Azərbaycan-Niderland əlaqələrində yeni səhifə açılır? - Deputat açıqladı
İki gün öncə Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi və bir sıra məsələlər ətrafında danışıldı. Eyni zamanda, Azərbaycanın xarici işlər nazirini Ceyhun Bayramov da niderlandlı həmkarı ilə görüşdü və mətbuata bəyanatlarla çıxış etdilər, bir sıra vacib məqamlar vurğulandı.
Bəs Azərbaycan-Niderland münasibətləri yeni mərhələyə qədəm qoyur? Bu iki ölkə arasında hansı sahələrdə potensial əməkdaşlıq imkanları var?
Mövzu ilə bağlı Plat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, Azərbaycan-Niderland münasibətlərinin yeni mərhələyə daxil olması üçün çox ciddi bir potensial var:
"Birincisi, bununla bağlı siyasi iradə var, çünki Niderlandın xarici işlər nazirinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində marağın olmasına dair söylədiyi fikir ondan xəbər verir ki, qarşılıqlı anlaşma şəraitində faktiki əməkdaşlığın dərinləşdirilməsi üçün çox ciddi yanaşmanın mövcuddur. Və nəticə etibarilə nəzərə alsaq ki, Niderlandın xarici işlər naziri görüş zamanı istər cənab Prezident İlham Əliyevlə, istərsə də ki, xarici işlər naziri Ceyhun Bayramovla görüşündə söylədiyi fikirlər, xüsusilə də bir neçə ciddi məqamları özündə ehtiva edir. Bu, ilk əvvəl regional təhlükəsizlik məsələləridir, bu, humanitar məsələlərdir. Həmçinin Niderland vətəndaşlarının İran-ABŞ qarşıdurması zamanı İrandan təxliyə olunması ilə bağlı Azərbaycanın göstərdiyi kömək də diqqətəlayiqdir. Digər tərəfdən də nəzərə alsaq ki, çox sayda Niderland şirkətləri Azərbaycan ərazisində fəaliyyət göstərir və kifayət qədər də böyük maliyyə dövriyyəsi var, həm də ölkələrarası yatırım da qarşılıqlı şəkildə təmin edilməkdədir. Səhv eləmirəmsə, Niderland Azərbaycanın iqtisadiyyatına 1,2 milyard vəsait yatırdığı halda, Azərbaycan da həm də Niderlandın iqtisadiyyatına 1,6 milyard həcmində vəsait yatırıb. Yəni burada bir növ qarşılıqlı maraqları təmin edə biləcək bir çox vacib müddəalar, çox vacib kəsişən nöqtələr var və bu imkanların genişləndirilməsi nəticə etibarilə də bir neçə istiqamətdə faktiki əməkdaşlığın dərinləşdirilməsi üçün çox əlverişli bir şərait yarada bilər".
Deputat qeyd edib ki, xüsusilə də kənd təsərrüfatı ilə bağlı olan fikirlər şübhəsiz ki, burada münasibətlərin ana xəttini təşkil eləyə bilər, amma nəzərə alsaq ki, nəqliyyat-logistika məsələlərinin də Niderlandın diqqət mərkəzində olması və bunu da faktiki olaraq Niderlandın xarici işlər nazirinin dilə gətirməsi, digər tərəfdən də iqtisadiyyatın ayrı-ayrı seqmentləri var ki, hansılar ki, bu misal üçün yaşıl enerji məsələləri ola bilər, sonra sırf rəqəmsal texnologiyalarla bağlı süni intellekt elementi, xüsusilə də kənd təsərrüfatı sahəsində süni intellekt texnologiyalarından geniş istifadəni də nəzərdə tutsaq, yəni biz görürük ki, Azərbaycanla Niderland arasında əlaqələrin, əməkdaşlığın inkişaf etdirilməsi üçün çox ciddi potensial var, konkret istiqamətlər bəllidir və siyasi dialoq ən yüksək səviyyədə qurulub. Bu məsələyə dair cənab Prezident İlham Əliyevin Niderlandın xarici işlər naziri ilə görüşdüyü zaman bildirdiyi fikirlər var idi və bu bir daha onu göstərir ki, əgər siyasi iradə varsa, nəticə də olacaq".
Həmsöhbətimiz əlavə edib ki, Niderlandın xarici işlər nazirinin Azərbaycanın Cənubi Qafqaz bölgəsində sülh qurulmasında rolunu vurğulayarkən, həm də bütövlükdə Cənubi Qafqazla bağlı olan xarici siyasət kursunun olduğunu göstərməyə çalışdı ki, bu da nəticə etibarilə Cənubi Qafqaz üzərindən keçən inteqrasiya layihələrində dolayısı ilə yox, elə birbaşa olaraq Niderlandın iştirakını şərtləndirən vacib bir yanaşmadır.