Azərbaycan-Laos münasibətləri yeni inkişaf mərhələsində
Müasir dövrdə dövlətlər arasında münasibətlərin inkişafı, qarşılıqlı etimadın möhkəmləndirilməsi və yeni əməkdaşlıq imkanlarının yaradılması xarici siyasətin mühüm istiqamətlərindəndir. Beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər ölkələrdən ikitərəfli əlaqələrini dövrün tələblərinə uyğun qurmağı, ortaq maraqları müəyyənləşdirməyi və mövcud əməkdaşlıq imkanlarından səmərəli istifadə etməyi tələb edir. Bu baxımdan, Azərbaycanın müxtəlif regionları təmsil edən dövlətlərlə siyasi dialoqu genişləndirməsi, dostluq münasibətlərini möhkəmləndirməsi və iqtisadi əlaqələrin inkişafına xüsusi diqqət yetirməsi mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın xarici siyasətində qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa və dövlətlərin milli maraqlarının nəzərə alınmasına əsaslanan yanaşma xüsusi yer tutur. Ölkəmiz beynəlxalq təşkilatlar çərçivəsində fəal iştirak etməklə yanaşı, müxtəlif coğrafi məkanlarda yerləşən dövlətlərlə əlaqələrini də ardıcıl şəkildə inkişaf etdirir. Bu siyasət Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, yeni tərəfdaşlıqların qurulmasına və ölkəmizin imkanlarının daha geniş miqyasda təqdim olunmasına şərait yaradır.
Azərbaycanla Laos Xalq Demokratik Respublikası arasında münasibətlərin inkişafı da bu yanaşmanın nümunələrindən biridir. Oktyabrın 13-də Laos Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri və Prezident İlham Əliyevin səfər çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasında mövcud əlaqələrin vəziyyətini qiymətləndirmək, gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısının bəyanatında siyasi münasibətlərin mövcud səviyyəsi ilə yanaşı, iqtisadi əlaqələrin genişləndirilməsi və qarşılıqlı maraq doğuran sahələrdə konkret nəticələrin əldə olunması məsələləri də diqqət mərkəzində olub.
Azərbaycanla Laos arasında diplomatik münasibətlərin otuz ildən artıq tarixə malik olması tərəflər arasında formalaşmış dostluq əlaqələrinin möhkəm əsaslara söykəndiyini göstərir. Bu müddət ərzində ölkələr beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək nümayiş etdirib, siyasi dialoqu davam etdirib və parlamentlərarası əlaqələrin inkişafına töhfə veriblər. Prezident İlham Əliyevin bəyanatında bu münasibətlərin müsbət dinamikasına toxunulması, eyni zamanda, əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi üçün mövcud imkanların geniş olduğunu göstərir.
Səfərin diqqətçəkən məqamlarından biri siyasi münasibətlərin iqtisadi əməkdaşlıqla daha da möhkəmləndirilməsi məsələsidir. Dövlət başçısı qeyd edib ki, iki ölkə arasında mövcud ticarət dövriyyəsi tərəfdaşlıq potensialını tam əks etdirmir. Bu fikir əlaqələrin gələcək inkişafı üçün qarşıda duran əsas vəzifələrdən birini aydın şəkildə ortaya qoyur. Siyasi münasibətlərin uğurlu inkişafı iqtisadi sahədə də daha fəal əməkdaşlıq üçün əlverişli zəmin yaradır. İndi əsas məsələ bu imkanları konkret layihələrə, qarşılıqlı sərmayələrə və biznes əlaqələrinə çevirməkdir.
Prezident İlham Əliyevin bəyanatında Azərbaycan və Laos arasında biznes əlaqələrinin genişləndirilməsi, sahibkarların qarşılıqlı fəaliyyətinin təşviq edilməsi və investisiya imkanlarının araşdırılması xüsusi yer tutub. Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Laos Biznes Forumu bu baxımdan mühüm platforma kimi qiymətləndirilə bilər. Belə görüşlər sahibkarların birbaşa təmas qurmasına, tərəflərin iqtisadi potensialı barədə məlumat mübadiləsi aparmasına və qarşılıqlı maraq doğuran layihələrin müəyyənləşdirilməsinə imkan verir. Azərbaycan tərəfinin Laosdan təqdim olunacaq konkret investisiya layihələrini nəzərdən keçirməyə hazır olduğunu bildirməsi də əməkdaşlığın praktiki nəticələrə yönəldiyini göstərir.
İki ölkə arasında əməkdaşlığın inkişafı üçün enerji, dağ-mədən sənayesi, kənd təsərrüfatı və digər sahələrdə də imkanlar mövcuddur. Bu istiqamətlər üzrə qarşılıqlı təcrübənin öyrənilməsi, müvafiq qurumlar arasında əlaqələrin qurulması və biznes dairələrinin təşəbbüslərinin dəstəklənməsi yeni iqtisadi münasibətlərin formalaşmasına kömək edə bilər. Əməkdaşlığın davamlı olması üçün isə ümumi niyyətlərin konkret fəaliyyət planları ilə tamamlanması, müəyyənləşdirilmiş layihələrin ardıcıl şəkildə həyata keçirilməsi vacibdir.
Azərbaycanın nəqliyyat və logistika sahəsində əldə etdiyi imkanlar da ikitərəfli əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətlidir. Ölkəmiz regionda mühüm nəqliyyat qovşaqlarından birinə çevrilmək istiqamətində böyük infrastruktur layihələri həyata keçirib. Prezident İlham Əliyev mətbuata bəyanatında Azərbaycanın əsas nəqliyyat-logistika layihələrinin reallaşdırıldığını, hazırda isə yeni yük mənbələrinin cəlb edilməsinə və daşımaların həcminin artırılmasına diqqət yetirildiyini bildirib. Laosda həyata keçirilən dəmir yolu və bağlantı layihələrinin gələcəkdə Transxəzər Nəqliyyat Marşrutuna çıxış imkanları yaratması da bu sahədə qarşılıqlı marağı artırır. Nəqliyyat əlaqələrinin inkişafı iki ölkə arasında ticarətin genişlənməsinə və iqtisadi əməkdaşlığın daha səmərəli təşkilinə xidmət edə bilər.
Səfər zamanı imzalanmış sənədlər, xüsusilə Birgə Bəyanat, tərəflərin əməkdaşlığı inkişaf etdirmək niyyətini təsdiqləyən mühüm siyasi sənədlərdir. Bununla yanaşı, əldə olunmuş razılaşmaların real nəticələrə çevrilməsi üçün hər iki ölkənin müvafiq dövlət qurumlarının, sahibkarlarının və digər tərəfdaşlarının fəal iştirakı tələb olunur. Prezident İlham Əliyevin səfərin nəticələrinin aidiyyəti qurumlar tərəfindən daha ətraflı araşdırılacağına dair fikirləri də bu məsələnin əhəmiyyətini göstərir.
Laos Prezidentinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin tarixinə də yeni səhifə əlavə edib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, Laos Prezidentinin Azərbaycanımıza ilk rəsmi səfəridir. Bu faktın özü münasibətlərin inkişafında mühüm mərhələ olmaqla yanaşı, gələcək təmasların və qarşılıqlı səfərlərin genişləndirilməsi üçün də əlverişli zəmin yaradır. Bir sözlə, oktyabrın 13-də keçirilən görüşlər və Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat Azərbaycan-Laos münasibətlərinin yeni imkanlar əsasında inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir. Əsas hədəf uzun illər ərzində formalaşmış dostluq münasibətlərini daha geniş əməkdaşlıq sahələri ilə zənginləşdirmək və əldə olunan razılaşmaların hər iki ölkə üçün konkret nəticələr verməsinə nail olmaqdır.
Ramal Nəcəfli,
YAP Salyan rayon təşkilatının gənc fəalı