"Dövlət tərəfindən ailə institutunun qorunması istiqamətində mühüm addımlar atılır" - DEPUTAT
"Ailə Azərbaycan cəmiyyətinin milli-mənəvi kimliyimizin əsas dayağıdır. Xalqımızın gücü tarix boyu ailənin bütövlüyündən, böyüyə hörmətdən, övlad məsuliyyətindən və mənəvi bağlılıqdan qaynaqlanıb. Bu gün ailə institutunda baş verən dəyişikliklər cəmiyyətin gələcəyinə birbaşa təsir göstərir".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı danışıb.
O, açıqlamasında qeyd edib ki, son illər boşanmaların artması, erkən yaşda qurulan hazırlıqsız ailələr, sosial şəbəkələrin münasibətlərə mənfi təsiri, qarşılıqlı anlayışın zəifləməsi ailə institutunu müəyyən risklərlə üz-üzə qoyub:
"Gənclər bəzən ailə qurulmasına kifayət qədər məsuliyyətlə yanaşmırlar. Emosional seçimlər sonradan ciddi problemlərə yol açır. Halbuki ailədə ən vacib amillər səbir, fədakarlıq və qarşılıqlı hörmətdir.
Digər mühüm məqamlardan biri də ailədaxili münasibətlərdə psixoloji gərginliklərin artmasıdır. İnsanlar bir-birini dinləməyi, güzəşt etməyi və problemləri birlikdə həll etməyi getdikcə daha az bacarırlar. Bütün bunlar isə uşaqların psixoloji inkişafına və gələcək həyatına ciddi təsir göstərir. Sağlam cəmiyyət sağlam ailədən başlayır.
Möhtərəm cənab Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətində milli-mənəvi dəyərlərin, ailə institutunun və sağlam cəmiyyət modelinin qorunması əsas prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi humanitar və sosial layihələr ailə dəyərlərinin, qadınların və uşaqların müdafiəsinin daim diqqət mərkəzində saxlanıldığından xəbər verir. Bu cür həssas yanaşma Azərbaycan dövlətinin ailə məsələsinə strateji milli məsələ kimi yanaşdığını göstərir.
Dövlət tərəfindən ailə institutunun qorunması istiqamətində mühüm addımlar atılır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti, sosial layihələr, maarifləndirmə tədbirləri və qanunvericilik təşəbbüsləri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Lakin məsələ yalnız qanunla həll olunmur. Burada məktəbin, medianın, ictimaiyyətin və ən əsası valideynlərin üzərinə böyük məsuliyyət düşür.
Ailə millətin gələcəyidir. Ailə nə qədər sağlam olarsa, dövlət də bir o qədər güclü olar. Bunun üçün hər kəs sözügedən məsələyə həsaslıqla yanaşmağı və öz töhfəsini verməyi vacib hesab etməlidir".
