AZAL-a məxsus sərnişin təyyarəsinin vurulmasından sonra Rusiya üzərinə düşən öhdəlikləri icra etməkdən yayınır"
“AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiyanın səmasında vurulması, əlbəttə ki, hər birimizi kədərləndirir və bu, Rusiyanın Azərbaycana qarşı apardığı təxribat siyasəti kimi qiymətləndirilməlidir. Əgər bu qəza təsadüfi olsaydı, bu qədər əks səda yaratmaz, günahkarlar haqqında vaxtında tədbir görülər və müəyyən kompensasiya ödənilərdi. Ancaq çox təəssüflər olsun ki, bir il müddət keçməsinə baxmayaraq, Rusiya tərəfindən bu məsələyə ciddi münasibət bildirilmədi. Bir xeyli müddət keçəndən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin görüşərkən Rusiya rəhbəri təəssüfləndiyini bildirdi, peşmanlıq hissi keçirdiklərini ifadə etdi və qeyd etdi ki, mütləq tez bir zamanda bu cinayətdə əli olanlar cəzalandırılacaq və zərərçəkənlərə kompensasiya ödəniləcək. Vladimir Putinin dedikləri ancaq söz oldu. Son bir ildə Rusiya üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırdı. Bu davranış Rusiya ilə Azərbaycanın münasibətlərinə ciddi soyuqluq gətirib”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Tahir Rzayev danışıb: “Azərbaycan prezidenti bu məsələyə münasibətini dəfələrlə bildirib və qeyd edib ki, Azərbaycan vətəndaşının mənafeyini və hüquqların qorumaq onun birinci dərəcəli vəzifəsidir, AZAL-ın təyyarəsinin qəzaya uğramasının səbəbləri dəqiq araşdırılmalı və bu qəzada əli olanların hər biri layiqlli cəzasını almalıdır”.
Tahir Rzayev
Tahir Rzayev vurğulayıb ki, ölkəmizin rəhbəri Rusiyaya olan bir çox səfərlərdən imtina edib və bəzi görüşlərə qoşulmayıb: “Bu, bizim haqqımızdır beynəlxalq normalara uyğundur. Bu qərar dövlət rəhbərinin öz xalqının təhlükəsizliyinə və onun mənafeyinə sədaqətinin ifadəsidir. Əgər hadisələrə lazımi qiymət verilməsə, sözsüz ki, bundan sonra münasibətlərdə ciddi soyuqluq yarana bilər. Rusiya tərəfi bunu qiymətləndirməli və tez bir zamanda lazım olan tədbirlər görülməlidir. Əks təqdirdə, Azərbaycanla münasibətlərdə ciddi uyğunsuzluqlar yarana bilər. Bu da Rusiya üçün heç də faydalı deyil. Azərbaycan həmişə Rusiya Federasiyası ilə sağlam münasibətlərə önəm verib və bir müstəqil dövlət kimi daim haqqın, ədalətin mövqeyindən və münasibətləri yaxşılaşdırmaqdan ötrü addımlar atıb. Ancaq Rusiyanın bugünkü mövqeyi Azərbaycana sayğısızlıq göstərməsi və hadisələrə layiqli qiymət verməməsi, sözsüz ki, qəbuledilməzdir”.
Tahir Rzayev qeyd edib ki, yaranmış vəziyyət tez bir zamanda Rusiya tərəfindən aradan qaldırılmalıdır.