Azərbaycanın AQEM-də Qətiyyətli Liderliyi
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Azərbaycanın sədrliyi ilə keçirilən Yeddinci Zirvə Görüşü ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun, fəal diplomatik mövqeyinin və çoxtərəfli əməkdaşlığın inkişafına verdiyi töhfənin növbəti təzahürüdür. Bir sıra dövlət və hökumət başçılarının iştirak etdiyi bu mötəbər tədbir mürəkkəb geosiyasi proseslərin, münaqişələrin və qlobal təhlükəsizlik çağırışlarının dərinləşdiyi bir dövrdə dövlətlərarası dialoqun qorunması, qarşılıqlı etimadın gücləndirilməsi və ortaq maraqlar əsasında əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Asiya qitəsinin böyük bir hissəsini əhatə edən və Azərbaycanın sədrliyə başladığı dövrdə 28 üzv dövləti birləşdirən AQEM regional təhlükəsizlik və əməkdaşlıq məsələlərinin müzakirəsi üçün əhəmiyyətli platformadır:
Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Toplantısındakı çıxışında Azərbaycan ikiillik sədrlik müddətində təşkilatın gücləndirilməsinə prioritet olaraq önəm verib. Dövlətimizin başçısı nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm kimi strateji sahələrdə əməkdaşlığın fəal təşviq olunduğunu bildirib. Vurğulanıb ki, bütün üzv ölkələrin yekdil dəstəyi ilə reallaşan təşəbbüslər sayəsində AQEM hazırda institusional və hüquqi baxımdan daha da möhkəmlənib.
Ölkə rəhbəri AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı bildirib ki, Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir: “Ölkəmiz 35 il əvvəl müstəqilliyini bərpa etdikdən bəri davamlı şəkildə ikili standartlarla üzləşmişdir”. Çıxışı əsnasında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə də toxunan dövlət başçısı vurğuladı ki, 2020-ci ilin iyul və avqust aylarında Ermənistanın hərbi təxribatlar törətməsi nəticəsində azərbaycanlı hərbçilər həlak olub. Beləliklə, Azərbaycan xalqının səbri tükəndi və haqq-hesab vaxtı gəldi. Vətən müharibəsinin 44 gün davam etdiyini diqqətə çatdıran dövlət başçısı vurğuladı ki, bu müddət ərzində Azərbaycan erməni işğalçılarını zəbt olunmuş torpaqlardan qovaraq döyüş meydanında 300-dən çox şəhər və kəndi azad edib, 2020-ci il noyabrın 10-da isə Ermənistan kapitulyasiya aktı imzalayıb. Müharibənin ölkəmizin seçimi olmadığını diqqətə çatdıran dövlət başçısı vurğuladı ki: “Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər. Yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimiz ilə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar”.
Beynəlxalq hüququn icra mexanizmlərinin vacibliyinə toxunan dövlət başçısı bu məsələdə qətiyyətli mövqe ortaya qoyaraq, “BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq” fikrini ifadə edib, eyni zamanda qazanılan tarixi Zəfərin təkcə ədalətin bərpası deyil, həm də beynəlxalq hüququn təntənəsi olduğunu, ölkəmizə gələn xarici qonaqların bu həqiqətləri yerində görməsinin böyük önəm daşıdığını vurğulayan dövlət başçısı “İşğalın, eləcə də Azərbaycan xalqının tarixi Qələbəsinin mahiyyətini və xarakterini tam anlamaq üçün qonaqlarımız Zəfər parkını, Zəfər muzeyini və Hərbi Qənimətlər Parkını ziyarət edə bilərlər” deyə qeyd edib.
Göründüyü kimi, Azərbaycanın AQEM-dəki uğurlu sədrliyi və dövlət başçısının qətiyyətli mövqeyi regional sülhün, beynəlxalq ədalətin və çoxqütblü tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir.
AQEM-in yaratdığı imkanlardan biri də Asiya ölkələri ilə iqtisadi münasibətlərin dərinləşdirilməsi, yeni investisiya tərəfdaşlarının cəlb olunması və nəqliyyat-logistika əlaqələrinin inkişafıdır. Azərbaycanın coğrafi mövqeyi, Şərq–Qərb nəqliyyat marşrutlarında iştirakı və regional bağlantı imkanları bu əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Xüsusilə Orta Dəhlizin inkişafı, yükdaşımaların artırılması, gömrük və logistika prosedurlarının sadələşdirilməsi, rəqəmsal nəqliyyat həllərinin tətbiqi üzrə əməkdaşlıq həm Azərbaycan, həm də Asiya ölkələri üçün qarşılıqlı fayda verir. Prezident İlham Əliyev Zirvə Toplantısındakı çıxışında bu məqama toxunaraq vurğuladı ki, coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır. Ölkəmizin ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlığı öz növbəsində regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir. Azərbaycan davamlı olaraq bərabərhüquqluluq, daxili işlərə qarışmama, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin üstünlüyünə əsaslanan müstəqil xarici siyasət həyata keçirir. Əməkdaşlığın digər mühüm istiqaməti təhsil, elm, mədəniyyət, gənclər siyasəti və rəqəmsal texnologiyalar sahələridir. Universitetlərarası əlaqələrin qurulması, tələbə və mütəxəssis mübadiləsi, birgə elmi layihələr və innovasiya təşəbbüsləri Azərbaycanla Asiya ölkələri arasında uzunmüddətli əlaqələrin möhkəmlənməsinə xidmət edən amillərdəndir.
Azərbaycanın AQEM çərçivəsində nümayiş etdirdiyi fəallıq, irəli sürdüyü təşəbbüslər və beynəlxalq əməkdaşlığa verdiyi töhfələr ölkəmizin dünyada artan nüfuzunun və möhkəmlənən siyasi mövqeyinin göstəricisidir. Eyni zamanda, bu fəaliyyət Azərbaycanın regional və qlobal proseslərdə rolunun genişlənməsinə, beynəlxalq tərəfdaşlarla qarşılıqlı faydalı əlaqələrin dərinləşməsinə, Asiyada sülhün, təhlükəsizliyin, etimadın və dayanıqlı inkişafın təşviqinə mühüm töhfə verir.
Aysel Əsədova,
Salyan şəhər 18 saylı uşaq bağçasının müdiri