Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
5 noyabr 2026-cı il tarixində Salyan Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatının, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun və Salyan rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü” münasibətilə tədbir keçirilib.
Salyan rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Məhərrəm Məmmədov, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin Həqiqi Hərbi Xidmətə Çağırış Bölməsinin zabiti, baş leytenant Nahid Dadaşov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Salyan rayon filialının sədri, Qarabağ müharibəsi qazisi Arif Əsgərov, 44 günlük Vətən müharibəsi şəhidi Sabir Salahovun anası Sevgül Salahova, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 5 saylı Regional bölməsinin müdiri, Vətən Müharibəsi iştirakçısı Ceyhun Novruzov, Salyan rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Fariz Sadıqlı, Salyan şəhər 6 saylı tam orta ümumtəhsil məktəbinin tarix müəllimi İradə Mütəllimova və Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova çıxış ediblər.
Çıxışlarda 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbənin əhəmiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması, xalqımızın milli birliyi və sarsılmaz iradəsi vurğulanıb. Bildirilib ki, Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olmaqla, xalqımızın azadlıq və ədalət uğrunda mübarizəsinin, şəhidlərimizin qəhrəmanlığının və ordumuzun gücünün təcəssümüdür. Çıxışlarda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin, milli-mənəvi dəyərlərə bağlılığının və Zəfər tariximizin gələcək nəsillərə çatdırılmasının vacibliyi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçıları Zəfər Günü münasibətilə Heydər Əliyev Mərkəzində təşkil olunmuş rəsm sərgisi ilə tanış olub. Sərgidə Vətən müharibəsinin qəhrəmanlıq salnaməsini və tarixi Zəfərimizin sevincini əks etdirən rəsm əsərləri yer alıb.
Daha sonra xatirə şəkli çəkdirilib.






