18 Oktyabr Müstəqilliyimizin Bərpası Günü milli iradəmizin, dövlətçilik əzmimizin və suverenliyimizin təntənəsidir
18 Oktyabr Müstəqilliyimizin Bərpası Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində müstəsna əhəmiyyətə malik olan, milli azadlıq mübarizəmizin, istiqlal məfkurəsinə sarsılmaz inamımızın və müstəqil dövlət qurmaq əzmimizin təcəssümüdür. Əlamətdar tarix xalqımızın öz müqəddəratını müəyyən etmək, azad və suveren dövlət olaraq yaşamaq iradəsinin sarsılmazlığını nümayiş etdirir. Müstəqillik Azərbaycan xalqının ən böyük milli sərvəti, dövlətçiliyimizin əbədi varlığının və gələcək inkişafımızın başlıca təminatıdır.
Azərbaycan xalqı tarix boyu azadlıq və istiqlal ideallarına sadiq qalmış, öz milli kimliyini, mənəvi dəyərlərini və dövlətçilik ənənələrini qoruyub saxlamağı bacarmışdır. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın dövlətçilik tarixində yeni mərhələnin əsasını qoydu.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə xalqımız öz tarixi dövlətçilik ənənələrinə yenidən qovuşdu, müstəqil və suveren dövlət olaraq dünya birliyində layiqli yerini tutmaq istiqamətində mühüm addım atdı. Sözügedən tarixi qərar Azərbaycan xalqının azadlıq uğrunda apardığı mübarizənin məntiqi nəticəsi, milli iradəsinin və istiqlal əzminin siyasi-hüquqi ifadəsi idi.
Dövlət müstəqilliyinin bərpasından sonrakı ilk illər Azərbaycan üçün son dərəcə mürəkkəb siyasi, iqtisadi və hərbi sınaqlarla müşayiət olundu. Ölkədə hökm sürən siyasi qeyri-sabitlik, hakimiyyət böhranı, Ermənistanın hərbi təcavüzü, torpaqlarımızın işğalı və dövlət institutlarının zəifliyi yenicə bərpa edilmiş müstəqilliyimizi ciddi təhlükə qarşısında qoymuşdu. Belə bir taleyüklü dövrdə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müasir dövlətçilik tarixində həlledici dönüş nöqtəsinə çevrildi.
Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, qətiyyətli liderliyi və zəngin dövlətçilik təcrübəsi nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin olundu, dövlət institutları möhkəmləndirildi, hüquqi və demokratik dövlət quruculuğunun təməli qoyuldu. Müstəqilliyimizin qorunması, dönməz xarakter alması və Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsi məhz Ümummilli Liderin adı ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən siyasi və iqtisadi islahatlar, 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”, 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi ölkəmizin uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirdi.
Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqil dövlətçilik tarixinin ən qüdrətli və şərəfli mərhələsini yaşayır. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursun müasir dövrün çağırışlarına uyğun olaraq uğurla davam etdirilməsi ölkəmizin siyasi, iqtisadi və hərbi qüdrətini əhəmiyyətli dərəcədə artırmaqda, Azərbaycanın beynəlxalq nüfuzunu və geosiyasi mövqelərini möhkəmləndirməkdədir. Milli maraqlara əsaslanan müstəqil xarici siyasət, güclü iqtisadi potensial, müasir ordu quruculuğu və ardıcıl diplomatik fəaliyyət Azərbaycanın regionda söz sahibi olan, beynəlxalq proseslərə təsir imkanları getdikcə genişlənən dövlətə çevrilməsini təmin edir.
Müstəqilliyimizin ən böyük tarixi nailiyyəti Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasıdır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər xalqımızın milli iradəsinin, sarsılmaz birliyinin və dövlətimizin hərbi-siyasi qüdrətinin parlaq nümayişi oldu. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində dövlət suverenliyinin tam təmin edilməsi müstəqillik tariximizin ən mühüm hadisələrindən biri kimi əbədi yaddaşlara həkk olundu.
Tarixi nailiyyətlər Azərbaycan xalqının onilliklər boyu apardığı mübarizənin, dövlətçilik ideallarına sədaqətinin və milli həmrəyliyinin təntənəsidir. Üçrəngli əzəzmətli bayrağımızın ölkəmizin bütün suveren ərazilərində qürurla dalğalanması müstəqilliyimizin gücünün, xalqımızın yenilməz iradəsinin və tarixi ədalətin bərpasının ifadəsidir.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış Proqramının uğurla icrası, müasir yaşayış məntəqələrinin, mühüm sosial və iqtisadi infrastrukturun yaradılması müstəqil Azərbaycanın inkişaf qüdrətini nümayiş etdirir. Doğma torpaqlarına qayıdan soydaşlarımızın öz yurdlarında təhlükəsiz və layiqli həyat şəraitinə qovuşması dövlətimizin həyata keçirdiyi siyasətin əsas prioritetlərindəndir.
Azərbaycan milli maraqlarını qətiyyətlə müdafiə edən dövlət, regional təhlükəsizliyin, beynəlxalq əməkdaşlığın, enerji və nəqliyyat bağlantılarının inkişafında mühüm rol oynayan etibarlı tərəfdaşdır. Ölkəmizin beynəlxalq təşəbbüslərdə fəal iştirakı, qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsində artan rolu və müstəqil siyasi iradəsi dövlət suverenliyimizin möhkəm əsaslara söykəndiyini göstərir.
Müstəqillik hər bir Azərbaycanlının mənəvi və vətəndaşlıq məsuliyyətidir. Dövlətimizin qüdrətinin artırılması, milli birliyimizin qorunması, gənc nəslin vətənpərvərlik və dövlətçilik ruhunda yetişdirilməsi, milli-mənəvi dəyərlərimizin yaşadılması müstəqilliyimizin əbədiliyinə xidmət edən mühüm vəzifələrdir. Xüsusilə gələcək nəsillərin azadlığın, suverenliyin və ərazi bütövlüyünün hansı böyük fədakarlıqlar bahasına əldə edildiyinin ötürülməsi son dərəcə vacibdir.
Müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik. Onların qəhrəmanlığı və fədakarlığı Azərbaycanın azad, bütöv və suveren dövlət kimi varlığının mənəvi təməlidir.
18 Oktyabr Müstəqilliyimizin Bərpası Günü keçdiyimiz şərəfli tarixi yola ehtiramın, gələcəyə olan sarsılmaz inamımızın ifadəsidir. Azərbaycan öz taleyinin sahibi, milli maraqlarını qətiyyətlə müdafiə edən, ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş qüdrətli dövlətdir. Xalqımızın milli birliyi, güclü dövlətçilik iradəsi və Möhtərəm Cənab Prezident İlham Əliyevin qətiyyətli liderliyi Azərbaycanın müstəqilliyinin əbədiliyinin, davamlı tərəqqisinin və gələcək zəfərlərinin ən etibarlı təminatıdır.
Müstəqilliyimiz əbədi, dövlətimiz qüdrətli, üçrəngli Bayrağımız daim ucalarda olsun!
Günay Ağamalı
Milli Məclisin deputatı,
Ana Vətən Partiyasının sədri.
18 Oktyabr 2026-cı il.