı şəhərin həyatının mərhələli şəkildə canlandırıldığını göstərir.
Xocavənddə də analoji proses müşahidə olunur. Hadrut, Tuğ, Xocavənd şəhəri, Qırmızı Bazar, Sos və digər yaşayış məntəqələrində həyata keçirilən bərpa və quruculuq işləri bu ərazilərin gələcək inkişafına hesablanıb. Yol və enerji infrastrukturu, yaşayış məhəllələri, inzibati mərkəzlər, sosial obyektlər və digər layihələr Xocavəndin yeni inkişaf mərhələsinə keçidini təmin edir. Xocavəndin tarixi-mədəni irsinin qorunması da bu prosesin mühüm istiqamətlərindən biridir. Tuğ kəndi və qədim Alban məbədləri ilə bağlı görülən işlər göstərir ki, bərpa prosesi yalnız fiziki infrastrukturun yaradılmasını deyil, tarixi-mədəni irsin qorunmasını da əhatə edir. Ağdərə rayonunun yaradılması da işğaldan azad edilmiş ərazilərdə yeni inzibati və idarəetmə modelinin formalaşdırılması baxımından mühüm addımdır.
2023-cü ilin dekabrında qəbul edilmiş qanunla Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonunun yaradılması dövlət idarəçiliyinin yeni reallıqlara uyğunlaşdırılmasına xidmət edir. Ağdərədə həyata keçirilən layihələr isə regionun həm yaşayış, həm də iqtisadi potensialının bərpasına hesablanıb. Suqovuşanda yaşayış kompleksinin istifadəyə verilməsi, məscidin açılması, yolların və enerji infrastrukturunun qurulması, kəndlərin bərpası, “Qozlukörpü” Su Elektrik Stansiyasının istifadəyə verilməsi və “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti Ağdərənin gələcək sosial-iqtisadi inkişafının əsaslarını formalaşdırır.
Bu prosesin mühüm xüsusiyyətlərindən biri də məhz insanların doğma torpaqlarına qayıdışının təmin edilməsidir. 2026-cı il avqustun 17-dək Xankəndi və Kərkicahan qəsəbəsində ümumilikdə 119 ailə, 506 nəfər, Xocalı rayonunda 1 167 ailə, 4 841 nəfər, Xocavənd rayonunda 988 ailə, 4 070 nəfər, Ağdərə rayonunda isə 917 ailə, 3 587 nəfər məskunlaşıb. Bu rəqəmlər Böyük Qayıdış prosesinin artıq real sosial nəticələr yaratdığını göstərir. Qayıdış sadəcə insanların mənzil təminatı ilə məhdudlaşmır. Məqsəd burada dayanıqlı yaşayış mühiti, məşğulluq, təhsil, səhiyyə, nəqliyyat, kommunal xidmətlər və sosial infrastrukturun tam formalaşdırılmasıdır. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq siyasəti Azərbaycanın postmüharibə inkişaf strategiyasının mühüm hissəsidir.
Prezident cənab İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə çoxsaylı səfərləri bu siyasətin ardıcıllığını və dövlət başçısının prosesə şəxsən nəzarət etdiyini nümayiş etdirir. Bu səfərlər zamanı yeni layihələrin təməli qoyulur, müxtəlif obyektlər istifadəyə verilir, sakinlərlə görüşlər keçirilir, bərpa və quruculuq işlərinin gedişi ilə tanışlıq baş tutur. Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, Prezidentin bu ərazilərə səfərləri təkcə infrastruktur layihələrinin açılışı ilə məhdudlaşmır. Xankəndidə Novruz tonqalının alovlandırılması, Xocalıda memorialın açılması, Ağdərədə sakinlərlə görüşlər, Xocavənddə tarixi-mədəni irs nümunələrinə diqqət göstərilməsi həmin ərazilərdə həyatın bütün sahələrinin bərpasına dövlət yanaşmasının göstəricisidir.
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycan xalqının yaddaşında Zəfərin, suverenliyin və Böyük Qayıdışın rəmzi olaraq yaşayacaq. Bu tarix həm keçmişi xatırlamaq, həm bu günün reallıqlarını dərk etmək, həm də gələcəyə inamla baxmaq üçün mühüm mənəvi tarixdir. Qarabağda dalğalanan üçrəngli bayrağımız isə bu tarixi gerçəyi bir daha təsdiqləyir: Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, indi isə azad edilmiş torpaqlarını böyük quruculuqla gələcəyə hazırlayır.
Nəcəf Kərimov,
Salyan rayon Kərimbəyli kənd İƏD üzrə nümayəndəliyində baş məsləhətçi,Vətən Müharibəsi iştirakçısı