Ana dilimiz – Müstəqil dövlətçiliyimizin toxunulmaz qalası
Dil təkcə ünsiyyət vasitəsi deyil. O, xalqın tarixi yaddaşı, milli kimliyi, dünyagörüşü və mədəni irsinin daşıyıcısıdır. Bir millətin keçmişi, bu günü və gələcəyi onun dilində yaşayır. Məhz buna görə də ana dilinin qorunması və inkişafı hər zaman dövlət siyasətinin mühüm istiqamətlərindən biri hesab olunur.
Azərbaycanın müasir inkişaf tarixində ana dilinin dövlət dili kimi möhkəmləndirilməsi və onun hərtərəfli inkişafının təmin edilməsi asan şəraitdə baş verməmişdir. Müxtəlif dövrlərdə mövcud olmuş siyasi və ideoloji maneələrə baxmayaraq, milli dil uğrunda aparılan mübarizə xalqın milli özünüdərk prosesinin ayrılmaz hissəsinə çevrilmişdir. Bu tarixi mərhələdə Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və qətiyyətli mövqeyi ana dilinin qorunması, inkişafı və dövlətçilik atributu kimi möhkəmləndirilməsi baxımından müstəsna rol oynamışdır.
Xalqımızın ümummilli lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoydu. Ulu öndər Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində yeritdiyi fəal və ardıcıl dil siyasəti Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi.
Müstəqillik əldə edildikdən sonra ana dilinin inkişafı və hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində yeni bir mərhələ başlandı. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ilə ana dilimizin adı – “Azərbaycan dili” olaraq təsdiqləndi. Konstitusiyanın 21-ci maddəsində bu ifadənin yer alması, milli iradənin və ümumxalq dəstəyinin təzahürü idi. Heydər Əliyevin rəhbərliyi ilə aparılan bu təşəbbüs, Azərbaycanın milli ideoloji xəttində dil məsələsinin prioritet olduğunu bir daha təsdiqlədi.
Ümummilli liderimizin imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli fərman, "Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında" 4 iyul 2001-ci il tarixli sərəncam, "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 9 avqust 2001-ci il tarixli sərəncam və nəhayət, 2003-cü il yanvarın 2-də qüvvəyə minmiş "Azərbaycan Respublikasının dövlət dili haqqında" qanun ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasını, onun uzunmüddətli strategiyasını və aydın proqramını verən tarixi qanunvericilik aktlarıdır. Bu sənədlərin hazırlanmasında böyük tarixi şəxsiyyət Heydər Əliyevin yüksək intellekti, zəngin dövlətçilik təcrübəsi, yenilməz məntiqi, vətəndaşlıq qeyrəti, ana dilinə misilsiz məhəbbəti mühüm rol oynayıb.
Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi yolunda böyük Azərbaycanlı Heydər Əliyevin başladığı müqəddəs milli mücadilənin tarixi bir qərinədən çox davam etmişdir. Milli tariximizə Heydər Əliyev epoxası kimi daxil olmuş 1969-2003-cü illərdə Azərbaycan dilinin hərtərəfli inkişafı yalnız rəsmi sənədlərdə deyil, sözün həqiqi mənasında, gündəlik həyatda, təcrübədə ümumişlək dilə, dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapması, beynəlxalq aləmin çox mötəbər məclislərinin kürsülərindən eşidilməsi ulu öndərimizin ana dilimizin inkişafına, onun sosial-siyasi və mədəni həyatda layiqli yer tutmasına göstərdiyi qayğı və diqqətin, son dərəcə dəqiq, düşünülmüş və uzaqgörən dil siyasətinin nəticəsində mümkün olmuşdur
Bu gün Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət dil siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı çoxsaylı fərman və sərəncamlar Azərbaycan dilinin müasir dövrün tələblərinə uyğun inkişafını təmin etmişdir.
2004-cü ildə latın qrafikalı nəşrlərin kütləvi şəkildə çapına başlanılması, "Azərbaycan Milli Ensiklopediyası"nın nəşri, dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə tərcüməsinin genişləndirilməsi, 2013-cü ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiqi, 2018-ci ildə elektron məkanda Azərbaycan dilinin tətbiqinin genişləndirilməsi və dövlət dilinin saflığının qorunmasına dair mühüm fərmanların qəbul edilməsi bu siyasətin ardıcıl xarakter daşıdığını göstərir.
Azərbaycan dilinin orfoqrafiya normalarının təkmilləşdirilməsi, terminologiyanın zənginləşdirilməsi, elektron resursların yaradılması və rəqəmsal mühitdə ana dilimizin mövqeyinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər də dövlətin bu sahəyə verdiyi önəmin göstəricisidir.
Prezident İlham Əliyev dilimizin saflığının qorunmasını milli təhlükəsizlik və milli kimlik məsələsi kimi qiymətləndirərək vurğulamışdır: "Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır." Dövlət başçısının digər bir fikri isə bu istiqamətdə görülən işlərin əsas ideyasını ifadə edir: "Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur."
Ana dilinin inkişafı yalnız dövlətin deyil, bütövlükdə cəmiyyətin məsuliyyətidir. Təhsil müəssisələri, elmi təşkilatlar, media, mədəniyyət ocaqları, ailə institutu və hər bir vətəndaş Azərbaycan dilinin qorunmasına öz töhfəsini verməlidir. Çünki dil yalnız ünsiyyət vasitəsi deyil, xalqın tarixi yaddaşı, milli kimliyi və mənəvi dünyasının daşıyıcısıdır.
Ulu Öndər Heydər Əliyevin "Xalqı xalq edən, milləti millət edən onun ana dilidir" fikri bu gün də öz dərin məzmununu qoruyur. Azərbaycan dili dövlət müstəqilliyimizin, milli birliyimizin və mənəvi bütövlüyümüzün əsas sütunlarından biridir. Bu dili qorumaq, zənginləşdirmək və gələcək nəsillərə saf şəkildə ötürmək hər bir azərbaycanlının müqəddəs vətəndaşlıq borcudur. Çünki Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, xalqımızın tarixi yaddaşı, milli qüruru və müstəqil dövlətçiliyimizin əbədi rəmzidir.
Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü bizə bir daha xatırladır ki, ana dilimiz təkcə tarixi sərvət deyil, daim inkişaf etdirilməli olan canlı mənəvi dəyərdir. Azərbaycan dilinin gələcəyi ona göstərdiyimiz gündəlik münasibətdən, elmi araşdırmalarımızdan, təhsilimizin keyfiyyətindən və rəqəmsal dünyada onun üçün yaratdığımız imkanlardan asılıdır. Ana dilimizi qorumaq milli yaddaşımızı, düşüncə tərzimizi və gələcək nəsillərin azərbaycançılıq ruhuna bağlılığını qorumaq deməkdir.
Nəbi İbrahimov,
Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin sədri