Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
Azərbaycan xalqının çoxəsrlik tarixində elə günlər var ki, onlar yalnız təqvimə yazılmış bir tarix deyil, milli qürurun, birliyin, qəhrəmanlığın və dövlətçilik iradəsinin təntənəsinə çevrilir. 8 Noyabr – Şuşa Şəhəri Günü də məhz belə əlamətdar tarixlərdəndir. Bu gün xalqımızın yaddaşında Qarabağ Zəfərinin ən parlaq səhifələrindən biri, Azərbaycan əsgərinin misilsiz qəhrəmanlığının və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsinin təcəssümü kimi yaşayır.
Şuşanın taleyini anlamaq üçün onun necə yarandığına baxmaq lazımdır. XVIII əsrin ortalarında Pənahəli xan yüksək qayalıqların üzərində möhkəm bir yaşayış məskəni saldı. Təbiətin özü bu yeri təbii sığınacağa çevirmişdi, insan əli isə qala divarları ilə onu tamamladı. Lakin şəhərin əsl gücü daş sədlərdə deyil, burada yaşayan adamların istedadında idi. Vaqifin misraları, Natəvanın məclisləri, xanəndələrin səsi, tarzənlərin barmaqları altında canlanan muğam Şuşanı bölgənin ən şairanə guşəsinə çevirdi. Ondan Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski kimi şəxsiyyətlər çıxdı. Cıdır düzündəki at yarışları, məşhur xalça naxışları və bulaq başındakı söhbətlər şəhər həyatının gündəlik rəngləri idi.
İşğal bu rəngləri söndürdü. Evlər boşaldı, ibadət yerləri xarabalığa dönüb, muzey eksponatları yoxa çıxdı, küçələrdə yalnız sükut qaldı. Amma kənara çıxarılan insanlar öz şəhərini unutmadılar. Uşaqlara Şuşanın bulaqlarından, havasından, mahnılarından danışılırdı, belə ki, həmin nəsil şəhəri heç görmədən də onu sevirdi. Bu mənəvi bağ illər ərzində zəifləmədi, əksinə, gücləndi.
2020-ci ilin payızında bu həsrətin sonu göründü. Şuşa uğrunda gedən döyüşlər hərbi baxımdan ən çətin əməliyyatlardan biri idi, çünki əsgərlər sıldırım yamaclarla, dar cığırlarla yuxarı qalxmalı, qayaların arxasında mövqe tutmuş düşmənlə üz-üzə gəlməli idilər. Buna baxmayaraq, hücum sürətlə və qətiyyətlə həyata keçirildi. Şəhərin alınması məsələnin hərbi həllinin mümkünlüyünü göstərdi və illərlə davam edən danışıqlar prosesinin nəticəsizliyinə son qoydu. Dövlət başçısı həmin gün çıxışında bu həqiqəti açıq şəkildə dilə gətirdi, Şuşanın geri qayıtmasını Heydər Əliyevin vəsiyyətinin yerinə yetirilməsi kimi qiymətləndirdi. Bu sözlər xalqın içindəki duyğunu dəqiq ifadə edirdi: şəhər təkcə torpaq parçası deyildi, nəsillər arasında verilmiş əmanət idi.
Şuşanın azad olunmasından sonra şəhərin yeni inkişaf mərhələsi başladı. Prezident İlham Əliyevin rəhbərliyi ilə burada genişmiqyaslı bərpa və quruculuq işlərinə start verildi. Tarixi abidələrin, məscidlərin, mədəniyyət ocaqlarının, yolların və infrastrukturun bərpası istiqamətində mühüm layihələr həyata keçirildi. 2021-ci il mayın 7-də imzalanmış Prezident sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Bu qərar şəhərin tarixi-mədəni əhəmiyyətinin dövlət səviyyəsində bir daha təsdiqi olmaqla yanaşı, onun əvvəlki şöhrətinə qovuşması istiqamətində yeni mərhələnin başlanğıcı oldu.
Bu gün Şuşada keçirilən beynəlxalq tədbirlər, musiqi festivalları, mədəniyyət görüşləri və müxtəlif dövlət əhəmiyyətli tədbirlər şəhərin həyatına yeni nəfəs verir. “Xarıbülbül” Musiqi Festivalının yenidən doğma torpaqda keçirilməsi, Vaqif Poeziya Günlərinin bərpası Şuşanın öz tarixi missiyasına qayıdışının parlaq göstəriciləridir. Şuşa artıq yalnız keçmişin xatirələri ilə yaşayan şəhər deyil, müasir Azərbaycanın inkişafını, mədəni potensialını və beynəlxalq nüfuzunu nümayiş etdirən mühüm mərkəzdir.
Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı Sərəncam əsasında Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsindən, həmin il “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Qanunun qəbulundan, 2022-ci ilin ölkəmizdə “Şuşa ili” elan edilməsindən geniş bəhs edib. Onu da vurğulayıb ki, 2022-ci ildə Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, 2023-cü ilin sentyabrında Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildi. 2023-cü ilin oktyabrında isə İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Şuşa şəhəri 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan olundu.
Şuşanın gələcəyi Böyük Qayıdış strategiyası ilə də sıx bağlıdır. 23 oktyabr 2026-cı il tarixinə Şuşa şəhərində377 ailə olmaqla, 1.411 nəfər, Böyük Qaladərəsi kəndində 17 ailə olmaqla, 78 nəfər, Kiçik Qaladərəsi kəndində 26 ailə olmaqla, 90 nəfər – cəmi 420 ailə, 1579 nəfər məskunlaşıb.Doğma yurdlarına qayıdan insanların şəhərin həyatında yenidən iştirak etməsi, burada sosial və iqtisadi imkanların genişlənməsi, tarixi məkanların qorunması və yeni infrastrukturun yaradılması Şuşanın davamlı inkişafına xidmət edir. Şəhərin əvvəlki mədəni mühitinin bərpası, onun dünya miqyasında tanıdılması və gələcək nəsillərə bütöv şəkildə çatdırılması hər birimizin mənəvi borcudur.
Şuşa bu gün keçmişlə gələcəyin qovuşduğu müqəddəs məkandır. Onun tarixi bizə milli kimliyimizi, mədəniyyətimizi və köklərimizi xatırladır, qəhrəmanlıq salnaməsi isə Vətən sevgisinin, birliyin və qətiyyətin hansı böyük nəticələrə gətirib çıxara biləcəyini göstərir. Bu şəhər sübut etdi ki, xalq öz tarixinə, torpağına və milli dəyərlərinə bağlı olduğu müddətdə heç bir çətinlik onun iradəsini qıra bilməz.
Keçmişdə mədəniyyətimizin beşiyi, işğal illərində həsrətimizin ünvanı, 2020-ci ildə qəhrəmanlıq salnaməmizin zirvəsi olan Şuşa bu gün qalib Azərbaycanın qürur mənbəyidir. Onun hər daşı tarix danışır, hər küçəsi bir xatirə yaşadır, hər yüksəklikdə dalğalanan bayrağımız isə müstəqilliyimizin və Zəfərimizin əbədiliyini nümayiş etdirir.
Şuşa bizim üçün sadəcə bir şəhər deyil. Şuşa milli yaddaşımız, mənəvi sərvətimiz, mədəniyyətimizin canlı tarixi və qəhrəman xalqımızın yenilməzliyinin rəmzidir. Şuşa varsa, Azərbaycan tarixinin qürur səhifələri yaşayır. Şuşa azaddır və əbədi olaraq Azərbaycanındır!
Rəşad Tağızadə,
Salyan rayon Ərəbqardaşbəyli kənd tam orta ümumtəhsil məktəbinin direktoru, Vətən müharibəsi iştirakçısı