Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
Bəzən siyasi iradəni ifadə edən bir fikir zaman keçdikcə tarixi hadisələrin məzmununda öz təsdiqini tapır. “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsi də məhz belə bir məna daşıyır. Prezident İlham Əliyevin 2019-cu ildə Soçidə keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasında səsləndirdiyi bu fikir Azərbaycanın Qarabağ məsələsində mövqeyinin qəti və dəyişməz olduğunu ifadə edirdi. Sonrakı illərdə baş verən hadisələr həmin mövqenin konkret nəticələrlə tamamlanmasına gətirib çıxardı.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Qarabağ məsələsinin həllində yeni mərhələ açdı. 44 gün davam edən döyüşlər zamanı Azərbaycan Ordusu ərazilərimizin böyük hissəsini işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın azad olunması Zəfərin ən mühüm hadisələrindən birinə çevrildi. Müharibənin yekunları Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində əsaslı dönüş yaratdı və Qarabağda yeni reallığın formalaşmasına səbəb oldu.
Lakin 2020-ci ilin nəticələrindən sonra da Qarabağda Azərbaycan dövlətinin konstitusion quruluşuna qarşı fəaliyyət göstərən qanunsuz silahlı birləşmələr mövcudluğunu davam etdirirdi. 2023-cü ilin sentyabrında bölgədə vəziyyətin gərginləşməsi və Azərbaycanın suverenliyinə qarşı təxribatların davam etməsi növbəti mərhələnin başlanmasını şərtləndirdi. Sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirlərinə başladı. Tədbirlərin qarşısında duran əsas məqsəd qanunsuz silahlı birləşmələrin fəaliyyətinin dayandırılması, onların silah və hərbi texnikasının zərərsizləşdirilməsi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa olunması idi. Əməliyyat cəmi 23 saat davam etdi və sentyabrın 20-də başa çatdı. Rəsmi Sərəncamda da qeyd olunduğu kimi, Azərbaycan Ordusu qarşıya qoyulan vəzifələri yerinə yetirdi və nəticədə Azərbaycanın dövlət suverenliyi tam bərpa edildi.
Bu hadisənin əhəmiyyətini yalnız əməliyyatın qısa müddətdə başa çatması ilə məhdudlaşdırmaq olmaz. Əsas məsələ uzun illər Azərbaycan dövlətinin nəzarətindən kənarda qalmış ərazilərdə konstitusion quruluşun və qanunun aliliyinin bərpası idi. Sentyabrın 20-dən sonra Qarabağda dövlət idarəçiliyinin təşkili, Azərbaycan qanunlarının tətbiqi və dövlət atributlarının fəaliyyətinin təmin olunması istiqamətində yeni mərhələ başladı. Bu mərhələnin mühüm rəmzlərindən biri 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması oldu. Qarabağ Universitetinin açılışında 20 Sentyabr 2024-cü ildə çıxış edən dövlət başçısı da məhz bu tarixi nəticəni vurğulayaraq 2023-cü il sentyabrın 20-də dövlət suverenliyinin tam bərpa edildiyini bildirmişdi.
Beləliklə, “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsi zaman keçdikcə yalnız siyasi mövqeni ifadə edən sözlər kimi deyil, konkret hadisələrlə təsdiqlənmiş tarixi reallıq kimi yeni məzmun qazandı. 2019-cu ildə səsləndirilən bu fikir 2020-ci ildə Şuşanın azad olunması ilə mühüm mərhələdən keçdi, 2023-cü il sentyabrın 20-də isə Qarabağda Azərbaycan dövlətinin suverenliyinin tam təmin olunması ilə özünün ən mühüm nəticəsinə çatdı.
Bu tarixi nəticənin dövlət səviyyəsində hüquqi-siyasi ifadəsi 2024-cü ildə öz əksini tapdı. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi təsis edildi. Sərəncamda 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində qanunun aliliyinin təmin olunması və dövlət suverenliyinin bərpa edilməsi bu qərarın əsasını təşkil edir.
Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və həmin ərazilərdə sosial-iqtisadi həyatın yenidən canlandırılması Azərbaycanın suveren inkişafının yeni mərhələsini formalaşdırır. Dövlət Suverenliyi Günü də məhz belə bir reallıqda qeyd olunur. Bu əlamətdar tarix Azərbaycan dövlətinin öz ərazisində tam hakimiyyətə malik olmasının yaratdığı imkanları, milli iradəyə əsaslanan dövlət siyasətinin nəticələrini və qarşıdakı dövr üçün müəyyənləşdirilən böyük hədəfləri özündə birləşdirir. Qarabağda qurulan yeni şəhərlər, bərpa edilən yaşayış məntəqələri və burada yenidən başlayan həyat isə Azərbaycanın suverenliyinin yalnız tarixi nailiyyət deyil, gələcəyə istiqamət verən möhkəm dövlətçilik dayağı olduğunu göstərir.
Mailə Hacıyeva,
Salyan şəhər 6 saylı uşaq bağçasının müdiri, YAP fəalı