Azərbaycan beynəlxalq şəhərsalma əməkdaşlığının fəal iştirakçısı kimi
Son illər Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, mühüm dialoq və əməkdaşlıq məkanı kimi öz mövqeyini daha da möhkəmləndirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət kursu nəticəsində ölkəmiz dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlarla münasibətlərini qarşılıqlı hörmət və etimada əsaslanan şəkildə inkişaf etdirib. Azərbaycanın beynəlxalq təşəbbüslərə verdiyi töhfələr, qlobal məsələlərin həllində fəal iştirakı və müxtəlif platformalarda irəli sürdüyü mühüm təşəbbüslər ölkəmizin dünya miqyasında artan nüfuzunu daha da gücləndirib.
Bu gün Azərbaycan yalnız regionun deyil, bütövlükdə Avrasiya məkanının mühüm siyasi, iqtisadi və humanitar mərkəzlərindən birinə çevrilib. Bakı şəhəri isə artıq beynəlxalq tədbirlərin, qlobal forumların, yüksək səviyyəli görüşlərin keçirildiyi mühüm ünvan kimi tanınır. Müxtəlif illərdə ölkəmizdə təşkil olunan beynəlxalq humanitar forumlar, mədəniyyətlərarası dialoq platformaları, enerji və nəqliyyat sahələrinə həsr edilmiş tədbirlər, idman yarışları, eləcə də COP29 kimi qlobal əhəmiyyətli konfranslar Azərbaycanın təşkilatçılıq imkanlarını və beynəlxalq nüfuzunu bütün dünyaya nümayiş etdirib. Bu tədbirlər eyni zamanda Azərbaycanın sabitlik, təhlükəsizlik, multikulturalizm və beynəlxalq əməkdaşlıq məkanı kimi qəbul olunduğunu bir daha təsdiqləyir.
Məhz belə mühüm beynəlxalq tədbirlərdən biri də 2026-cı il mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası oldu. Dünyanın müxtəlif ölkələrindən minlərlə iştirakçını bir araya gətirən forum şəhərsalma, memarlıq, dayanıqlı inkişaf və müasir urbanizasiya məsələlərinin müzakirəsi baxımından mühüm beynəlxalq platforma kimi diqqət çəkdi. Forumun Bakıda keçirilməsi Azərbaycanın şəhərsalma və dayanıqlı inkişaf sahəsində həyata keçirdiyi siyasətə beynəlxalq səviyyədə verilən yüksək qiymətin göstəricisi oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumun açılış mərasimində çıxışı zamanı tədbirin əhəmiyyətini xüsusi vurğulayaraq qeyd etdi ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası iştirakçı sayına görə rekord göstərici ilə yadda qalır. Dövlətimizin başçısı bildirdi ki, 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi forumun qlobal əhəmiyyətini və Azərbaycana olan böyük marağı əks etdirir. Prezident İlham Əliyev vurğuladı ki, bu tədbir miqyasına görə COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük beynəlxalq platformadır və forumun nəticələrinin də COP29 qədər uğurlu olacağına ümid etdiyini ifadə etdi.
Dövlət başçısı çıxışında forumun Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsi və ölkəmizin dünyaya daha yaxından tanıdılması baxımından da mühüm əhəmiyyət daşıdığını qeyd etdi. Prezident İlham Əliyev bildirdi ki, Bakıya gələn çoxsaylı qonaqlar, xüsusilə ölkəmizə ilk dəfə səfər edən iştirakçılar Azərbaycanın inkişafını, şəhərsalma və memarlıq sahəsində həyata keçirilən layihələri yaxından görmək imkanı əldə edəcəklər.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın tarixi-coğrafi mövqeyinə də toxunaraq vurğuladı ki, ölkəmiz əsrlər boyu Avropa ilə Asiya arasında mühüm körpü rolunu oynayıb, Şərqlə Qərbin qovuşduğu məkan kimi formalaşıb. Dövlətimizin başçısı qeyd etdi ki, bu tarixi xüsusiyyət Azərbaycanın memarlığında və şəhərsalma ənənələrində də aydın şəkildə öz əksini tapır.
Prezident İlham Əliyevin fikirlərində Bakı şəhərinin timsalında qədimliklə müasirliyin harmoniyası xüsusi yer tuturdu. Dövlətimizin başçısı qeyd etdi ki, İçərişəhərin qədim divarları arasında Azərbaycanın zəngin tarixi və milli-mədəni irsi yaşayırsa, həmin məkanın yaxınlığında müasir urbanizasiya nümunələri öz əksini tapır. Vaxtilə cəmi üç kilometr uzunluğa malik olan Bakı Bulvarının bu gün 15 kilometrdən artıq ərazini əhatə edən möhtəşəm dənizkənarı bulvara çevrilməsi şəhərsalma sahəsində əldə olunan nailiyyətlərin bariz nümunəsidir. Bununla yanaşı, XIX əsrdə Avropa memarları tərəfindən layihələndirilmiş binalar da Bakının memarlıq simasının zənginliyini və çoxşaxəliliyini nümayiş etdirir.
Dövlətimizin başçısı vurğuladı ki, Bakıda və ümumilikdə Azərbaycanda tarixi irsin qorunması ilə müasir şəhərsalma prinsiplərinin uzlaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Tarixi-mədəni abidələrin qorunması, milli memarlıq ənənələrinin yaşadılması və eyni zamanda müasir şəhər infrastrukturunun yaradılması ölkəmizdə həyata keçirilən uğurlu inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Prezident İlham Əliyev bunu xalqımızın zəngin mədəni irsinə və əcdadlarımızın yüksək memarlıq düşüncəsinə verilən dəyərin təzahürü kimi qiymətləndirdi.
Çıxış zamanı qeyd olundu ki, şəhərsalma məsələləri yalnız Bakı ilə məhdudlaşmır. Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilən abadlıq və quruculuq layihələri, yeni yaşayış komplekslərinin və sosial infrastruktur obyektlərinin tikintisi ölkənin dayanıqlı inkişaf strategiyasının əsas istiqamətlərindən birini təşkil edir. Müasir şəhərsalma prinsiplərinin tətbiqi insanların həyat şəraitinin yaxşılaşdırılmasına, sosial rifahın yüksəldilməsinə və ekoloji tarazlığın qorunmasına xidmət edir.
Prezident İlham Əliyev çıxışında 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin də bu sahəyə verilən önəmin göstəricisi olduğunu diqqətə çatdırdı. Dövlətimizin başçısı forumun təşkilinə göstərilən dəstəyə və Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməsinə görə təşəkkürünü ifadə etdi.
Çıxışda Azərbaycanın BMT ilə əməkdaşlığına da xüsusi yer ayrıldı. Prezident İlham Əliyev qeyd etdi ki, 2022-ci ildən etibarən BMT-nin Məskunlaşma Proqramı ilə birgə işğaldan azad edilmiş Ağdam, Zəngilan və Xankəndidə milli şəhərsalma forumları keçirilib. Bu tədbirlər azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısı vurğuladı ki, həmin ərazilərdə həyata keçirilən yenidənqurma prosesi ən müasir şəhərsalma prinsiplərinə, “ağıllı şəhər” və “yaşıl enerji” konsepsiyalarına uyğun şəkildə həyata keçirilir.
Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan bu gün tarixi irsini qorumaqla yanaşı, müasir şəhərsalma və dayanıqlı inkişaf sahəsində də nümunəvi inkişaf modeli formalaşdıran ölkələrdən biridir. Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi isə Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfənin, qlobal təşəbbüslərdə fəal iştirakının və dünya miqyasında artan nüfuzunun daha bir göstəricisi kimi mühüm əhəmiyyət daşıyır.
Aqşin Babayev,
YAP Salyan rayon təşkilatının sədr müavini