Günay Ağamalı: Azərbaycanın dövlət suverenliyinin tam bərpası qətiyyətli mübarizənin nəticəsidir
Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına, işğalçılıq siyasətinə və cəzasızlıq mühitinə qarşı qətiyyətli mübarizənin nəticəsidir.
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı Prezident İlham Əliyevin AQEM-in VII Zirvə Görüşündəki çıxışına münasibət bildirərkən deyib.
Deputat bildirib ki, Ermənistanın Azərbaycana qarşı onilliklər ərzində həyata keçirdiyi işğalçılıq siyasəti, xalqa qarşı törədilmiş kütləvi qırğınlar, etnik təmizləmə və insanlıq əleyhinə ağır cinayətlər unudula və bağışlana bilməz:
"Xocalı soyqırımı, yüz minlərlə soydaşımızın doğma yurdlarından qovulması, şəhər və kəndlərimizin dağıdılması ilə bağlı cinayətlərə görə məsuliyyət daşıyan şəxslər ədalət mühakiməsi qarşısında cavab verməlidirlər.

Beynəlxalq hüquq siyasi mənsubiyyətindən və tutduğu vəzifədən asılı olmayaraq bütün şəxslərə və dövlətlərə münasibətdə eyni meyarlarla tətbiq edilməlidir. Avropa Şurası və Avropa Parlamentinin Azərbaycanla bağlı bəzi qərarlarında müşahidə olunan selektiv yanaşmalar beynəlxalq institutlara etimadı zəiflədir və bəyan edilən fundamental dəyərlərlə ziddiyyət təşkil edir".
G.Ağamalı qeyd edib ki, Bakıda keçirilən məhkəmə proseslərinin əsas mahiyyəti ağır beynəlxalq cinayətlərdə ittiham olunan şəxslərin fərdi məsuliyyətinin müəyyən edilməsidir:
"Bu proseslər Azərbaycanın milli məhkəmə sistemi çərçivəsində həyata keçirilib. Əsas prinsip cinayətlərin cəzasız qalmaması və məsuliyyətin hüquqi qaydada müəyyən edilməsidir".
O vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qəbul etdiyi dörd qətnamənin uzun illər icra edilməməsi beynəlxalq hüququn tətbiqindəki ciddi boşluqları və təsirli icra mexanizmlərinin çatışmazlığını nümayiş etdirib:
"Qəbul edilən qərarların kağız üzərində qalması, beynəlxalq hüququn siyasi maraqlara qurban verilməsi və ikili standartlar qəbuledilməzdir.
Hazırda Azərbaycanın mənəvi üstünlüyü xalqımıza yaşadılan faciələrə cavab olaraq qəddarlıq və barbarlığı dövlət siyasətinə çevirməməsindədir. Ədalətin bərpası ilə qisasçılıq arasında fundamental fərq var. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini öz gücünə və milli iradəsinə arxalanaraq bərpa etməsi isə xalqın sarsılmaz iradəsinin, dövlətin artan qüdrətinin və milli maraqlara əsaslanan prinsipial siyasətin nəticəsidir".