Qubadlıda yeni həyatın qurulması Böyük Qayıdışın mühüm səhifəsidir
Doğma torpağa qayıdış xalqın yaddaşında yaşayan ən böyük arzularından, dövlətin qarşısında dayanan ən məsuliyyətli vəzifələrdən biridir. Azərbaycan üçün bu arzu uzun illər işğal altında qalmış ərazilərimizin azad edilməsi ilə real məzmun qazandı. Qubadlı şəhərinin 2020-ci il oktyabrın 25-də azad olunması həmin tarixi yolun əlamətdar hadisələrindən biri kimi yadda qaldı. Bu gün Qubadlıya münasibət yalnız keçmişin ağrı-acıları və qazanılmış hərbi qələbə ilə məhdudlaşmır; şəhərin yenidən qurulması, iqtisadi imkanlarının bərpası və sakinlərin doğma yurdlarına qayıdışı ilə bağlı hədəflər də bu tarixin əsas məzmununu təşkil edir.
Qubadlının azadlığına qovuşması Azərbaycan dövlətinin illər ərzində apardığı ardıcıl siyasətin və Ordumuzun döyüş meydanında qazandığı uğurların nəticəsi oldu. Vətən müharibəsində əldə edilən Qələbə işğalın yaratdığı maneələri aradan qaldıraraq azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa prosesinə yol açdı. Qubadlının yenidən qurulması da məhz bu strateji yanaşmanın tərkib hissəsidir. Məqsəd yalnız dağıdılmış tikililəri bərpa etmək deyil, müasir infrastruktura, əlverişli yaşayış şəraitinə və davamlı inkişaf imkanlarına malik şəhər formalaşdırmaqdır.
İşğal dövründə Qubadlıda yaşayış məntəqələrinin, mühəndis-kommunikasiya sistemlərinin və sosial infrastrukturun dağıdılması bölgənin əvvəlki həyat ritminə ağır zərbə vurmuşdu. Buna görə də şəhərin dirçəldilməsi kompleks yanaşma, uzunmüddətli planlaşdırma və müxtəlif sahələr üzrə layihələrin əlaqələndirilmiş şəkildə həyata keçirilməsini tələb edir. Dövlət tərəfindən müəyyənləşdirilən inkişaf istiqamətləri şəhərin yaşayış, təhsil, səhiyyə, nəqliyyat və enerji təminatının yenidən qurulmasını, insanların rahat yaşayışı üçün zəruri şəraitin yaradılmasını nəzərdə tutur.
Prezident İlham Əliyevin Qubadlıya səfərləri zamanı şəhərin və rayonun gələcək inkişafı ilə bağlı layihələrə diqqət yetirilməsi dövlətin bu əraziyə göstərdiyi xüsusi diqqətin ifadəsidir. Şəhərdə ilk yaşayış məhəlləsinin, inzibati binanın, tam orta məktəbin və Mərkəzi Xəstəxananın tikintisi ilə bağlı layihələr, eləcə də yol və enerji infrastrukturunun yaradılması Qubadlının sosial-iqtisadi həyatının yenidən formalaşdırılmasına xidmət edir. Xanlıq, Mahruzlu və Zilanlı kəndlərində həyata keçirilən layihələr isə bərpa prosesinin şəhərlə məhdudlaşmadığını, rayonun müxtəlif yaşayış məntəqələrinin inkişafını əhatə etdiyini göstərir.
Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planın təsdiqlənməsi qarşıdakı dövr üçün mühüm istiqamətləri müəyyənləşdirir. Müasir şəhərsalma tələblərinə uyğun planlaşdırma yaşayış məhəllələrinin, ictimai məkanların, nəqliyyat şəbəkəsinin və sosial obyektlərin vahid inkişaf konsepsiyası əsasında formalaşdırılmasına imkan verir. Bu yanaşma şəhərin tarixi simasının qorunması ilə müasir həyat tələblərinin uzlaşdırılması, insanların rahatlığının təmin edilməsi və gələcək inkişaf üçün dayanıqlı zəmin yaradılması baxımından əhəmiyyətlidir.
Böyük Qayıdışın uğurla həyata keçirilməsi üçün infrastrukturun qurulması ilə yanaşı, iqtisadi fəallığın artırılması, məşğulluq imkanlarının yaradılması və əhalinin sosial rifahının təmin edilməsi də vacibdir. Qubadlının təbii ehtiyatları, kənd təsərrüfatı imkanları və əlverişli coğrafi mövqeyi rayonun gələcək iqtisadi inkişafı üçün perspektivlər açır. Yeni yolların çəkilməsi, enerji təchizatının gücləndirilməsi və müasir sosial obyektlərin yaradılması bu imkanlardan səmərəli istifadə olunmasına şərait yarada bilər. Şəhərin dirçəldilməsi həm də gənc nəslin doğma torpaqlarla bağlarının möhkəmlənməsinə, milli-mənəvi dəyərlərin yaşadılmasına və bölgənin tarixi irsinin qorunmasına xidmət edir.
Qubadlının gələcəyi Azərbaycan dövlətinin azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı quruculuq siyasəti ilə sıx bağlıdır. Prezident İlham Əliyevin rəhbərliyi altında reallaşdırılan Böyük Qayıdış proqramı doğma yurda qayıdış arzusunu real nəticələrə çevirən ardıcıl fəaliyyətin ifadəsidir. Bu gün Qubadlının yenidən qurulması xalqımızın Zəfərdən sonra qarşısına qoyduğu inkişaf məqsədlərinin həyata keçirildiyini göstərir. Şəhərin hərtərəfli dirçəldilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması və iqtisadi potensialının gücləndirilməsi gələcək nəsillər üçün firavan həyatın əsasını formalaşdırır.
25 Oktyabr – Qubadlı Şəhəri Günü münasibətilə bu qədim diyarın azadlığı uğrunda canından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edir, doğma yurd həsrəti ilə yaşayan insanların qayıdış arzusunun gerçəkləşməsini Azərbaycanın tarixi nailiyyətlərindən biri kimi dəyərləndiririk. Qubadlıda aparılan quruculuq işləri sübut edir ki, dövlətimizin məqsədi qazanılmış Zəfəri əbədi inkişaf və rifah nəticələri ilə möhkəmləndirməkdir.
Rəfiqə Hüseynova,
Salyan Tarix Diyarşünaslıq Muzeyinin direktoru, YAP fəalı