Kuşinq sindromundan əziyyət çəkən xəstə sağlamlığına qovuşub
Yeni Klinikada yatrogen (dərman mənşəli) səbəbdən Kuşinq-ekzogen sindromu diaqnozu ilə 5 ay ambulator müalicə alan xəstə sağlamlığına qovuşub.
Belə ki, uyğunsuz şəkildə steroid terapiya alması səbəbi ilə kəskin çəki artımı, ayabənzər üz, qarın və bel nahiyəsində tünd qırmızımtıl çapıqların (striyalar) yaranması, aybaşı pozğunluğu kimi şikayətlərlə Yeni Klinikaya yanvar ayında müraciət edən 18 yaşlı pasiyent həkim-endokrinoloqun müayinəsindən keçib.
Endokrinoloq Səbinə Paşayevanın təyin etdiyi müalicə sayəsində xəstənin qəbul etdiyi steroid preparat tədricən düzgün titrlənmiş şəkildə ləğv edilərək 5 ay sonra pasiyentin bütün şikayətləri minimuma endirilib.
Məlumat üçün bildirək ki, yatrogen Kuşinq-ekzogen Kuşinq sindromu arasında ən sıx rast gəlinən vəziyyət olub, uzun müddət və yüksək dozada kontrolsuz steroid qəbulu nəticəsində inkişaf edir.
Qeyd edək ki, steroid mənşəli preparatların (deksametazon, prednizolon, triamsinalon, metilprednizolon, betametazon və s.) göstəriş olmadan təyini və həmçinin özbaşına istifadəsi orqanizmdə ciddi problemlərə, ürək-damar xəstəlikləri və ölüm riskinin artmasına səbəb ola bilər.