Suverenliyin yeni mərhələsi və milli dövlətçiliyin ideoloji əsasları
Müasir dünyada dövlət suverenliyi anlayışı ənənəvi siyasi və hüquqi çərçivələri aşaraq daha geniş məzmun qazanır. Əvvəllər əsasən dövlətin öz ərazisində ali hakimiyyətə malik olması və xarici siyasətini müstəqil şəkildə həyata keçirməsi ilə səciyyələnən suverenlik bu gün iqtisadi dayanıqlılıq, informasiya təhlükəsizliyi, milli-mənəvi dəyərlərin qorunması və cəmiyyətin ideoloji bütövlüyü kimi mühüm amillərlə sıx bağlıdır. Qloballaşmanın sürətləndiyi, rəqəmsal texnologiyaların və süni intellektin ictimai münasibətlərə təsirinin artdığı şəraitdə dövlətin müstəqilliyini qoruması yalnız ərazi sərhədlərinin müdafiəsi ilə məhdudlaşmır. Bu, həm də milli maraqların, tarixi yaddaşın və müstəqil qərarvermə imkanlarının qorunmasını tələb edir.
Suverenliyin fəlsəfi mahiyyəti dövlət hakimiyyətinin aliliyindən daha geniş anlayışı ifadə edir. O, xalqın öz gələcəyini müəyyənləşdirmək iradəsini, milli kimliyini və siyasi müstəqilliyini özündə birləşdirir. Azərbaycan Respublikası Konstitusiyasının 1-ci maddəsində dövlət hakimiyyətinin yeganə mənbəyinin Azərbaycan xalqı olduğu təsbit edilir, 2-ci maddədə isə xalqın suveren hüququ və öz müqəddəratını sərbəst müəyyən etmək prinsipi ifadəsini tapır. Bu müddəalar dövlət hakimiyyətinin hüquqi əsaslarını müəyyən etməklə yanaşı, xalqın iradəsinin dövlətçilik sistemindəki aparıcı rolunu da təsdiqləyir.
Azərbaycanın müasir tarixində suverenlik məsələsi müstəqilliyin qorunması, dövlət institutlarının möhkəmləndirilməsi və ərazi bütövlüyünün təmin olunması ilə bilavasitə bağlı olmuşdur. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası müstəqil Azərbaycanın siyasi və hüquqi əsaslarının formalaşmasında mühüm rol oynamışdır. 1993-cü ildə ölkədə yaranmış mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin hakimiyyətə qayıdışı sabitliyin bərpasına və dövlət quruculuğunun yeni mərhələsinə zəmin yaratmışdır. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyası isə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsaslarını müəyyən etmişdir. Ulu Öndərin siyasi irsi bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilir.
Azərbaycanın suverenliyinin tarixində ərazi bütövlüyünün bərpası xüsusi yer tutur. 2020-ci ildə Vətən müharibəsində qazanılan Qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində dövlət suverenliyi təmin olundu. Bu hadisələr Azərbaycanın konstitusion prinsiplərinin və beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün real həyatda bərqərar olması baxımından tarixi mərhələ təşkil edir. Dövlət Suverenliyi Gününün təsis edilməsi də bu nailiyyətin milli yaddaşda yaşadılması, gələcək nəsillərə çatdırılması və dövlətçilik şüurunun möhkəmləndirilməsi məqsədinə xidmət edir.
Suverenliyin tam bərpası Azərbaycan qarşısında yeni vəzifələr də müəyyənləşdirir. Əgər əvvəlki mərhələdə əsas məqsədlərdən biri işğal altında olan ərazilərin azad edilməsi və dövlət sərhədləri daxilində konstitusion quruluşun təmin olunması idisə, hazırkı dövrdə müstəqilliyin bütün sahələrdə möhkəmləndirilməsi ön plana çıxır. İqtisadi müstəqillik, güclü müdafiə potensialı, müstəqil xarici siyasət, informasiya təhlükəsizliyi və milli-mənəvi dəyərlərin qorunması bu prosesin bir-birini tamamlayan istiqamətləridir. Bu amillərdən hər hansı birinin zəifləməsi dövlətin ümumi dayanıqlılığına təsir göstərə bilər.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin 2 oktyabr 2026-cı ildə keçirilmiş YAP-ın VIII Qurultayındakı çıxışı məhz suverenliyin bərpasından sonrakı yeni tarixi mərhələnin prioritetlərini anlamaq baxımından diqqətəlayiqdir. Dövlət başçısının çıxışında Azərbaycanın dəyişən geosiyasi şəraitdə qarşısında duran vəzifələr, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması və cəmiyyətin ideoloji dayanıqlılığı məsələləri geniş məzmun kəsb edir. Bu yanaşma göstərir ki, suverenliyin qorunması əldə edilmiş tarixi nailiyyətlərin saxlanılması ilə yanaşı, ölkənin gələcək inkişafı üçün etibarlı əsasların yaradılmasını da nəzərdə tutur.
Müasir dövrdə ideoloji təhlükəsizlik məsələsi bu baxımdan xüsusi aktuallıq daşıyır. İnternet və sosial şəbəkələr vasitəsilə yayılan informasiya, kənar təsir imkanlarının genişlənməsi, dezinformasiya və hibrid təhdidlər cəmiyyətin düşüncə mühitinə birbaşa təsir göstərir. Belə şəraitdə milli maraqların düzgün dərk edilməsi, tarixi həqiqətlərin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi dövlətin ideoloji təhlükəsizliyinin əsas istiqamətlərindəndir. Burada məqsəd yalnız informasiya təhdidlərinə qarşı mübarizə aparmaq deyil, həm də insanların tənqidi düşünmə qabiliyyətini, milli kimlik şüurunu və cəmiyyətin ortaq dəyərlərə bağlılığını gücləndirməkdir.
Bu prosesdə təhsil, elm və ictimai düşüncənin inkişafı mühüm rol oynayır. Gənclərin Azərbaycanın tarixi, dövlətçilik ənənələri və müstəqillik uğrunda mübarizəsi haqqında dolğun biliklərə yiyələnməsi milli yaddaşın qorunmasına xidmət edir. Eyni zamanda, müasir texnologiyaların imkanlarından səmərəli istifadə, informasiya savadlılığının artırılması və elmi yanaşmanın təşviqi cəmiyyətin xarici təsirlərə qarşı dayanıqlılığını gücləndirir. Suverenliyin davamlılığı yalnız siyasi və iqtisadi imkanlarla deyil, bu imkanları qorumağa qadir olan düşüncəli, bilikli və məsuliyyətli vətəndaşların yetişdirilməsi ilə də müəyyən olunur.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı da bu məsələlərin siyasi və ictimai müstəvidə müzakirəsi baxımından əhəmiyyətli platformadır. Prezident İlham Əliyevin çıxışında səsləndirilən müddəalar ölkənin yeni inkişaf mərhələsində siyasi institutların, ictimai təşkilatların və vətəndaş cəmiyyətinin üzərinə düşən vəzifələri daha aydın dərk etməyə imkan verir. Bu kontekstdə Yeni Azərbaycan Partiyasının fəaliyyəti dövlətçilik ideyalarının təbliği, milli maraqların müdafiəsi və cəmiyyətin ictimai-siyasi proseslərdə fəal iştirakının təşviqi ilə əlaqələndirilir.
Bir sözlə, müasir Azərbaycanın suverenliyi tarixi Qələbə ilə bərpa olunmuş hüquqi-siyasi statusdan daha geniş məna daşıyır. Onun qorunması dövlət institutlarının möhkəmləndirilməsini, iqtisadi və informasiya müstəqilliyinin təmin edilməsini, milli-mənəvi dəyərlərin yaşadılmasını və cəmiyyətin intellektual potensialının inkişafını tələb edir. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik xəttinin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi fonunda bu vəzifələrin ardıcıl həyata keçirilməsi Azərbaycanın müstəqilliyinin və suverenliyinin gələcək nəsillər üçün etibarlı təminatıdır.
Əbülfət Bədəlov,
Təqaüddə olan Salyan rayon ziyalısı, YAP fəalı