Azərbaycan–Çin münasibətləri iqtisadi əməkdaşlıqdan siyasi etimad səviyyəsinə yüksəlib - RƏY
Prezident İlham Əliyev mayın 18-də Çinin Dövlət Şurasının Baş nazirinin müavini Can Quoçini qəbul edərkən deyib ki, Azərbaycan "vahid Çin" siyasətini dəstəkləyir.
Dövlət başçısı Azərbaycanın vaxtilə separatizmdən əziyyət çəkən ölkə kimi separatizmin bütün forma və təzahürlərini pislədiyini vurğulayıb.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Çinin Tayvan regionunda keçirilmiş qanunsuz seçkiləri nəinki tanımayıb, hətta onun pislənilməsi bəyanatı ilə çıxış edən yeganə dövlətlərdən biri olub.
Dövlət başçısı bu xüsusda vurğulayıb ki, Azərbaycan "vahid Çin" siyasətini daim dəstəkləyir.
Azərbaycan ilə Çin arasında münasibətlər son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək siyasi və iqtisadi sahələrdə daha da möhkəmlənib. Azərbaycan beynəlxalq münasibətlərdə dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipini əsas götürərək Çinin "vahid Çin" siyasətini daim dəstəklədiyini bəyan edir. Prezident İlham Əliyev də vurğulayıb ki, Azərbaycan separatizmin bütün forma və təzahürlərini qətiyyətlə pisləyir və Tayvan məsələsində Çinin mövqeyini dəstəkləyən ölkələrdən biridir.
Crossmedia.az-a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı bildirib ki, Azərbaycanın "vahid Çin" siyasətini dəstəkləməsi iki ölkə arasında qarşılıqlı etimadın və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir: "Azərbaycan beynəlxalq münasibətlərdə hər zaman dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipindən çıxış edib. Bu baxımdan rəsmi Bakının mövqeyi ardıcıl və prinsipial siyasətin davamıdır".
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin Çin Dövlət Şurası Baş nazirinin müavini Can Quoçinlə görüşündə səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan–Çin münasibətləri iqtisadi əməkdaşlıqdan siyasi etimad səviyyəsinə yüksəlib: "Münasibətlərin bu yüksəkliyə çatması gələcəkdə yeni investisiya layihələri, nəqliyyat-logistika imkanları və texnoloji əməkdaşlıq üçün əlavə perspektivlər yaradır".
Ağamalı qeyd edib ki, Çin Azərbaycanla münasibətlərdə xüsusilə tranzit-logistika, Orta Dəhliz, enerji, yaşıl enerji, rəqəmsal texnologiyalar və sənaye əməkdaşlığı istiqamətlərinə böyük önəm verir: "Azərbaycanın coğrafi mövqeyi Çin üçün Avropa ilə Asiyanı birləşdirən mühüm strateji xətt hesab olunur. Xüsusilə Orta Dəhlizin aktuallaşdığı bir dövrdə Azərbaycanın rolu daha da genişlənir".
Deputat əlavə edib ki, Çin Azərbaycanı regionda sabitlik yaradan və etibarlı tərəfdaş kimi qəbul edir: "Azərbaycan-Çin münasibətləri qarşılıqlı hörmətə və daxili işlərə qarışmamaq prinsipini əsas götürdüyü üçün əməkdaşlığın gələcəkdə daha geniş sahələri əhatə edəcəyi gözlənilir".