Azərbaycan və Laos: coğrafi uzaqlıqdan siyasi yaxınlığa doğru
Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit oktyabr ayının 13-də ölkəmizdə rəsmi səfərdə oldu. Hər bir səfərin əhəmiyyətini, iki ölkə arasında əlaqələrin gələcək inkişafını nümayiş etdirən əsas amillərdən biri sənədlərin imzalanmasıdır. Bu baxımdan Laos Prezidentinin səfəri də xüsusi diqqətdə oldu. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit “Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat”ı qəbul etdilər. Həmçinin “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Laos Xalq Demokratik Respublikasının Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və “Azərbaycan Respublikası Hökuməti ilə Laos Xalq Demokratik Respublikası Hökuməti arasında xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” imzalandı. Birgə Bəyanət gələcək əməkdaşlığımızı özündə ehtiva edir, əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir. Prezident İlham Əliyev onu da qeyd etdi ki, siyasi əlaqələrə gəldikdə, bu əlaqələr uzun illərdir uğurla inkişaf edir. Artıq 30 ildən çoxdur ki, aramızda diplomatik əlaqələr qurulmuşdur və bu illər ərzində bir çox beynəlxalq təşkilatlar çərçivəsində biz hər zaman həmrəylik, qarşılıqlı dəstək göstəririk və bu, bu gün də belədir və əminəm ki, bundan sonra da belə olacaqdır.
Humanitar sahədə əməkdaşlığın mühüm istiqamətlərindən biri sovet dövründə laoslu tələbələrin Azərbaycanda təhsil almaq ənənəsinin bərpasıdır ki, bu məqsədlə müvafiq təqaüdlər mexanizminin hazırlanması nəzərdə tutulur. Cənab İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, vaxtilə sovet dövründə iki mindən çox laoslu tələbə Azərbaycanda təhsil almışdır. Mən təklif etdim ki, biz bu ənənəni gərək bərpa edək. Bunun üçün müvafiq təqaüdlər mexanizmi də təklif olunmuşdur və əminəm ki, gələcək illər ərzində biz daha çox laoslu tələbəni Azərbaycanda görəcəyik. Dövlətimizin başçısının bu fikirlərinin davamı olaraq Laos Prezidenti vurğuladı ki, gələcəkdə siz Azərbaycan Respublikasında daha çox laoslu tələbəni qəbul edəcəksiniz. Həmçinin əvvəlki dövrdə burada təhsil almış bir çox tələbəyə göstərilən dəstəyin və təqaüd sayının bərpası məsələsinə yenidən baxılması gələcək nəsillərimiz üçün son dərəcə faydalı olacaq.
Azərbaycan və Laosu narahat edən məqamlardan biri də mina problemidir. Neçə onilliklər keçməsinə baxmayaraq laoslular hələ də minalardan əziyyət çəkir, həyatlarını, sağlamlıqlarını itirirlər. Eləcə də, Ermənistanın işğalı nəticəsində torpaqlarında bir milyondan çox minanın basdırıldığı Azərbaycan Vətən müharibəsindən sonrakı illər ərzində 400-dən çox vətəndaşının həyatını itirməsi və ağır yaralanması ilə üzləşib. Bu baxımdan minatəmizləmədə təcrübə mübadiləsi hər iki tərəfə fayda verə bilər.
Azərbaycan əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və artan tranzit potensialı sayəsində Şərq ilə Qərb arasında mühüm nəqliyyat və logistika mərkəzünə çevrilir. Prezident İlham Əliyev mətbuata bəyanatında əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi nəqliyyat və bağlantıları qeyd etdi. Vurğuladı ki, Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb, biz indi daha çox yüklərin aşkar edilməsi, yeni ünvanlardan yüklərin səfərbər olunması və yüklərin həcminin artırılması ilə məşğuluq. Ümid edirəm ki, hər iki tərəfdə reallaşan bütün bu layihələr gələcəkdə başa çatandan sonra yükdaşımaların da həcmi artacaq.
Səfər çərçivəsində keçirilən Azərbaycan-Laos biznes forumu hər iki ölkənin iqtisadi, həmçinin investisiya imkanlarının təqdimatında əhəmiyyətli rol oynadı. Qısa təhlil bu ümumiləşdirməyə əsas verir ki, fəal siyasi dialoqu gücləndirən Azərbaycan və Laos, eyni zamanda, sıx iqtisadi münasibətləri təmin etməklə hərtərəfli və bir-birini tamamlayan ortaq layihələrin həyata keçirilməsində maraqlıdırlar. Laos Prezidenti Thonqlun Sisulitin mətbuata bəyanatında qeyd etdiyi kimi, biz, həmçinin bir çox digər sahələrdə də araşdırma və müzakirələri davam etdirəcəyik. Biz ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlığın davam etdirilməsini təşviq edəcəyik. Əlbəttə ki, hökumətlər bizim bu gün burada keçirdiyimiz görüşlərdə əldə edilən razılaşmaların reallaşdırılmasında əsas hərəkətverici qüvvə olacaq. Bir daha bu çağırış səsləndirildi ki, ətraflı müzakirələr davam etdirilsin və gələcəkdə əməkdaşlığımız həyata keçirilsin.
Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri