Bu il də Azərbaycan idmanı üçün uğurlu il olub.
2025-ci ilin son günlərində - dekabrın 26-da keçirilən 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmançılarla görüşüb. Ənənəvi hal alan bu görüş ölkəmizdə idmana olan diqqət və qayğını bir daha sübut edir.
Başa çatmasına sayılı günlər qalan 2025-ci il Azərbaycan idmanında böyük uğurlarla yadda qaldı. Bu il ölkəmizdə keçirilən genişmiqyaslı tədbirlər, bir çox idman növləri üzrə çempionatlar, Qran-pri yarışları, III MDB Oyunları yüksək səviyyədə təşkil olundu. Bölgələrdə keçirilən beynəlxalq turnirlərin yüksək səviyyədə təşkili göstərdi ki, Azərbaycan nüfuzlu yarışları yalnız paytaxt Bakıda deyil, idman infrastrukturu olan regionlarda da qəbul etməyə tam hazırdır. Ölkəmiz son onilliklərdə I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 kimi bir çox mötəbər beynəlxalq idman tədbirlərinə, dünya çempionatlarına ev sahibliyi edib. Bütün bunlar Azərbaycanda idmana kütləvi marağı artırmaqla yanaşı, digər sahələrdə də irəliləyişlərə kömək edir, turizmin və mədəniyyətin inkişafına, iqtisadi əlaqələrin genişlənməsinə fayda verir.
Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edərkən bildirdi ki, hər il olduğu kimi, bu il də Azərbaycan idmanı üçün uğurlu il olub. Ölkə Prezidenti vurğulayıb ki, bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Qazanılmış uğurları təhlil edərkən Prezident İlham Əliyev idmançılarımızın ölkəmizi ləyaqətlə təmsil etdiklərini diqqətə çatdırıb: “Bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb. Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir. Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu, yəqin ki, təbiidir. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti, əlbəttə ki, ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır.
Formula 1 yarışlarının ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq tanıtımında mühüm rol oynayır. Birinci Formula 1 yarışından sonra ölkəmizə gələn xarici turistlərin sayında 20 faiz artım qeydə alınmışdır. Bu artım COVID-19 pandemiyasına qədər davamlı xarakter daşımışdır.Pandemiyadan sonra isə turizm axını tədricən bərpa olunmaqdadır. Ənənəvi olaraq Formula 1 yarışı bu il də yüksək səviyyədə təşkil edilmişdir. Yarış Azərbaycanı dünya ictimaiyyətinə təqdim edən mühüm platforma olmuşdur.Gələn il ölkəmizə daha çox xarici turistin gələcəyi gözlənilir. Xüsusilə beynəlxalq idman yarışlarını izləmək üçün gələn qonaqların sayı artacaq. Bu il keçirilən Formula 1 yarışının əsas özəlliyi bütün biletlərin əvvəlcədən satılması olmuşdur.
Yarışa olan böyük maraq əlavə tribunaların quraşdırılmasını zəruri etmişdir.Şəhər yarışı formatı tribuna quruluşu baxımından çətinliklər yaratsa da, bu problem uğurla həll edilmişdir. Nəticədə 20 minə yaxın tamaşaçı yarışı canlı izləmək imkanı əldə etmişdir.Formula 1 yarışının qlobal auditoriyası təxminən yarım milyard insana çatır. Bu isə Bakının və Azərbaycanın milyonlarla insana tanıdılması deməkdir. Yarış zamanı tamaşaçılar həm idmanı, həmdə şəhərimizin gözəlliklərini izləyirlər. Bu amil ölkəmizin turizm potensialının təbliğinə güclü təsir göstərir.Son dövrlərdə bir sıra aparıcı ölkələrin şəhərləri Formula 1 yarışına ev sahibliyi etmək üçün müraciətlər edib. Xüsusilə Bakı şəhər yarışı modeli böyük maraq doğurur. Çünki Bakı nümunəsi şəhər yarışlarının nə qədər fərqli və cəlbedici olduğunu sübut edib.Belə beynəlxalq idman tədbirləri Azərbaycanın imicini əhəmiyyətli dərəcədə yüksəldir.
Son illər ölkəmizdə yüzlərlə yerli və beynəlxalq idman yarışı uğurla təşkil olunmuşdur.Bu tendensiyanın gələn illərdə də davam edəcəyi gözlənilir. Xüsusilə qış idman növləri üzrə əldə olunan nailiyyətlər diqqəti cəlb edir. İlk dəfə olaraq Azərbaycanda Xizək üzrə Dünya Kubokunun keçirilməsi mühüm tarixi hadisədir. Bu mötəbər yarış Qusar rayonunda, Şahdağ Xizək Turizm Mərkəzində təşkil olunacaq. Yarışın birbaşa Dünya Kuboku səviyyəsində keçirilməsi Şahdağın beynəlxalq idman xəritəsinə daxil olmasını təmin edir. Dünya Kuboku təqviminə daxil olan ölkələrin sayı məhdud olduğundan Azərbaycanın bu siyahıda yer alması böyük uğurdur. Bu hadisə ölkəmizin qış idmanı sahəsində artan nüfuzunun göstəricisidir. Şahdağ Xizək Turizm Mərkəzində infrastrukturun inkişafı hər il sistemli şəkildə həyata keçirilir.
Hər il yeni xizək trasları və zolaqları istifadəyə verilir. Yaxın bir-iki il ərzində trasların ümumi uzunluğunun 50 kilometri ötəcəyi gözlənilir. Gələcək mərhələdə daha geniş inkişaf planlarının reallaşdırılması da nəzərdə tutulur. Hazırda Şahdağ regionun ən inkişaf etmiş xizək mərkəzlərindən biri hesab olunur. Mərkəzdə mövcud olan hotellər və xidmət infrastrukturu turizmin sürətli inkişafına şərait yaradır. Özəl sektorun bu əraziyə artan marağı minlərlə yeni iş yerinin yaradılmasına səbəb olub.
Azərbaycanın mötəbər beynəlxalq idman yarışlarına və irimiqyaslı tədbirlərə ev sahibliyi etməsi, eləcə də beynəlxalq yarışlarda idmançılarımızın iştirakı, əldə etdikləri uğurlar Azərbaycanın dünya idmanında yerinin aydın mənzərəsini təqdim edir. Azərbaycanın təkmil inkişaf modeli hər bir sahədə davamlı uğurlara imza atmasını şərtləndirir. Bu gün ölkəmizə hansı sahədən baxsaq inkişaf və tərəqqinin, zəngin təcrübənin, davamlı uğurların şahidi olarıq. İdman uğurlarımız da bunun təsdiqidir.
Rəşad Aydınov,
Salyan rayonu Kürsengi kənd tam orta ümumtəhsil məktəbinin Fiziki tərbiyə müəllimi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında Milli dərəcəli Baş hakim