Deputat: Vəkilləri peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda vəkillərin peşə bayramıdır.
Cənab Prezident İlham Əliyevin 2019-cu il dekabrın 25-də imzaladığı Sərəncama əsasən Vəkil Gününün təsis edilməsi Azərbaycanda hüquqi dövlət quruculuğuna, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə verilən yüksək dəyərin bariz ifadəsidir. Dövlət başçısının həyata keçirdiyi ardıcıl hüquq islahatları nəticəsində vəkillik institutu ölkəmizdə yeni inkişaf mərhələsinə qədəm qoyub, vəkillərin cəmiyyətdə rolu və nüfuzu daha da artıb.
Vəkillər hüququn aliliyinin təmin olunmasında, ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində, vətəndaşların hüquq və qanuni mənafelərinin müdafiəsində mühüm və əvəzsiz missiya daşıyırlar. Bu şərəfli peşə yüksək peşəkarlıqla yanaşı, prinsipial mövqe, vicdan, məsuliyyət və ədalətə sadiqlik tələb edir.
Bu əlamətdar gün münasibətilə Azərbaycan Vəkillər Kollegiyasının rəhbərliyi başda olmaqla, bütün vəkilləri ürəkdən təbrik edir, çətin və məsuliyyətli fəaliyyətlərində onlara uğurlar arzulayır, hər birinə möhkəm cansağlığı, peşəkar nailiyyətlər və şəxsi həyatlarında xoşbəxtlik diləyirəm.
Peşə bayramınız mübarək olsun!
Milli məclisin deputatı Səbinə Salmanova