Naxçıvan buralarda dayanmayacaq, qarşıda böyük hədəflər var”
"Möhtərəm Cənab Prezident İlham Əliyevin Naxçıvana növbəti səfəri qədim diyarın inkişafının yeni mərhələsinin konturlarını aydın şəkildə ortaya qoydu. Dövlət başçımızın Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlərdən görünür ki, Naxçıvanla bağlı həyata keçirilən layihələr və qarşıya qoyulan hədəf Naxçıvanı təhlükəsiz, müasir, iqtisadi baxımdan güclü, enerji və nəqliyyat imkanları geniş olan regional mərkəzə çevirməkdir".
Bu fikirləri Musavat.com-da Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı səsləndirib. O diqqətlərə çatdırıb ki, Cənab Prezident İlham Əliyevin dövlət başçısı kimi Naxçıvana 17-ci səfəri mühüm siyasi və strateji məna daşıyır:
“Səfərlərin hər biri Naxçıvanın inkişafına dair konkret qərarların qəbul edilməsi, yeni layihələrin başlanması və mövcud imkanların daha səmərəli şəkildə səfərbər olunması ilə müşayiət edilir. Naxçıvanın inkişafının əsas dayaqlarından biri, şübhəsiz ki, təhlükəsizlikdir. Əlahiddə Ordunun yaradılması ilə başlayan və bu gün müasir hərbi texnika, yeni komando qüvvələri və digər imkanlarla davam etdirilən proses Naxçıvanın müdafiə potensialının daim gücləndirilməsini təmin edir. Azərbaycan Silahlı Qüvvələrinin bölgədə söz sahibi olması ölkəmizin milli təhlükəsizliyinin ən mühüm təminatlarından biridir.
Naxçıvanın gündəliyində geniş iqtisadi və strateji hədəflər dayanır. Naxçıvan Sənaye Parkının təməlinin qoyulması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Sənaye parkının yaradılması yeni istehsal sahələrinin, yeni iş yerlərinin və investisiya imkanlarının formalaşmasına ciddi təkan verəcək. Sözügedən layihə Naxçıvan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı baxımından mühüm addımdır. Sənaye Parkının tərkibində 300 meqavat gücündə istilik elektrik stansiyasının inşası Naxçıvanın enerji potensialını əhəmiyyətli dərəcədə artıracaq və muxtar respublikanın gələcəkdə enerji ixrac edən mühüm mərkəzlərdən birinə çevrilməsinə şərait yaradacaq. Naxçıvanın Günəş enerjisi potensialı bu baxımdan xüsusi diqqət çəkir. 600 hektardan artıq ərazinin müəyyənləşdirilməsi və burada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının yaradılması Azərbaycanın yaşıl enerji strategiyasının Naxçıvanda da həyata keçirildiyini göstərir. Günəş elektrik enerjisinin istehsalının 500, hətta perspektivdə 1000 meqavata çatdırılması imkanının mövcudluğu Naxçıvanın gələcək enerji xəritəsində mühüm mövqeyə sahib olacağından xəbər verir.
Günümüzdə Naxçıvanın 100 faiz qazlaşdırılması, mövcud generasiya gücünün daxili tələbatı üstələməsi, yeni Günəş və su elektrik stansiyalarının yaradılması enerji təhlükəsizliyi baxımından ciddi nəticədir. Naxçıvanın gələcəyini müəyyənləşdirən digər strateji istiqamət nəqliyyat-kommunikasiya layihələridir. Zəngəzur dəhlizi bu baxımdan xüsusi əhəmiyyət daşıyır”.

Parlamentarinin sözlərinə görə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat əlaqəsinin yaradılması uzun illər ölkəmizin qarşıya qoyduğu mühüm məqsədlərdən biri olub: “Günümüzdə sözügedən hədəfə çatmaq üçün konkret layihələr icra olunur. Horadiz–Ağbənd avtomobil yolunun demək olar ki, hazır vəziyyətə gətirilməsi, dəmir yolu layihələrinin sürətləndirilməsi və Naxçıvan dəmir yolunun yenidən qurulması bu istiqamətdə atılan ardıcıl addımlardır. Burada xüsusilə diqqət çəkən məqam Naxçıvan dəmir yolunun gələcəkdə 15 milyon ton yükdaşıma qabiliyyətinə çatdırılmasıdır. Söhbət Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm qovşaqlarından birinə çevrilməsindən gedir. Naxçıvanın coğrafi mövqeyi bütün bu imkanlara qadirdir. Zəngəzur dəhlizinin reallaşması ilə Azərbaycan əsas hissəsindən Naxçıvana, Naxçıvandan İran istiqamətində yeni dəmir yolu bağlantısı formalaşacaq. Adıçəkilən xəttin gələcəkdə daha geniş ərazilərə çıxış imkanları yaratması Naxçıvanın iqtisadi əhəmiyyətini əhəmiyyətli dərəcədə artıracaq. Bu baxımdan Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, Avrasiyanın mühüm nəqliyyat xəritəsində strateji mövqeyə malik mühüm mərkəzə çevrilir.
Zəngəzur dəhlizinin əhəmiyyəti yalnız avtomobil və dəmir yolu ilə də məhdudlaşmır. Enerji xətləri, fiber-optik kabel və gələcəkdə digər kommunikasiya imkanlarının bu dəhlizdən keçməsi onun strateji əhəmiyyətini daha da artırır. Azərbaycanın Zəngəzur dəhlizinə bu qədər geniş prizmadan yanaşması təsadüfi deyil. Müasir dünyada nəqliyyat, enerji və kommunikasiya infrastrukturu bir-birindən ayrılmaz anlayışlardır. Naxçıvanın enerji imkanlarının genişləndirilməsi də bu strategiyanın mühüm hissəsidir. Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsinin hazır olması gələcəkdə enerji sistemlərinin daha geniş inteqrasiyasına imkan yaradacaq. Bu, həm Naxçıvanın, həm də bütövlükdə regionun enerji təhlükəsizliyinə xidmət edən mühüm layihədir”.
Günay Ağamalı bir vacib məqama da toxundu: “Naxçıvanın tarixi-mədəni irsinin qorunması dövlət siyasətinin mühüm istiqamətidir. Möminə xatun məqbərəsinin bərpası, Əcəmi Naxçıvaninin xatirəsinə ucaldılmış abidə və digər tarixi-mədəni obyektlərin mühafizəsi Naxçıvanın iqtisadi və mədəni inkişafının diqqət mərkəzində olduğunu göstərir. Naxçıvan Azərbaycan xalqına Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş edib. Bu torpağın Azərbaycan dövlətçilik tarixində xüsusi yeri var. Naxçıvanda milli yaddaşımız, tariximiz, mədəniyyətimiz və dövlətçilik ənənələrimiz qorunur və gələcək nəsillərə ötürülür”.
Deputat onu da söyləyib ki, Naxçıvanın kənd təsərrüfatının inkişafı yeni mərhələyə yüksəlir: “Suvarma layihələrinin həyata keçirilməsi, artezian quyularının qazılması və müasir suvarma sistemlərinin qurulması kənd təsərrüfatı istehsalının artırılmasına, yeni iş yerlərinin yaradılmasına və regionun iqtisadi fəallığının yüksəlməsinə şərait yaradacaq. Nəqliyyat infrastrukturu ilə bağlı nəzərdə tutulan 420 kilometrlik yol layihəsi sosial rifaha birbaşa təsir edəcək. Kənd və yaşayış məntəqələrinin yol probleminin həlli insanların gündəlik həyatını asanlaşdırmaqla yanaşı, həmçinin iqtisadi fəallığın artmasına xidmət edəcək. Naxçıvan şəhərində müasir elektrik avtobuslarının istifadəyə verilməsi və rayonlararası 217 müasir avtobusun alınmasının nəzərdə tutulması müasir şəhər və region idarəçiliyinin nümunəsidir. İnsanların rahat və təhlükəsiz nəqliyyat xidmətləri ilə təmin olunması dövlətin sosial siyasətinin mühüm göstəricilərindəndir. Bütün bunlarla yanaşı, Naxçıvanın turizm potensialının reallaşdırılması qarşıda duran mühüm istiqamətlərindəndir. Naxçıvanın tarixi abidələri, zəngin təbiəti, müalicəvi imkanları və əlverişli coğrafi mövqeyi Naxçıvanı Azərbaycanın mühüm turizm mərkəzlərindən biri kimi ön plana çıxarır. Yeni beşulduzlu hotelin təməlinin qoyulması bu sahədə infrastrukturun genişləndirilməsi baxımından müsbət addımdır. Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurun vahid inkişaf yanaşması əsasında gələcəyə hazırlanması dövlət siyasətinin mühüm prioritetlərindəndir.
Tarixən adıçəkilən ərazilər bir-biri ilə sıx bağlı olub. Bu gün Zəngilanla Ordubad arasında cəmi 42 kilometrlik məsafənin mövcudluğu həmin məkanların gələcəkdə iqtisadi, nəqliyyat və enerji əlaqələrinin daha da genişləndirilməsi üçün böyük imkanlar yaradır. Naxçıvanın yaşıl enerji zonası kimi inkişaf etdirilməsi Azərbaycanın gələcəyə hesablanmış siyasətinin mühüm istiqamətidir. Günəş və su enerjisi potensialından səmərəli istifadə, enerji saxlanc sistemlərinin qurulması və gələcəkdə elektrik enerjisinin ixrac imkanlarının genişləndirilməsi Naxçıvanı Azərbaycanın yaşıl enerji xəritəsində xüsusi mövqeyə çıxaracaq. Bütün bu proseslərin mərkəzində bir prinsip dayanır. Naxçıvanın gələcəyi güclü, təhlükəsiz və dayanıqlı inkişaf üzərində qurulmalıdır. Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yeni idarəetmə modelinin Naxçıvanda da həyata keçirilməsi struktur islahatlarının mühüm tərkib hissəsidir. Burada əsas məqsəd idarəetmənin daha çevik, səmərəli və nəticəyönümlü qurulmasıdır. Naxçıvanın muxtar respublika statusunun qorunması ilə yanaşı, idarəetmə mexanizmlərinin müasirləşdirilməsi regionun inkişafını sürətləndirəcək.
Ölkə başçımız Cənab İlham Əliyevin Naxçıvana səfəri zamanı səsləndirdiyi fikirlər bir daha göstərdi ki, dövlətimizin qədim diyarımız olan Naxçıvanla bağlı baxışı gələcək onilliklərin reallıqlarını nəzərə alır. Təhlükəsizlik, enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, turizm, sosial infrastruktur və müasir idarəetmə bir-birini tamamlayan vahid inkişaf strategiyasının komponentləridir”.
Müsahibimiz sonda qeyd etdi ki, günümüzdə Naxçıvan yeni tarixi mərhələyə qədəm qoyur: “Naxçıvan Azərbaycanı regionla və daha geniş ərazi ilə birləşdirən mühüm qovşaqlardan birinə çevirəcək. Naxçıvanın inkişafı Azərbaycanın ümumi inkişafının ayrılmaz hissəsidir. Bu inkişafın arxasında siyasi iradə, dövlətin maliyyə imkanları, strateji baxış və ən əsası, milli maraqlara əsaslanan ardıcıl dövlət siyasəti dayanır. Naxçıvan qarşıdakı inkişaf edən region, təhlükəsizlik, enerji, nəqliyyat, sənaye və turizmin bir araya gəldiyi müasir regional mərkəz kimi Azərbaycanın gücünün və imkanlarının daha bir göstəricisinə çevriləcək”.