Günay Ağamalı: Azərbaycan-Niderland münasibətləri yeni əməkdaşlıq imkanları yaradır – ŞƏRH
“Azərbaycan-Niderland münasibətlərinin inkişafı ölkəmizin Avropa dövlətləri ilə siyasi dialoqunun genişləndirilməsi, qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi və yeni iqtisadi perspektivlərin reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır”.
Bu fikirləri Milli Məclisin deputatı Günay Ağamalı “Aktual Xəbər”ə açıqlamasında bildirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul etməsi Azərbaycanla Avropa dövlətləri arasında əlaqələrin inkişafına verilən önəmin göstəricisidir. Onun sözlərinə görə, görüşdə müzakirə olunan məsələlər ikitərəfli münasibətlərin genişləndirilməsi, qarşılıqlı etimadın gücləndirilməsi və Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.
Günay Ağamalı vurğulayıb ki, ötən il Kopenhagendə Prezident İlham Əliyevlə Niderlandın sabiq baş naziri arasında aparılmış müzakirələrin davamı kimi qiymətləndirilən bu görüş siyasi, iqtisadi, investisiya və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaradır.
Deputat bildirib ki, Niderland tərəfinin Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasında Azərbaycanın rolunu yüksək qiymətləndirməsi ölkəmizin regional proseslərdə artan əhəmiyyətini göstərir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası, eləcə də regionda dayanıqlı sülhün təmin olunması istiqamətində həyata keçirilən siyasət ölkəmizin beynəlxalq mövqeyini möhkəmləndirib.
Günay Ağamalı qeyd edib ki, Azərbaycan hazırda Cənubi Qafqazda sülh gündəliyinin irəlilədilməsində, iqtisadi əlaqələrin genişləndirilməsində və regional əməkdaşlığın inkişafında fəal rol oynayır. Deputatın fikrincə, Avropa dövlətlərinin bu proseslərə konstruktiv yanaşması regionda uzunmüddətli sabitliyin təmin olunması baxımından vacibdir.
O, Azərbaycanın humanitar diplomatiya sahəsindəki fəaliyyətinə də diqqət çəkib. Bildirib ki, Yaxın Şərqdəki böhran zamanı Niderland vətəndaşlarının, o cümlədən bu ölkənin Tehrandakı səfirliyinin əməkdaşlarının Azərbaycan ərazisindən təhlükəsiz təxliyəsi ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini nümayiş etdirən nümunələrdəndir.
Deputatın sözlərinə görə, Azərbaycan mürəkkəb geosiyasi şəraitdə beynəlxalq tərəfdaşları üçün təhlükəsiz tranzit imkanları yaratmaqla regional və beynəlxalq əməkdaşlığa töhfə verir. Ölkənin müasir nəqliyyat-logistika infrastrukturu, əlverişli coğrafi mövqeyi və beynəlxalq nəqliyyat dəhlizlərində artan rolu onun strateji əhəmiyyətini daha da artırır.
Günay Ağamalı Azərbaycan-Niderland iqtisadi əlaqələrinin inkişaf perspektivlərinin geniş olduğunu vurğulayıb. O bildirib ki, nəqliyyat-logistika, liman infrastrukturu, kənd təsərrüfatı, innovasiya və müasir texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin maraqlarına uyğundur.
Deputat xüsusilə Niderlandın qabaqcıl aqrar texnologiyalarının Azərbaycan üçün əhəmiyyətini qeyd edib. Onun fikrincə, müasir istehsal üsullarının tətbiqi, məhsuldarlığın artırılması və ixracyönümlü kənd təsərrüfatının inkişafı ölkəmizin qeyri-neft sektorunun şaxələndirilməsinə əlavə imkanlar yarada bilər.
O, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu və bərpaolunan enerji sahəsində həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb. Bildirib ki, ölkəmizin enerji və nəqliyyat sahələrində artan potensialı Avropa ilə uzunmüddətli tərəfdaşlıq üçün yeni imkanlar formalaşdırır.
Günay Ağamalı əlavə edib ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərində qarşılıqlı hörmət, bərabərhüquqluluq, suverenliyə ehtiram və ortaq maraqlar prinsiplərini əsas götürür. Onun sözlərinə görə, Niderlandla siyasi dialoqun davam etdirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi Azərbaycanın müstəqil xarici siyasət kursuna və uzunmüddətli inkişaf strategiyasına uyğundur.
Deputatın qənaətinə görə, Niderland xarici işlər nazirinin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü ikitərəfli münasibətlərin inkişafına, qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsinə və Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə xidmət edir.