Günay Ağamalı Azərbaycan Polisini Təbrik Etdi: "Polis Əməkdaşları Gecə-Gündüz Yorulmadan Xidmət Edən Qəhrəmanlardır"
Bu gün qəhraman Azərbaycan polisinin yaranmasından 108 il ötür. Azərbaycan polisi dövlətçiliyimizin dayaqlarından biri və xalqımızın təhlükəsizliyinin təminatçısıdır.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulan polis orqanları bu gün peşəkar bir qrum olaraq ölkəmizin tərəqqisində mühüm rol oynayır.
108 il ərzində bir çox çətin və bir o qədər məsuliyyətli mərhələlərdən keçən Azərbaycan polisi ölkəmizin müstəqilliyi, sabitliyi və vətəndaşların hüquqlarının qorunması naminə əzm və fədakarlıqla xidmət göstərmişdir. 1990-cı illərin əvvəllərində Qarabağda erməni təcavüzünü dəf edərkən hər kəs polis əməkdaşlarının qəhrəmanlıqlarını yaxşı xatırlayır.
Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasından sonra polisin fəaliyyətinin təkmilləşdirilməsi, onu maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də əsaslı addımlar atıldı.
Azərbaycan polisi 44 günlük Vətən Müharibəsi və ondan sonrakı dövrdə də öz peşəkarlığını nümayiş etdirmişdir. Müharibə zamanı arxa cəbhədə nizam-intizamı təmin edən Azərbaycan polisi xalqın təhlükəsizliyi naminə əsl fədakarlıq nümunəsi göstərmişdir.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun davamı olaraq cənab Prezident Ilham Aliyevin rəhbərliyi ilə hüquq-mühafizə sistemində aparılan islahatlar, ən son avadanlıqlarla maddi-texniki bazanın gücləndirilməsi polis əməkdaşlarının peşəkarlığının artırılması istiqamətində yeni keyfiyyət mərhələsinə keçidi təmin etmişdir.
Polis əməkdaşları gecə-gündüz demədən istənilən hava şəraitində yorulmadan xalqa və dövlətə xidmət göstərən qəhrəmanlardır. Bu əlamətdar gün münasibətilə təhlükəsizliyimiz naminə böyük fədakarlıq göstərən bütün polis əməkdaşlarını təbrik edir, hər birinə can sağlığı, uğurlar diləyirəm.
Günay Ağamalı
Milli Məclisin deputatı,
“Ana Vətən” Partiyasının sədri
02 iyul 2026-cı il
