"Doğum sayının azalması gələcək demoqrafik təhlükəsizlik məsələsidir" - Günay Ağamalı
Son günlər ölkəmizdə doğulanların sayında kəskin azalma var.
Rəsmi statistikaya əsasən, 2025-ci ildə ölkədə 95 min 875 körpə doğulub. Bu göstəricini 2024-cü ildə qeydə alınmış 102 min 310 doğumla müqayisə etsək, 6 mindən də çox fərqin olduğunu görərik. Nəticədə əhalinin hər 1000 nəfərinə düşən doğum səviyyəsi 10,0-dan 9,4-ə enib ki, bu da doğum tempində azalma meylinin davam etdiyini göstərir.
Səbəbi isə müxtəlifdir.
Bəs doğum saylarının azalmasına səbəb nədir?
Mövzu ilə bağlı Patrul.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı bildirib ki, doğum sayının azalması gələcək demoqrafik təhlükəsizlik məsələsidir:
“Günümüzdə dünyanın bir çox ölkələri eyni problemlə üz-üzədir. Təəssüf ki, Azərbaycan da adıçəkilən prosesdən kənarda qalmır.
Müasir dövrdə həyat tərzi və düşüncə modeli dəyişib. Sosial şəbəkələrin təsiri, fərdi həyatın ön plana çıxması, məsuliyyətdən yayınma meyilləri ailə modelinə təsirsiz ötüşmür. Bəzən karyera, şəxsi rahatlıq və fərdi azadlıq ailə dəyərlərinin önünə keçir. Bütün bunlar cəmiyyət üçün ciddi risklər yaradır”.

Sözügedən məsələdə psixoloji faktorların da nəzərdən qaçmadığını söyləyən G.Ağamalı vurğulayıb:
“Son illərdə boşanmaların artması, ailədaxili konfliktlər və münasibətlərdə etimadın zəifləməsi gənclərdə ailə qurmağa qarşı müəyyən tərəddüdlər formalaşdırır. İnsanlar ailəni əvvəlki kimi uzunömürlü və etibarlı institut kimi görməkdə çətinlik çəkirlər.
Möhtərəm cənab Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətində ailə institutunun qorunması, sosial rifahın gücləndirilməsi və gənclərin dəstəklənməsi əsas prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən sosial və humanitar layihələrdə ana və uşaqların müdafiəsi, ailə dəyərlərinin təşviqi xüsusi yer tutur. Dövlət bu istiqamətdə mühüm addımlar atır”.
“Hesab edirəm ki, bu məsələdə milli-mənəvi yanaşma, maarifləndirmə və sağlam ailə modelinin cəmiyyətdə təşviqinin gücləndirilməsi vacibdir”,– deyə o, fikirlərini yekunlaşdırıb.