ABŞ və Azərbaycan arasında imzalanmış saziş enerji əməkdaşlığında yeni mərhələ açır - Deputat
ABŞ və Azərbaycan arasında Vaşinqtonda imzalanmış ikitərəfli saziş təkcə siyasi və strateji tərəfdaşlığın güclənməsi ilə məhdudlaşmır, eyni zamanda enerji sahəsində də yeni perspektivlər açır. ABŞ-ın energetika naziri Kris Raytın qeyd etdiyi kimi, Azərbaycanın zəngin enerji ehtiyatları Avropaya, xüsusilə də Rusiyadan yan keçən marşrutlarla çıxış üçün böyük imkanlar yaradır. Bu isə regionda əməkdaşlığın inkişafı, enerji təhlükəsizliyi və geostrateji balans baxımından xüsusi əhəmiyyət kəsb edir.
Bu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib ki, ABŞ-la Azərbaycan arasında Vaşinqtonda imzalanmış ikitərəfli saziş ölkələrimiz arasındakı strateji tərəfdaşlığın daha da güclənməsinə, xüsusilə enerji sahəsində əməkdaşlığın yeni mərhələyə yüksəldilməsinə imkan yaradır: “Bu saziş Azərbaycanın artıq uzun illərdir həyata keçirdiyi enerji diplomatiyasının məntiqi davamıdır. Azərbaycan enerji bazarında digər qlobal aktorlardan fərqli olaraq öz rolundan siyasi təzyiq vasitəsi kimi istifadə etməyən azsaylı ölkələrdən biridir. Enerji diplomatiyamız qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığı üçün bir çox dövlətlər, xüsusilə Avropa ölkələri bizimlə tərəfdaşlıq etməkdə maraqlıdır”.
Deputatın sözlərinə görə, Azərbaycanın etibarlı tərəfdaş imici, həm ənənəvi, həm də bərpa olunan enerji resurslarının zənginliyi Birləşmiş Ştatların diqqətini cəlb edən əsas amillərdəndir. Onun fikrincə, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən ardıcıl strateji qərarlar və həyata keçirilən infrastruktur layihələri ölkəmizi mühüm enerji qovşağına çevirib: “Azərbaycanın Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP kimi nəhəng enerji layihələrinin uğurla icrası nəticəsində Bakı yalnız regionun deyil, bütövlükdə Avropanın enerji xəritəsində mühüm rol oynayır. Vaşinqton sazişi isə Azərbaycanın təbii qazının Avropa bazarlarına Rusiyadan yan keçməklə çatdırılması imkanlarını daha da genişləndirir və Avropanın enerji təhlükəsizliyinə əlavə töhfələr verir”.
Günay Ağamalı əlavə edib ki, dövlətin konkret addımları sırasında Cənub Qaz Dəhlizinin ötürücülük gücünün artırılması, yeni interkonnektorların inşası, külək və günəş enerjisi layihələrinin ixrac potensialı ilə uzlaşdırılması xüsusi yer tutur. Xəzərin zəngin qaz ehtiyatlarının səmərəli istifadəsi və mövcud infrastrukturun modernləşdirilməsi istiqamətində də strateji planlar həyata keçirilir.
Deputat vurğulayıb ki, Azərbaycanın əsas hədəfi enerji resurslarının ixracı ilə yanaşı, qlobal enerji bazarında sabitlik və balansın qorunmasına töhfə vermək, beynəlxalq əməkdaşlığı möhkəmləndirməkdir: “Bu gün Azərbaycan həm ənənəvi enerji resurslarının, həm də alternativ və bərpa olunan enerji layihələrinin etibarlı təminatçısı kimi beynəlxalq nüfuzunu artırmaqdadır. Vaşinqtonda imzalanmış saziş isə ölkəmizin enerji siyasətində yeni üfüqlər açır və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da gücləndirir”.