Hepatit B peyvəndi Hepatit B xəstəliyinə qarşı tətbiq olunan peyvənddir və doğum evində ilk 12 saat ərzində körpələrə vurulur.
Hepatit B virusu qaraciyərin kəskin iltihabını törədən, daha sonra xroniki formaya keçərək xroniki iltihab, qaraciyər sirrozu və qaraciyər xərçənginə səbəb ola bilən DNT tərkibli hepatotrop virusdur.
Virusun birbaşa sitopatik effekti yoxdur. Orqanizmdə hiperhəssaslıq reaksiyaları yaradaraq qaraciyəri və eləcə də digər orqanları sıradan çıxarır.
Hepatit B infeksiyası üçün risk daşıyan əsas qruplar belədir:
• Hemofil və hemodializ xəstələri;
• Hepatit B daşıyan adam ilə eyni evdə yaşayanlar;
• Çoxsaylı qanköçürmə edilən xəstələr;
• Narkotik maddə istifadəçiləri;
• Səhiyyə personalı;
• Ümumi və fərdi gigiyenaya riayət edilməyən yerlərdə yaşayanlar;
• HBsAg müsbət olaraq doğulan körpələr və s.
Hepatit B virusunun üç əsas yoluxma forması var: Qan təması ilə, cinsi əlaqə və perinatal yolla (anadan dölə ötürülməklə).
Daha çox qaşınma, halsızlıq, iştahasızlıq, qızdırma, ürəkbulanma, qusma, oynaq və əzələ ağrıları ilə müşayiət olunur. Bir çox hallarda heç bir simptom vermədən, gizli şəkildə inkişaf edir və xroniki formaya keçir. Belə olduqda isə ya təsadüfi müayinələr nəticəsində, ya da qaraciyər sirrozu, qaraciyər xərçəngi mərhələsində aşkar olunur.
Övladlarımızı Hepatit B virusundan qorumağın ən effektiv yolu peyvəndlənmədir. Hepatit B peyvəndilə uşaqlarımızı ciddi qaraciyər xəstəliklərindən və onun törədə biləcəyi qaraciyər xərçəngindən qoruya bilərik.
Peyvənd yaşadır!