Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
Tarix elə günlər yaradır ki, həmin günlər təqvimdə adi bir tarix olmaqdan çıxır, xalqın yaddaşına, milli qüruruna və dövlətçilik salnaməsinə çevrilir. 20 sentyabr da Azərbaycan xalqı üçün məhz belə əlamətdar günlərdən biridir. Bu tarix artıq yalnız təqvimdəki bir gün deyil, milli iradənin, dövlət suverenliyinin, Vətən uğrunda mübarizənin və tarixi ədalətin bərpasının rəmzidir.
Azərbaycan xalqı müstəqillik tarixinin müxtəlif mərhələlərində ciddi sınaqlarla üzləşmişdir. Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunması, yüz minlərlə insanın öz doğma yurdlarından didərgin düşməsi, şəhər və kəndlərin dağıdılması, tarixi və mədəni irsə zərər vurulması dövlət suverenliyimizə qarşı ən ağır təhdidlərdən biri olmuşdur. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri ilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması tələb edilsə də, uzun illər ərzində bu sənədlərin icrası təmin edilməmişdir. Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi ilə əlaqədardır. 44 gün davam edən müharibədə Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərin böyük hissəsini azad etmiş, hərbi-siyasi üstünlük əldə etmişdir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edilmişdir. Beləliklə, Azərbaycan öz hərbi gücü və siyasi iradəsi ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrində əksini tapmış tələblərin yerinə yetirilməsinə nail olmuşdur.
Dövlət suverenliyinin tam təmin edilməsi istiqamətində mühüm addımlardan biri 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərində Azərbaycan sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması olmuşdur. Bu addım Azərbaycanın beynəlxalq səviyyədə tanınmış dövlət sərhədləri daxilində təhlükəsizlik və nəzarət funksiyalarını həyata keçirmək hüququnun təmin olunması baxımından əhəmiyyətli idi. Azərbaycanın öz ərazisində sərhəd nəzarətini həyata keçirməsi beynəlxalq hüququn əsas prinsiplərinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət tələblərinə uyğun olmuşdur.
2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda başlanan lokal xarakterli antiterror tədbirləri sentyabrın 20-də başa çatdı. Azərbaycan Prezidentinin rəsmi məlumatına görə, 23 saat davam edən əməliyyat nəticəsində qarşıya qoyulmuş vəzifələr yerinə yetirildi və Azərbaycanın dövlət suverenliyi tam bərpa olundu.
Bu tarixi hadisə Azərbaycan xalqının onilliklər boyu daşıdığı bir arzunun gerçəkləşməsi idi. Qarabağ torpaqlarımız 30 ilə yaxın işğal və münaqişənin ağır nəticələrini yaşadı. Şəhərlər və kəndlər dağıdıldı, yüz minlərlə insan doğma yurd-yuvasından didərgin düşdü. Lakin bütün bu ağrılara baxmayaraq, xalqımızın yaddaşında Vətənə qayıdış ümidi heç vaxt sönmədi.
2020-ci ildə Vətən müharibəsində əldə edilən Zəfər Böyük Qayıdışın yolunu açdı. 44 günlük müharibə nəticəsində Azərbaycanın bir sıra şəhər və kəndləri, o cümlədən Qarabağın döyünən ürəyi Şuşa, Xocavənd rayonunun Hadrut qəsəbəsi və çoxsaylı yaşayış məntəqələri azad edildi.
2023-cü ilin sentyabrında isə bu proses yeni və tarixi mərhələyə qədəm qoydu: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycanın suverenliyi bərpa edildi. Bu şəhərlərin hər birinin Azərbaycan tarixində özünəməxsus yeri var.
Bu tarixin əbədi yaşaması, ilk növbədə, şəhidlərimizin xatirəsinə ehtiram deməkdir. Çünki bu Zəfərin arxasında minlərlə Azərbaycan övladının Vətən qarşısında sədaqəti, fədakarlığı dayanır. Biz 20 sentyabrı qeyd edərkən yalnız qələbəni deyil, Zəfərimizin əldə olunması naminə canından keçən qəhrəmanlarımızı da ehtiramla xatırlayırıq.
20 sentyabr 2023-cü il bu baxımdan yalnız bir hərbi əməliyyatın başa çatdığı tarix deyil. Bu tarix Azərbaycan dövlətinin öz ərazisində konstitusiya quruluşunu və dövlət hakimiyyətinin suverenliyini tam təmin etməsi ilə bağlı mühüm tarixi mərhələni ifadə edir. Azərbaycan Prezidentinin 19 sentyabr 2024-cü il tarixli sərəncamı ilə də sentyabrın 20-si rəsmi olaraq Dövlət Suverenliyi Günü elan edilmişdir.
20 Sentyabrın əhəmiyyəti yalnız hərbi uğurla məhdudlaşmır. Bu gün Azərbaycan dövlətçiliyinin gücünün, milli iradənin və xalq–ordu birliyinin təcəssümüdür. Qarabağda separatçı rejimin mövcudluğuna son qoyulması və Azərbaycan Respublikasının suverenliyinin bütün ərazisində təmin edilməsi ölkəmizin müasir tarixində yeni səhifə açdı.
Bu tarixi prosesdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qətiyyətli mövqeyi və ardıcıl dövlət siyasəti xüsusi əhəmiyyət daşıyır. Onun rəhbərliyi ilə Azərbaycan uzun illər ərzində məqsədyönlü şəkildə gücləndirilmiş, ordu quruculuğuna xüsusi diqqət yetirilmiş və ölkənin milli maraqlarının müdafiəsi istiqamətində mühüm addımlar atılmışdır.
Suverenliyin bərpası ilə qarşıda yeni vəzifələr də yaranıb. Qarabağ və Şərqi Zəngəzurun bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi, şəhər və kəndlərin yenidən qurulması, iqtisadi potensialın dövriyyəyə cəlb olunması və azad edilmiş ərazilərin ölkənin ümumi inkişaf məkanına inteqrasiyası bu istiqamətdə əsas məsələlərdəndir.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin də xüsusi əhəmiyyət daşıyır. Konstitusiya və suverenlik bir-birindən ayrı təsəvvür edilə bilməz. Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətinin təmin olunması ölkənin müstəqil dövlətçilik tarixində yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. 20 Sentyabrın milli yaddaşda yaşadılması dövlətçilik dəyərlərinin gələcək nəsillərə ötürülməsi baxımından da əhəmiyyətlidir. Dövlətçilik yalnız sərhədləri qorumaqdan ibarət deyil. Dövlətçilik həm də milli iradəni qorumaq, qanunun aliliyini təmin etmək, xalqın birliyini yaşatmaq və əldə edilmiş Zəfəri davamlı inkişafa çevirməkdir. Suverenlik həm qürur, həm də gələcək nəsillər qarşısında böyük məsuliyyətdir.
Zaur Hüseynov,
Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən Müharibəsi Qəhrəmanı