BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
Xüsusilə İkinci Dünya Müharibəsindən sonra bütün dövlətlərin və xalqların hörmətlə yanaşacağı beynəlxalq hüququ sisteminə olan ehtiyac açıqca özünü göstərirdi. Məhz bu müharibənin insanlığa yaşatdığı faciələrin miqyası insanları beynəlxalq ədalət anlayışının standartlarını müəyyənləşdirməyə məcbur etdi. Çünki, faciənin səbəbkarları içində qalib koalisiyanın da nümayəndələri vardı. Beləlilklə beynəlxalq münasibətlər sistemində dövlətlərin suverenliyi, ərazi bütövlüyü, insan hüquqları və beynəlxalq hüquqa hörmət əsas prinsiplər hesab olunmaqla beynəlxalq hüquq formalaşdı və bir çox dövlətlər qərarlarında bu standartlara sədaqət nümayiş etdirdilər. Lakin heç bir əsr keçməmiş müharibənin faciələri unuduldu, nəticədə bu standartlar adiləşdi, güclünün saymadığı, zəifin inanmadığı qanunlar toplusuna çevrildi. Günümüzdə isə beynəlxlq hüquqa nəzarət edən Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa Şurası (AŞ), Avropa İttifaqı (Aİ) və digər beynəlxalq qurumların fəaliyyətini bu prinsiplərin qorumaq üçün davam etdirsə də faktiki nəticə yox dərəcəsindədir.
Bu gün praktikada həmin prinsiplərin müxtəlif dövlətlərə münasibətdə eyni ardıcıllıqla tətbiq edilməməsi beynəlxalq siyasətdə ikili standartlar məsələsini gündəmə gətirdi. Xalqımızın yaxın tarixində isə Azərbaycanla bağlı müzakirələrdə bu məsələ xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi, ərazi bütövlüyü, insan hüquqları və beynəlxalq təşkilatların siyasi qərarları kontekstində özünü göstərir: “İkili standart dedikdə, oxşar hüquqi və siyasi vəziyyətlərdə olan dövlətlərə fərqli meyarların tətbiq edilməsi, bir ölkənin hərəkətlərinə sərt reaksiya verildiyi halda, digər ölkənin oxşar addımlarına daha yumşaq münasibət göstərilməsi nəzərdə tutulur. Məsələn, Ukraynaya qarşı hərbi əməliyyatlar fonunda Avropa İttifaqının müxtəlif strukturları siyasi, iqtisadi və hərbi dəstək göstəriblər. Lakin Azərbaycan təcavüzə məruz qalarkən Aİ-nin müvafiq addımlar atmaması və müşahidəçi mövqeyi tutması, hətta işğalçını açıq-aydın və gizli dəstəkləməsi, ikili standartlar müzakirəsini gündəmə gətirən məsələlərdəndir. Burada əsas sual yaranır: beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına cavabdeh olan qurumlar qəbul etdikləri qərarların icrası üçün niyə daha təsirli mexanizmlər tətbiq etmədilər? Nə üçün BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələri tətbiq olunmadı, tam tərsi, Azərbaycan Dövlətinin ədaləti və suveren hüquqlarını bərpa etmə mücadiləsi hər daim sadəcə əngəllərlə deyil, hətta haqsız əks hücumlarla müşaiyət olundu.
Bütün bu faktlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında ələ alındı və ikili standartlar siyasətinə qarşı səsləndirdiyi fikirlər həm ölkəmizin xarici siyasət prioritetlərinin, həm də beynəlxalq münasibətlərə dair prinsipial yanaşmasının əsası kimi bir daha dünyaya elan edildi. Cənab Prezident çıxışında bildirdi ki, beynəlxalq problemlərin həlli, müharibələrin dayandırılması və davamlı sülhün təmin olunması üçün bütün dövlətlərə münasibətdə vahid hüquqi və siyasi meyarların tətbiqi zəruridir. İkili standartlardan imtina edilməsi sadəcə beynəlxalq hüququn və beynəlxalq hüququ tənzimləyən təşkilatların nüfuzunun qorunması deyil, həmçinin dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Ölkəmizin və xalqımızın ikili standartlara qarşı sərt mövqeyini anlamaq üçün ölkəmizin yaxın tarixinə nəzər salmaq yetərlidir. Azərbaycan xalqı uzun müddət xarici hökmranlığın və siyasi asılılığın müxtəlif formaları ilə üzləşmiş, milli kimliyini, dilini, mədəniyyətini və dövlətçilik ənənələrini qorumaq uğrunda mübarizə aparmışdır. Çar Rusiyasının müstəmləkəçilik siyasəti və sonrakı sovet hakimiyyəti dövrü milli özünüdərkin, müstəqil siyasi iradənin və dövlətçilik düşüncəsinin qorunmasını xalqımız qarşısında mühüm vəzifəyə çevirmişdir.
Cənab Prezidentin ölkəmizin adından bu istiqamətdə tutduğu mövqe, beynəlxalq hüququn aliliyinin qorunması, dövlətlərin suveren bərabərliyinin təmin edilməsi və milli maraqların müdafiəsi ilə bağlıdır. Azərbaycan bundan sonra da beynəlxalq münasibətlərdə obyektivliyin, hüquqi məsuliyyətin və qarşılıqlı hörmətin vacibliyini beynəlxalq siyasi gündəmdə saxlamağı hədəfləyir. Çünki həqiqi ədalət yalnız beynəlxalq hüququn bütün dövlətlərə eyni meyarlarla tətbiq edildiyi, heç bir ölkəyə siyasi maraqlara görə fərqli münasibət göstərilmədiyi şəraitdə mümkün ola bilər.
YAP Qax rayon təşkilatının sədr müavini: İlkin Abbasov