Zəfər Yolunun Aparıcı Zirvəsi
Noyabrın 8-i Azərbaycan xalqının şanlı tarixinə qızıl hərflərlə yazılmış, milli qürurumuzun, sarsılmaz iradəmizin və yenilməz birliyimizin rəmzinə çevrilmiş müqəddəs bir gündür. Qarbağın tacı olan Şuşa şəhəri düz altı il əvvəl – 2020-ci il noyabr ayının 8-də Müzəffər Azərbaycan ordusu tərəfindən 28 illik erməni işğalından azad edildi. Bu əzəli Azərbaycan torpaqları olan Qarabağın qədim tarixinə şanlı səhifə kimi həkk edildi. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.
Şuşa şəhəri 1992-ci il 8 may tarixində ermənilər tərəfindən işğal olunmuşdur. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədiləvandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmişlər.
Uzun illər davam etmiş işğal zamanı Ermənistanın təcavüzkar siyasəti
nəticəsində Azərbaycan xalqına məxsus daşınmaz tarix və mədəniyyət abidələri dağıdılıb, mənimsənilib, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq vandalizmə məruz qalıb.
2020-ci ilin 8 noyabrında Azərbaycan Ordusu qəhrəmanlıq salnaməsi yazaraq Şuşanı işğaldan azad etdi. Bu qələbə hərbi taktika, sərkərdəlik bacarığı və yüksək mənəvi ruhun vəhdəti kimi tarixə düşdü. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dəqiq planlaşdırılmış əməliyyat – “Şuşa fatehləri”nin qəhrəmanlığı, Azərbaycan hərb tarixinin qızıl səhifəsinə çevrildi. Şuşa Zəfəri Azərbaycanın dövlətçilik modelini və milli iradəsini nümayiş etdirdi. 44 günlük müharibə nəticəsində əldə olunan uğur, Azərbaycanın öz torpaqlarını BMT-nin qətnamələrinə əsasən azad etməsi ilə beynəlxalq hüquqa söykənən legitim qələbə oldu. Bu qələbə ilə: Ermənistanın işğal siyasəti iflasa uğradı; Cənubi Qafqazda yeni güc balansı formalaşdı; Azərbaycan regional lider kimi mövqeyini daha da möhkəmləndirdi; “Zəfər diplomatiyası” adlanan yeni mərhələ başladı – sülh təşəbbüsləri, kommunikasiyaların açılması və postmünaqişə dövrünün hüquqi çərçivəsinin formalaşması. Prezident İlham Əliyevin ifadəsi ilə, “Şuşasız Qarabağ yarımçıqdır”, – bu fikir həm strateji, həm də mənəvi-siyasi baxımdan Azərbaycanın Zəfərinin mahiyyətini açır.
Lakin azadlığa qovuşduqdan dərhal sonra şəhərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanıldı. Şuşanın tarixi siması saxlanılmaqla məscidlər, muzeylər, tarixi abidələr bərpa olundu, işğal zamanı güllələnmiş Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri yenidən öz əvvəlki yerlərinə qaytarıldı.
Prezident İlham Əliyevin sərəncamları ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş, “Şuşa İli” çərçivəsində möhtəşəm tədbirlər təşkil olunmuşdur. Şuşa, eyni zamanda, 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı”, 2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı” və 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” seçilərək beynəlxalq aləmdə də öz layiqli yerini tutmuşdur.
Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”na əsasən şəhərdə müasir infrastruktur, ekoloji təmiz nəqliyyat və sosial obyektlər şəbəkəsi qurulur. Şuşaya çəkilən 101 kilometrlik “Zəfər Yolu” şəhərin sürətli dirçəlişinin və yeni inkişaf dövrünün rəmzidir.
Böyük Qayıdış proqramı çərçivəsində Şuşa artıq öz doğma sakinlərinə qucaq açıb. Şəhər mərkəzində və ətraf kəndlərdə yüzlərlə ailə müasir yaşayış komplekslərinə köçürülüb. Yaşayış binaları, məktəblər, xəstəxanalar, otellər və mühüm dövlət xidməti mərkəzləri istifadəyə verilərək şəhərdə tamqüvvəli yaşam təmin olunub.
Şuşada həyata keçirilən bərpa və quruculuq işləri dövlətin “Böyük Qayıdış” siyasətinin real təzahürüdür. “Ağıllı şəhər”, “yaşıl enerji”, “ekoturizm”, “Şuşa Bəyannaməsi” kimi təşəbbüslər Şuşanın gələcəyini modern dövlətçilik və milli dəyərlərin sintezində formalaşdırır. Bu gün Şuşa, həm azadlığın, həm yenidənqurmanın, həm də dayanıqlı gələcəyin rəmzidir. Şuşa Zəfəri Azərbaycan tarixinin dönüş nöqtəsidir. Bu Zəfər göstərdi ki, milli birliyin, liderin qətiyyətinin və ordunun gücünün birləşdiyi yerdə heç bir işğal, təzyiq və yad ideologiya qalib gələ bilməz.
Şuşa şəhəri günü bu gün üç mənanı birləşdirir. Birincisi, şəhidlərimizin xatirəsinə hörmət və onların yolunun davamı. İkincisi, qazilərimizə və əsgərlərimizə minnətdarlıq. Üçüncüsü isə gələcəyə məsuliyyət: Şuşa yalnız muzeyə çevrilməməli, insanların yaşadığı, işlədiyi, uşaqlarının böyüdüyü canlı şəhər olmalıdır. Bunun üçün yollar çəkilir, məktəblər açılır, abidələr bərpa edilir, ən əsası isə insanlar öz doğma yurduna qayıdır.
Rauf Səfərov,
Salyan rayonu, Vətən Müharibəsi iştirakçısı