IV Milli və II Beynəlxalq Pediatriya Konqresi keçirilib
TƏBİB-in dəstəyi ilə Azərbaycan Pediatriya Cəmiyyətinin IV Milli və II Beynəlxalq Pediatriya Konqresi baş tutub.
Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Əli Quliyev açılış nitqi ilə çıxış edərək cəmiyyətin son bir ildəki fəaliyyəti və görülən işlər haqqında məlumat verib. O həmçinin bu elmi platformanın artıq ənənəyə çevrildiyini, hər il yüzlərlə yerli və xarici mütəxəssisi bir araya gətirərək pediatriya elminin inkişafına töhfə verdiyini vurğulayıb.
Konqresdə iştirak edən TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov bildirib ki, uşaq sağlamlığı sahəsində atılan hər addım gələcəyin sağlam cəmiyyətinin qurulmasına yönəlib:
“Son illər ölkəmizdə icbari tibbi sığortanın tətbiqi, xəstəxanaların idarəedilməsində yeni standartların formalaşdırılması və klinik protokolların vahid yanaşma ilə yenilənməsi nəticəsində pediatriya xidmətlərinin keyfiyyətində nəzərəçarpan dəyişikliklər baş verib”.
Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev deyib ki, Ümummilli Lider Heydər Əliyevin digər istiqamətlərdə olduğu kimi, vaxtında səhiyyə sahəsində də formalaşdırdığı möhkəm təməl, dövlət siyasəti və onun bəhrələrinin bu gün - Ulu Öndərin anım günündə bu cür səmimi duyğular, dərin hörmətlə xatırlanması bir daha bu görkəmli şəxsiyyətin tarix və xalq qarşısında xidmətlərini nümayiş etdirir.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov uşaqların sağlam böyüməsinin yalnız tibbi məsələ deyil, cəmiyyətin inkişafı, ölkəmizin gələcəyi və dövlətin strateji prioriteti olduğunu deyib.
Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramiq Quliyev konqresdə müzakirə olunacaq elmi nəticə, təqdimat və təkliflərin gələcəkdə qəbul olunacaq qərarların daha dəqiq və effektiv olmasına yardım edəcəyini deyib.
Daha sonra konqres çərçivəsində ölkə pediatriyasının inkişafına göstərdikləri dəstəyə görə bir sıra şəxslərə fəxri plaketlər təqdim olunub.