Salyanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbir keçirilib
31 oktyabr 2024-cü il tarixində YAP Salyan rayon təşkilatının, rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "Azərbaycanda ekoloji siyasətin formalaşmasında Heydər Əliyevin rolu" adlı tədbir keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, mövzu ilə bağlı videoçarx nümayiş olunub.
Tədbirdə YAP Salyan Rayon Təşkilatının sədr müavini Aqşin Babayev, rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Məhərrəm Məmmədov, Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Əlişir Əliyev, “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Rüstəm Məlikov, Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev və başqaları çıxış edərək Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan Ulu Öndərin fəaliyyəti dövründə ölkədəki ekoloji vəziyyətin həmişə xüsusi diqqət mərkəzində olduğunu, ətraf mühitin mühafizəsi ilə bağlı müəyyən olunmuş prioritetlər üzrə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıblar. Bildirilib ki, Heydər Əliyevin uzaqgörən siyasəti, o cümlədən, ekologiya sahəsində verdiyi tövsiyələr bu gün də görülən işlərdə rəhbər tutulmaqdadır. Vurğulanıb ki, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etməsi tarixi hadisə, Azərbaycana göstərilən böyük etimaddır. Bu etimadın təməlində isə Ulu Öndər Heydər Əliyevin siyasətini və ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyev dayanır. Qeyd olunub ki, Azərbaycanda yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarını təmin etmək naminə təbii ehtiyatlardan səmərəli istifadə etməkdir.
Tədbir iştirakçıları sonra Heydər Əliyev Mərkəzində təşkil olunmuş "Yaşıl dünya naminə həmrəy olaq" adlı rəsm sərgisi ilə tanış olublar. Sonda xatirə şəkilləri çəkdirilib.



