Zəngilan müasir inkişaf və Böyük Qayıdışın yeni ünvanıdır
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri dövlətin gələcəyə hesablanmış inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəngilan rayonuna səfərləri bu prosesin ardıcıl şəkildə həyata keçirilməsinə, infrastruktur layihələrinin sürətləndirilməsinə və ərazinin müasir yaşayış məkanına çevrilməsinə verilən xüsusi diqqəti nümayiş etdirir. Səfərlər çərçivəsində yeni yaşayış məntəqələrinin təməllərinin qoyulması, mühüm obyektlərin açılışı və müxtəlif layihələrin icra vəziyyəti ilə tanışlıq Zəngilanın gələcək inkişafının konkret addımlarla təmin olunduğunu göstərir.
2023-cü il sentyabrın 28-də Prezident İlham Əliyevin Zəngilan rayonuna səfəri çərçivəsində bir sıra mühüm layihələrin təməli qoyulub və yeni obyektlərin açılışı olub. Dövlət başçısı əvvəlcə Zəngilan rayonunun Ağalı kəndinin yaxınlığında yerləşən Alıbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib. Daha sonra Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışı olub. Müasir tələblərə uyğun inşa edilən kompleksin istifadəyə verilməsi rayonun gələcəkdə beynəlxalq və yerli tədbirlərin keçirildiyi məkana çevrilməsi baxımından əhəmiyyət daşıyır. Həmin gün “Cahangirbəyli” su elektrik stansiyası da istifadəyə verilib. İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji potensialının reallaşdırılması istiqamətində atılan bu addım Zəngilanın iqtisadi inkişafı ilə yanaşı, ekoloji cəhətdən dayanıqlı enerji istehsalına da töhfə verir.
Səfər zamanı Zəngilan kəndinin təməli qoyulub, şəhərdə ikinci, üçüncü və dördüncü yaşayış komplekslərinin, eləcə də 160 yerlik uşaq bağçasının təməlqoyma mərasimləri keçirilib. Bu layihələr rayonun yaşayış infrastrukturunun mərhələli şəkildə qurulduğunu, ailələrin doğma torpaqlarına qayıdışı üçün zəruri şəraitin yaradıldığını göstərir. Prezident İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən inşa edilən Zəngilan şəhər məscidində görülən işlərlə də tanış olub. Dini-mədəni irsin qorunması ilə müasir şəhərsalma layihələrinin paralel həyata keçirilməsi Zəngilanın yenidən qurulmasında tarixi yaddaşa və milli-mənəvi dəyərlərə verilən önəmi əks etdirir.
Sentyabrın 29-da Prezident İlham Əliyev Zəngilanda keçirilən ikinci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak edib. Forumun bu ərazidə təşkili işğaldan azad edilmiş torpaqlarda şəhər və kəndlərin yenidən qurulması, müasir planlaşdırma prinsiplərinin tətbiqi və dayanıqlı yaşayış məkanlarının yaradılması ilə bağlı məsələlərin beynəlxalq müzakirə platformasına çıxarılması baxımından diqqətəlayiq hadisə idi. Zəngilanda həyata keçirilən layihələr yalnız ayrı-ayrı yaşayış məntəqələrinin bərpasını deyil, bütövlükdə bölgənin gələcək inkişaf modelinin formalaşdırılmasını hədəfləyir.
Prezident İlham Əliyevin 2024-cü il mayın 18-də Zəngilan rayonuna səfəri də yeni quruculuq mərhələsinin mühüm hadisələri ilə yadda qalıb. Dövlət başçısı və birinci xanım Mehriban Əliyeva Ağalı kəndində “Ağalı” hotelinin açılışında iştirak ediblər. Müasir tələblərə uyğun yaradılmış hotel bölgənin turizm imkanlarının genişləndirilməsi, yerli iqtisadi fəallığın artırılması və gələcəkdə daha çox ziyarətçinin qəbul edilməsi üçün yeni şərait yaradır. Həmin gün Mincivan qəsəbəsinin təməli qoyulub. Araz çayının sahilində yerləşən bu yaşayış məntəqəsinin yenidən qurulması ərazinin məskunlaşma potensialının genişləndirilməsi və əhalinin doğma torpaqlarına qayıdışının təmin olunması istiqamətində mühüm addımdır.
Mayın 18-də “Zəngilan” və “Şayıflı” su elektrik stansiyalarının açılışı da baş tutub. Oxçuçay üzərində yaradılan bu stansiyalar işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji istehsalının genişləndirilməsinə xidmət edir. Rəqəmsal idarəetmə sistemləri ilə təchiz olunan stansiyaların fəaliyyəti bölgənin enerji təminatına töhfə verməklə yanaşı, ekoloji baxımdan təmiz enerji istehsalı hədəflərinin reallaşdırılmasına imkan yaradır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan şəhər məscidinin açılışında da iştirak ediblər. Tarixi məscidin qorunub saxlanılması və onun yaxınlığında yeni məscidin inşa edilməsi şəhərin dini-mədəni həyatının dirçəldilməsi baxımından xüsusi məna daşıyır. Səfər çərçivəsində Zəngilan şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin təməli də qoyulub. Bu layihə şəhər infrastrukturunun kompleks şəkildə qurulmasına, yaşayış məhəllələri arasında əlaqələrin təmin edilməsinə və gələcək məskunlaşma prosesinin dəstəklənməsinə xidmət edir.
Prezident İlham Əliyevin Zəngilana səfərləri zamanı atılan addımlar rayonun yenidən qurulmasının konkret layihələr və ardıcıl qərarlar əsasında həyata keçirildiyini nümayiş etdirir. Yeni yaşayış məntəqələri, sosial obyektlər, enerji infrastrukturu, nəqliyyat-kommunikasiya şəbəkəsi və turizm müəssisələri Zəngilanın gələcək inkişafının əsas istiqamətlərini formalaşdırır. Bu quruculuq prosesi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin nəticələrinin möhkəmləndirilməsinə, azad edilmiş torpaqlarda həyatın bərpasına və Böyük Qayıdışın uğurla davam etdirilməsinə xidmət edir.
Zülfiyyə Əsədova,
YAP Salyan rayon təşkilatının ərazi partiya təşkilatı sədri