Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Belə bir tarixi və mürəkkəb dövrdə Türk Dövlətləri Təşkilatının rolunun və beynəlxalq nüfuzunun artması xüsusi əhəmiyyət kəsb edir. Ölkə Prezidenti cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə keçirilən görüşdəki proqram xarakterli çıxışı TDT-nin gələcək inkişaf istiqamətlərini və Azərbaycanın xarici siyasət prioritetlərini bir daha aydın şəkildə nümayiş etdirdi.
Görüşdə TDT Baş katibi Kubanıçbek Ömüralıyev, Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memiş, Özbəkistan Prezidentinin Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudov, Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Adilet Orozbekov, Qazaxıstan Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayeva və Şimali Kipr Türk Respublikasının Baş nazirinin müşaviri Mehmet Ağan iştirak ediblər. Bu tərkib özü təhlükəsizlik məsələlərinin artıq TDT daxilində yalnız ayrı-ayrı dövlətlərin ikitərəfli münasibətləri səviyyəsində deyil, çoxtərəfli formatda müzakirə olunduğunu nümayiş etdi.
Prezident İlham Əliyevin çıxışının əsas istiqamətlərindən biri müasir təhlükəsizlik anlayışının dəyişməsi ilə bağlıdır. Dövlət başçısı ənənəvi təhdidlərlə yanaşı, kibertəhdidlərin, yeni qeyri-sabitlik ocaqlarının və hibrid çağırışların meydana çıxdığını, eyni zamanda beynəlxalq hüquq sahəsində böhranın müşahidə edildiyini vurğulayıb. Bu yanaşma təhlükəsizliyə yalnız hərbi müdafiə prizmasından deyil, daha geniş siyasi, texnoloji, iqtisadi və institusional müstəvidən baxılmasını tələb edir.
Burada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, Azərbaycan təhlükəsizlik əməkdaşlığını TDT-nin ümumi inteqrasiya prosesindən kənar ayrıca mexanizm kimi təqdim etmir. Əksinə, Prezidentin çıxışında təhlükəsizlik sahəsində əməkdaşlıq Türk dünyasının siyasi və iqtisadi inteqrasiyasının tamamlayıcı elementi kimi nəzərdən keçirilir. Dövlət başçısı Təhlükəsizlik Şuraları katiblərinin mütəmadi görüşlərini aktual risklərin müəyyənləşdirilməsi və onların qarşısının alınması baxımından mühüm mexanizm kimi xarakterizə edib.
İlham Əliyevin mesajlarının digər mühüm tərəfi təhlükəsizliklə nəqliyyat-logistika əlaqələri arasında qurulan paraleldir. Çıxışda Orta Dəhliz, Zəngəzur dəhlizi və digər nəqliyyat bağlantılarının inkişafı Türk dövlətlərinin iqtisadi və strateji əlaqələrinin gücləndirilməsi kontekstində qeyd olunur. Bu, Azərbaycanın TDT daxilində nəqliyyat və kommunikasiya layihələrinə yalnız iqtisadi layihələr kimi deyil, regionlararası əlaqələrin və uzunmüddətli sabitliyin mühüm elementləri kimi yanaşdığını göstərir.
Qarabağ məsələsi də çıxışın geosiyasi məntiqində xüsusi yer tutur. Prezident İlham Əliyev Azərbaycanın Qarabağ Zəfərinin regionda yeni geosiyasi reallığın əsasını qoyduğunu və Zəngəzur dəhlizinin reallaşması üçün tarixi zəmin yaratdığını bildirib. Bununla Azərbaycan özünün regional təhlükəsizlik yanaşmasını postmünaqişə dövründə yaranmış yeni kommunikasiya imkanları ilə əlaqələndirir.
Burada Azərbaycanın TDT-yə sədrliyi də xüsusi əhəmiyyət daşıyır. Prezidentin çıxışına görə, Azərbaycan sədrliyi dövründə üzv dövlətlər arasında birlik və həmrəyliyin möhkəmləndirilməsini, qarşılıqlı fəaliyyət imkanlarının genişləndirilməsini və regionun davamlı inkişafına töhfə verməyi prioritet istiqamətlərdən biri kimi təqdim edir. 2025-ci ildə Qəbələ Zirvə Görüşündə qəbul edilmiş Bəyannamənin siyasi, iqtisadi, enerji, humanitar, hərbi və təhlükəsizlik sahələrində əməkdaşlığı əhatə edən yol xəritəsi kimi qiymətləndirilməsi də bu siyasətin institusional çərçivəsini göstərir.
Görüşün başqa bir mühüm nəticəsi təhlükəsizlik məsələlərinin TDT-nin ümumi beynəlxalq çəkisi ilə əlaqələndirilməsidir. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının dünyanın güclü geosiyasi mərkəzlərindən birinə çevrilməsi potensialını vurğulayıb. Bu ifadə təşkilatın gələcək inkişafında təhlükəsizlik komponentinin də getdikcə daha çox əhəmiyyət qazana biləcəyinə işarə kimi qiymətləndirilə bilər. Lakin bu istiqamətin real nəticələri dövlətlər arasında koordinasiyanın hansı səviyyəyə çatacağından, qəbul edilən təşəbbüslərin praktiki mexanizmlərlə təmin olunmasından və üzv ölkələrin milli təhlükəsizlik prioritetlərinin necə uzlaşdırılmasından asılı olacaq.
Məhz buna görə Bakı görüşünü yalnız növbəti diplomatik toplantı kimi qiymətləndirmək kifayət etmir. Təhlükəsizlik Şuraları katiblərinin beşinci toplantısının keçirilməsi TDT daxilində təhlükəsizlik dialoqunun artıq davamlı institusional xarakter aldığını göstərir. Prezidentin çıxışında isə bu mexanizmin daha geniş regional təhlükəsizlik arxitekturasının formalaşdırılmasına xidmət edə biləcəyi vurğulanır.
İlham Əliyevin 17 sentyabr çıxışı Azərbaycanın Türk dünyasına münasibətdə təhlükəsizlik anlayışını daha geniş strateji çərçivədə gördüyünü nümayiş etdirir. Bu çərçivədə siyasi dialoq, hərbi əməkdaşlıq, nəqliyyat-kommunikasiya layihələri, kibertəhlükəsizlik, terrorçuluq və transmilli cinayətkarlıqla mübarizə bir-birindən ayrı istiqamətlər deyil, qarşılıqlı şəkildə tamamlanan sahələr kimi təqdim olunur. Azərbaycanın sədrliyi dövründə Bakıda belə bir toplantının keçirilməsi isə təhlükəsizlik gündəliyinin TDT-nin gələcək inteqrasiya prosesində daha sistemli yer tutduğunu göstərən mühüm siyasi-diplomatik hadisədir.
Emin Məlikov,
Salyan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbin direktor əvəzi