Azərbaycanın Qlobal Diplomatiya Modeli
Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşviq etmək məqsədilə üzv ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən əhəmiyyətli və unikal dialoq platformasıdır. Son iki ildə bu təşkilata sədrlik edən Azərbaycan qarşılıqlı etimad quruculuğu tədbirlərinin təmin olunması yolunda qətiyyət və ardıcıllıq nümayiş etdirərək AQEM-in institusional imkanlarının gücləndirilməsi, praktiki birgə fəaliyyətin genişləndirilməsi və təşkilatın beynəlxalq münasibətlər sistemində rolunun daha da artırılması üçün səylərini əsirgəməmişdir.
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında ölkəmizin ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlığının regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirdiyini, dövlət müstəqilliyi bərpa olunduqdan sonra Azərbaycanın dünya miqyasında ikili standartlarla üzləşdiyini, Ermənistanın apardığı işğalçılıq müharibəsində BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilmədiyini, ATƏT-in Minsk qrupunun fəaliyyətsiz fəaliyyətini xatırlatdı.
Beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin iki nümunəsi olan Avropa Parlamentinin və Avropa Şurasının davamlı təcavüz qurbanı olan Azərbaycanı hədəfə aldığını, bununla da təcavüzkar Ermənistanı həvəsləndirdiyini də bildirən dövlət başçımız İkinci Qarabağ müharibəsinin necə başladığına, necə sona çatdığına da aydınlıq gətirdi, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunduğunu bildirdi. Bu xatırlatmalar Azərbaycan gerçəkliklərinin bir tədbir miqyasında düşüncələrdə yaradacağı siyasi rezonansın dünyəvi proseslərin sülhlə tənzimlənməli olduğunun xatırladılması kimi yaşanıldı. Dünyada müharibəyə yönələn, yönəldilən siyasət vaxtında qınanarsa, bu qınaq dövlətlərarası münasibətlərdə ciddi təsirə malik olarsa, bütün münaqişələrin, münaqişə səviyyəsini aşan silahlı qarşıdurmaların qarşısı da vaxtında alına bilər.
Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında dedi ki, “Əgər işğal, soyqırımı və etnik təmizləməyə görə Ermənistana vaxtında sanksiyalar tətbiq edilsəydi, Azərbaycan döyüş meydanında erməni faşizminin belini qırmağa məcbur qalmazdı. Təcavüzkarın cəzasız qalması onun həyasızlığının miqyasını yalnız daha da artırırdı. Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər. Amma onların hamısı yanıldı, yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimizlə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar”.
Azərbaycanın AQEM-ə iki il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırdığını, nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə inkişaf etdirdiyini də diqqətə çatdıran dövlət başçımız bildirdi ki, “Bütün üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilmiş müxtəlif təşəbbüslərimiz nəticəsində hazırda AQEM institusional və hüquqi baxımdan daha güclüdür. Üzvlərinin sayı genişlənmişdir və öz coğrafi məkanında təhlükəsizliyin, iqtisadi rifahın və qarşılıqlı anlayışın təşviqi naminə dialoqu və qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün imkanları əhəmiyyətli dərəcədə möhkəmlənmişdir”.
Dövlət başçımız çıxışında mühüm bir fikir də səsləndirdi. Bu fikir, əslində, dünyada sülhün, əmin-amanlığın qorunmasında son dərəcədə gərəkli olan bir məqamın dövlətlərin siyasi baxışlarının işığına çevirilməsinin zəruriliyinin unudulmamasının tövsiyəsi idi: “BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq”.
Cənab Prezidentin AQEM-in 7-ci Zirvə Görüşündəki çıxışı Azərbaycanın beynəlxalq mövqeyinin təqdimatı olmaqla yanaşı, daha ədalətli, təhlükəsiz və əməkdaşlığa əsaslanan dünya nizamına dair siyasi baxışın ifadəsi kimi qiymətləndirilə bilər. Azərbaycanın təcrübəsi göstərir ki, sülhün möhkəmləndirilməsi üçün güclü dövlətçilik, milli birlik, beynəlxalq hüquqa hörmət və qarşılıqlı öhdəliklərin icrası bir-birini tamamlayan əsas amillərdir. Bu prinsiplərin beynəlxalq münasibətlər sistemində ardıcıl tətbiqi regional sabitliyin qorunmasına və qlobal təhlükəsizliyin gücləndirilməsinə mühüm töhfə verə bilər.
Rahib Kərimov,
Salyan rayon Yolüstü kənd tam orta ümumtəhsil məktəbin direktoru